Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qayd...
11:34 05.09.2026
0
0
0
NAXÇIVAN :
05 Sentyabr 2026, Şənbə
Məktəb illərindən xeyriyyəçilik dedikdə ilk ağlıma gələn ad Hacı Zeynalabdin Tağıyev olardı. Anam onun haqqında danışanda gördüyü, eşitdiyi böyük xeyirxahlıqları bir-bir sadalayardı. O vaxtlar Tağıyevi, sadəcə, milyonçu və xeyriyyəçi kimi tanıyırdım. Sonralar onun adının arxasında, sadəcə, böyük bir sərvətin deyil, bütöv bir xalqın gələcəyinə yönəlmiş böyük bir düşüncənin dayandığını anladım. Çünki Tağıyev qazandığı sərvəti şəxsi zənginliyə deyil, xalqının gələcəyinə yönəltdi; onu məktəblərə, kitablara, tələbələrə, insanlara və maarifə çevirdi. Bəlkə də, elə buna görə 5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günündə Azərbaycanın xeyriyyəçilik ənənələrindən danışarkən ilk xatırlanan simalardan biri Hacı Zeynalabdin Tağıyev olur.
XIX əsrdə Bakıda sadə bir ailədə dünyaya göz açan Tağıyevin uşaqlığı heç də zənginlik içində keçməyib. Gənc yaşlarından əmək fəaliyyəti ilə məşğul olan, tikinti sahəsində çalışan Tağıyev sonralar ticarət və sənaye sahələrinə yönəlir. Böyük zəhmət və təşəbbüskarlıq sayəsində sərvət sahibi olur. Neft sənayesinə yatırdığı sərmayələr isə onun həyatında yeni mərhələnin başlanğıcını qoyur. 1878-ci ildə neft quyularından birinin fontan vurması ilə Tağıyevin neft biznesi sürətlə inkişaf etməyə başlayır və qısa müddətdə o, Bakının ən tanınmış sahibkarlarından birinə çevrilir. Lakin onun həyat hekayəsini maraqlı edən yalnız necə milyonçu olması deyil. Əsas məsələ milyonçu olduqdan sonra sərvətinə münasibəti idi. Tağıyev böyük sərvət sahibi kimi deyil, daha çox maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalır. Elə buna görə də hələ sağlığında xalq arasında “el atası” adını qazanır. Tağıyev yaxşı anlayırdı ki, cəmiyyətin inkişafı yalnız iqtisadi imkanlarla deyil, savadlı və dünyagörüşlü nəsillə mümkündür. Buna görə də onun xeyriyyəçilik fəaliyyətinin mühüm istiqamətlərindən birini təhsil təşkil edir. Azərbaycanda və ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı gənclərin təhsil almasına maddi yardım göstərir, məktəblərin yaradılmasına və maarifçiliyin yayılmasına dəstək verirdi.
Bu düşüncənin ən böyük ifadələrindən biri isə 1901-ci ildə Bakıda müsəlman Şərqində qızların təhsil alması üçün açılan ilk məktəb olur. Qızların məktəbə göndərilməsinə cəmiyyətdə müxtəlif münasibətlərin olduğu bir vaxtda belə bir təhsil ocağının yaradılması böyük cəsarət tələb edirdi. Tağıyev bu məsələdə yalnız maddi imkanlarından deyil, iradəsindən və uzaqgörənliyindən də istifadə edir. O dövrdə məktəbin yaradılmasına etiraz edənlərə qarşı söylədiyi fikirlər də onun məqsədini aydın göstərir:
“Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as!..”
Bu məktəbin əhəmiyyətini yalnız bir təhsil müəssisəsinin fəaliyyəti ilə ölçmək doğru olmaz. Çünki burada təhsil alan hər bir qız gələcəkdə qazandığı bilikləri bir ailəyə, bir nəslə, dolayısı ilə bütöv bir cəmiyyətə ötürə bilər. Tağıyevin məşhur fikrində olduğu kimi, bir oğlana təhsil verməklə savadlı bir insan, bir qıza təhsil verməklə isə savadlı bir ailə qazanmaq mümkündür. Onun təhsil sahəsindəki xidmətləri yalnız Bakı ilə də məhdudlaşmır. Naxçıvan, Gəncə, Şamaxı və digər bölgələrdə məktəblərin yaradılmasına və maarif işlərinin inkişafına dəstək göstərir. O, elmin və mədəniyyətin inkişafını da milli tərəqqinin əsas şərtlərindən biri hesab edirdi. Mətbuatı xalqın mənəvi-maarif və iqtisadi yüksəlişinin güclü vasitələrindən biri kimi görən Tağıyev “Kaspi” qəzetinin nəşrinə, “Həyat” qəzetinin və “Füyuzat” jurnalının fəaliyyətinə maliyyə dəstəyi göstərir. Bakının içməli su probleminin həlli istiqamətində görülən işlərdə, şəhərin sosial həyatının inkişafında, mədəniyyət və incəsənət ocaqlarının yaradılmasında da onun mühüm xidmətləri çoxdur. Azərbaycanda teatr sənətinin inkişafına verdiyi töhfələr də Tağıyevin fəaliyyətinin mühüm səhifələrindəndir.
Əslində, Tağıyevin xeyriyyəçilik anlayışının fərqi də burada idi. O yalnız ehtiyacı olan insana yardım etməklə kifayətlənmirdi. İnsanların sabahını dəyişdirə biləcək və gələcək nəsillərə xidmət edəcək işlər görməyə çalışırdı.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Tağıyevin mülkləri və müəssisələri müsadirə edilir. Bir vaxtlar böyük sərvət sahibi olan insan ömrünün son illərini əvvəlki imkanlarından uzaqda keçirir. 1924-cü ildə vəfat edən Tağıyev isə arxasında maddi sərvətdən daha qiymətli bir miras qoydu. Bu gün xeyriyyəçilik dedikdə gözümüzün önünə yalnız böyük məbləğlər, böyük layihələr gəlməməlidir. Bəzən bir uşağın kitab almasına kömək etmək, bir gəncin təhsilinə dəstək olmaq, ehtiyacı olan bir insana əl uzatmaq, cəmiyyət üçün faydalı bir təşəbbüsə töhfə vermək də xeyirxahlığın ifadəsidir. Əsas məsələ verilənin böyüklüyü deyil, onun hansı niyyətlə verilməsidir.
Səmayə RƏSULOVA
Digər xəbərlər