NAXÇIVAN :

27 Sentyabr 2026, Bazar

6 il əvvəl, saat 06:00 radələri…

...

27 sentyabr 2020-ci il tarixində başlayan Zəfər yürüşü Azərbaycanın taleyində yeni bir səhifə açdı. Elə bir səhifə ki, hər sübh çağı bizə o günləri yenidən xatırladır. Gah sevincin, gah kədərin içindən keçərək 44 günün sərin nəsimini gətirir yaddaşımıza.
Bəs həmin nəsim Cıdır düzündə əvvəl toxuna bilmədiyimiz xarıbülbüldən xəbər verdimi sizlərə də? Bihuşedici kəklikotunun ətrinə qarışdımı nəfəsiniz? Aldınızmı o torpağın qoxusunu, hiss etdinizmi Şuşanın havasını?
Keçən bu 6 ildə mən aldım. Mən gördüm. Bir vaxtlar həsrətində olduğumuz torpaqlarda üçrəngli, ay-ulduzlu bayrağımızın dalğalandığını gördüm. Bağların, bostanların yenidən cücərdiyi, həyatın öz axarına qayıtdığı Qarabağı gördüm. Biz bu gün Qələbənin sevincini yaşayırıq. Ancaq bu sevincin içində şəhid övladlarının gözlərində atalarını, həyat yoldaşlarının xatirələrində yarımçıq qalan ömürləri, bir gündə saçları ağaran anaların baxışlarında sonsuz həsrəti necə görməyəsən? “Vətən uğrunda şəhid olub, bundan böyük nə ola bilər?” deyən ataların sözlərində qürur da vardı, ağrı da, övlad itkisinə sığmayan böyük bir susqunluq da…
O günlərdə Vətən çağıranda minlərlə oğul döyüşə yollandı. Onların hər biri öz taleyindən, arzularından, sevdiklərindən, bəzən isə həyatından keçərək Vətənin qarşısında dayandı. Hüququndan keçən əsgərin hər biri qəhrəmana çevrildi. Bəziləri geri qayıtdı, bəziləri isə öz adını Vətənin tarixində əbədiləşdirərək bu torpağın qoynunda qaldı.
Ona görə onları yalnız Anım Günündə deyil, sahib olduğumuz hər rahat səhərdə, eşitdiyimiz hər uşaq gülüşündə, yaşadığımız hər sakit gündə xatırlamalıyıq.
Çünki onlar öz həyatlarını Vətənin gələcəyinə çevirdilər. Bizə isə həmin gələcəyin qədrini bilmək, onların adını yaşatmaq və əmanət etdikləri yaddaşı qorumaq qalır.

                             Səmayə RƏSULOVA

Nəşr edilib : 27.09.2026 17:28