Naxçıvan Muxtar Respublikasının yeni kənd təsərrü...
21:43 21.05.2025
0
0
0
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
Cəmiyyətimizdə dövrün tələbinə uyğun əsas müzakirə mövzularından biri də ölkəmizdə uşaqlara orta məktəblərdə tədris olunan fənlər və bu fənlərin gənclərin gələcək həyatlarına göstərəcəyi təsirdir. Bəllidir ki, təhsil sisteminin başlıca məqsədi şagirdlərə bilik və bacarıqların verilməsi ilə yanaşı, həm də onların gələcəyə hazırlanmasıdır. Lakin mövcud sistemin bu məqsədə nə dərəcədə uyğun olduğu sual doğurur. Çünki orta məktəblərdə tədris olunan fənlər, adətən, humanitar, dəqiq elmlər, texniki və incəsənət yönümlü fənlərdir. Əsas məqsəd gənclərdə ümumi dünyagörüşü formalaşdırmaq və onlara geniş bilik bazası təqdim etməklə yanaşı, onları cəmiyyətə hazırlamaq olmalıdır.
Bu da vurğulanmalıdır ki, tədris edilən fənlərə əsasən nəzəri biliklər verilir, lakin real həyatda tətbiq edilə bilən praktiki bacarıqlar kifayət qədər vurğulanmır. Nəzəri biliklərlə paralel şəkildə gənclərə yaradıcı düşünmə, tənqidi yanaşma və problemləri həlletmə kimi bacarıqların aşılanması onların cəmiyyət üçün sağlam bir fərd kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Məhz bu istiqamətdə bir vaxtlar orta məktəblərdə “İnsan və cəmiyyət” fənni tədris olunurdu. Son dövrlərdə cəmiyyətdə və sosial mediada neqativ hallarla daha çox rastlaşdığımız üçün bu kimi sosial yönümlü fənlərin tədrisinə ehtiyac yaranır. Bunlara “Psixologiya”, “Etika”, davranış qaydaları və sair daxildir.
Orta məktəblər, gələcəyimiz olan gənc nəslin istər elmi, istərsə də fərdi formalaşması istiqamətində önəmli bir mərhələdir. Bu proses təkcə elmi biliklərin şagirdlərə çatdırılmasından ibarət deyil. Şagird yiyələndiyi biliklərlə yüksək nəticələr göstərə bilər, amma onun məktəbdə şəxsiyyət kimi formalaşdırılmasını şərtləndirən amillər var. İnsanın bu dünyada yeri və rolu, fərdin şəxsiyyət kimi formalaşması, fərdlərarası sosial münasibətlər, dünyagörüşünün formalaşması və sair kimi mövzuları özündə əhatə edən fənlərin tədrisi, elə həmin şərti amillərdən biri olmalıdır.
Cəmiyyət inkişaf etdikcə dəyərlər, baxışlar və ictimai fəaliyyətdə dəyişikliklər baş verdikcə tədris proqramları da günün tələblərinə uyğun olaraq yenilənməlidir. Elə bu baxımdan da informasiya axınının çox sürətli və geniş olduğu rəqəmsal dövrdə şagirdlərə informasiya mənbələrini təhlil etməyi, yanlış və zərərli məlumatları ayırd etməyi öyrədən, eyni zamanda sosial mediada məsuliyyətli davranmaq və etik prinsiplərə sadiq qalmaq kimi məsələləri özündə birləşdirən media savadlılığı, günümüzdə sosialyönümlü fənlərin tədrisi ilə yanaşı, valideynləri də maraqlandıran əsas mövzulardan biridir. Məhz bu səbəbdən uşaqlara media savadlılığının aşılanması da vacibdir. Hazırda cəmiyyətimizdə nəinki uşaqlarda, bir çox yetkin insanlarda belə bu savadlılıq mövcud deyil. Orta məktəblərdə media savadlılığının tədrisə inteqrasiyası, şagirdləri gələcəyə hazırlamaqda mühüm addımdır. Buna görə də media savadlılığı mövzusunda fənlərin və ya seminarların məktəblərdə tətbiq edilməsi bizə daha məlumatlı, fəal və məsuliyyətli bir cəmiyyət yaratmaq imkanı tanıyır.
Cəmiyyətimizin gələcəyi bu gün yetişdirdiyimiz uşaqların dünyagörüşündən, dəyərlərindən və davranışlarından asılıdır. Empatiya, sosial məsuliyyət və etik davranışlar sağlam bir cəmiyyətin təməlini təşkil edir. Bu baxımdan orta məktəb təhsilində sosialyönümlü fənlərin xüsusi yeri olmalıdır. Həmin bu sosialyönümlü fənlər uşaqlarımızı vicdanlı, anlayışlı, ədalətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşdırır. Bu isə təkcə ailələr və məktəblər üçün deyil, bütövlükdə dövlət və cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Ən güclü silah – yaxşı tərbiyə almış bir nəsildir”.
Cavanşir BAĞIRLI
Digər xəbərlər