NAXÇIVAN :

15 Iyul 2025, Çərşənbə axşamı

Regional əməkdaşlıq layihələri fonunda nəqliyyat-logistika sahəsinin inkişafı

img

Müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin əsas tərkib hissələrindən olan birgə əməkdaşlıq layihələri və bu sahədə qazanılmış uğurlar beynəlxalq arenada ölkəmizin nüfuzunu xeyli yüksəldib. “XXI əsrin layihəsi” adlandırılan, olduqca mühüm strateji əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi” layihəsinin əsas aparıcı qüvvəsi kimi Azərbaycanın tutmuş olduğu mövqe bu istiqamətdə həyata keçirilən xarici siyasətin təcəssümüdür. Bununla yanaşı, son illərdə Cənubi Qafqaz və Orta Asiya regionlarında baş verən geosiyasi dəyişikliklər, enerji və ticarət marşrutlarının yenidən formalaşması fonunda Azərbaycan artıq təkcə enerji ixracatçısı kimi deyil, həm də strateji nəqliyyat-logistika qovşağı kimi ön plana çıxmağa başlamışdır. Ölkəmiz regional əməkdaşlıq layihələrində fəal iştirak etməklə nəinki öz iqtisadi mövqeyini gücləndirmiş, eyni zamanda Avropa və Asiya arasında körpü rolunu oynayan vacib ölkələrdən birinə çevrilmişdir.

Bu baxımdan diqqətçəkən ilk layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. 2017-ci ildə istismara verilmiş bu xətt Çindən Avropaya alternativ ticarət marşrutu yaradaraq Azərbaycanın beynəlxalq tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bakı-Tbilisi-Qars marşrutu yükdaşımalarının həm vaxt, həm də xərc baxımından daha səmərəli təşkilinə imkan verir. Rəsmi məlumatlara görə, 2024-cü ilin əvvəlinə qədər bu dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi 3,4 milyon ton olmuşdur. Bu, Azərbaycanın dəmir yolu infrastrukturu sahəsində strateji inkişaf siyasətinin konkret nəticəsidir.
Azərbaycanın iştirak etdiyi digər mühüm layihə isə Orta Dəhliz, yəni Trans-Xəzər Beynəlxalq nəqliyyat marşrutudur. Orta Asiya türk dövlətləri, Gürcüstan və Türkiyə ilə birlikdə formalaşdırılmış bu marşrut Şərqlə Qərb arasında yükdaşımalarında alternativ və daha təhlükəsiz yol təklif edir. Orta Dəhliz Çin-Avropa ticarətində yükdaşımalarının müddətini azaldır və Rusiyadan yan keçən bu marşrut geosiyasi cəhətdən daha sabit seçim sayıla bilər. Azərbaycan və Çin arasında inkişaf edən siyasi və iqtisadi münasibətlər Orta Dəhlizi Çindən Avropaya alternativ və təhlükəsiz nəqliyyat marşrutu kimi ön plana çıxarır. Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bu dəhlizə böyük maraq göstərir və Azərbaycan bu təşəbbüsün əsas iştirakçılarından biridir. 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Pekinə rəsmi səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq qurulmuş və əməkdaşlıq sənədləri imzalanmışdır. Bu sənədlər arasında “Beynəlxalq multimodal daşımalar haqqında Saziş” də yer alıb. Saziş dəmir yolu, dəniz və avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınmasını asanlaşdırmaq məqsədi daşıyır. Azərbaycan-Çin münasibətləri Orta Dəhlizin nəqliyyat təhlükəsizliyi, iqtisadi rentabelliyi və beynəlxalq cazibədarlığının artmasına birbaşa təsir edir. Bu əməkdaşlıq Asiya ilə Avropa arasında yeni bir ticarət körpüsünün möhkəmlənməsinə səbəb olur.
Azərbaycanın reallaşdırmaq üzrə olduğu böyük geo­stra­teji əhəmiyyətə malik layihələrdən biri isə Zəngəzur dəhlizidir. 2020-ci ildə şanlı qələbə ilə başa çatan Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Türkiyəyə və daha sonra Avropaya uzanan yeni bir nəqliyyat xəttinin əsasını qoyacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, eyni zamanda Orta Asiya ölkələrinin Avropa bazarına çıxışı üçün alternativ və daha effektiv marşrut ola bilər. Elə bu müstəvidən baxdıqda layihə reallaşdıqdan sonra regionda iqtisadi və siyasi inteqrasiyanın daha da dərinləşəcəyi şübhəsizdir.
Bütün bu nəqliyyat-logistika təşəbbüslərinin mərkəzində isə Azərbaycanın əsas dəniz qapısı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ətrafında yaradılan Ələt Azad İqtisadi Zonası dayanır. Xəzər dənizinin ən böyük və müasir texnologiyalarla təchiz edilmiş limanı olan bu mərkəz illik 15 milyon ton yükötürmə qabiliyyətinə malikdir və yaxın illərdə bu göstəricinin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Ələt ərazisində yaradılan azad iqtisadi zona isə logistik imkanlarla yanaşı, sənaye və investisiya potensialını da artıraraq Azərbaycanın regional iqtisadi güc mərkəzinə çevrilməsinə töhfə verir.
Bütün bu uğurlar Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun və region ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan strategiyasının nəticəsidir. Azərbaycanın həm Avropa, həm də Asiya ilə paralel əməkdaşlığını təmin edən “körpü ölkə” statusu, bu regionda nəqliyyat və logistika baxımından davamlı və dayanıqlı inkişafın əsas dayaqlarından birinə çevrilmişdir.
Nəticə etibarilə, Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi regional əməkdaşlıq layihələri onu qlobal ticarət sistemində ən önəmli strateji məkana çevirir. Bu layihələr təkcə ölkə iqtisadiyyatının güclənməsinə deyil, eyni zamanda regional sabitliyin və əməkdaşlığın təmin olunmasına xidmət edir. Qlobal nəqliyyat xəritəsində getdikcə daha aydın görünən Azərbaycan yaxın illərdə beynəlxalq yükdaşımalarında əsas tranzit qovşaqlarından biri olmağa real namizəddir.

Cavanşir BAĞIRLI

DAHA ƏTRAFLI