İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
NAXÇIVAN :
02 Iyun 2025, Bazar ertəsi
Dünya miqyasında su böhranının yaşandığı bir dövrdə bu böhranın qarşısını almaq və mövcud su ehtiyatlarından səmərəli istifadə etmək qlobal şəkildə cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biridir. Digər dünya ölkələri ilə müqayisədə Azərbaycanın təbii su mənbələrinin və əhalinin içməli su təminatının qənaətbəxş olmasına baxmayaraq, ehtiyatlarımızın məhdudluğu danılmaz bir faktdır. Elə bu səbəbdən də suya qənaət və ondan səmərəli istifadə etmək gələcək nəsillər üçün olduqca mühüm məsələdir. Lakin daxili su mənbələrinin məhdudluğu, iqlim dəyişiklikləri və suyun bəzən qeyri-effektiv istifadəsi vəziyyəti çətinləşdirən mühüm amillərdəndir. Məhz bu baxımdan quraq, kontinental iqlim xarakterinə malik muxtar respublikamızda yağıntıların azlığı, qış mövsümündə qarın az yağması kənd təsərrüfatı sahəsində özünü xüsusilə büruzə verir.
Qlobal su qıtlığı fonunda muxtar respublikada su ehtiyatlarının ümumi vəziyyəti və bu istiqamətdə görülən tədbirlər haqqında məlumat almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik.
İdarənin baş mühəndisi Ayxan Həsənovun verdiyi açıqlamaya görə, muxtar respublikada da son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülüb. Görülən işlər çərçivəsində mütərəqqi suvarma sistemlərinin qurulmasının da diqqət mərkəzində saxlanıldığını qeyd edən müsahibimiz bildirdi: “İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və torpaq eroziyası kimi amillər suvarma sahəsində daha müasir və səmərəli yanaşmalara keçmək üçün əsas səbəblərdir. Bu məqsədlə su sərfiyyatını minimuma endirməklə yanaşı, torpağın məhsuldarlığını artırmaq üçün suvarma şəbəkələrinin infrastrukturu da yenilənir. Su itkisinin qarşısını almaq məqsədilə muxtar respublikada müasir irriqasiya sistemləri qurularaq istifadəyə verilir”.
Muxtar respublika ərazisində sudan səmərəli istifadə və su itkilərinin qarşısının alınması yönündə 6118 hektar ərazidə 620,26 kilometr uzunluğunda qapalı suvarma şəbəkəsi qurulduğunu qeyd edən Ayxan Həsənov hazırda mövcud olan torpaq kanalların müəyyən hissəsinin istismar müddəti bitdiyindən kanallarda olan aşınmaların su itkisinə səbəb olduğunu bildirdi. Həmin torpaq kanalların qapalı sistemə keçirilməsi, həmçinin beton üzlüklə üzlənməsi prosesinin mərhələli şəkildə həyata keçirilməsinin nəzərdə tutulduğunu da qeyd etdi.
“Naxçıvanda yağıntıların az olması səbəbindən su ehtiyatlarının azlıq təşkil etməsi bu sahəyə xüsusi diqqət və qayğını artırır. Məhz bu baxımdan mövcud meliorasiya-irriqasiya sistemlərinin avtomatlaşdırılması, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma şəbəkələrinin yenidən qurulması, kanalların betonlaşdırılması və nasos stansiyalarının yenilənməsi istiqamətində sistemli işlər görülür. Görülən işlər çərçivəsində əldə olunan ilkin nəticələr də qənaətbəxşdir”, – deyən qurum rəsmisi sudan səmərəli və qənaətlə istifadə olunmasının bu günün ən aktual məsələlərindən biri olduğunu da vurğuladı: “Bu sahədə görülən texniki işlərlə yanaşı, əhalinin maarifləndirilməsi də xüsusi yer tutur. Bu məqsədlə məktəblərdə və təsərrüfat sahibləri arasında maarifləndirici tədbirlər aparılır, ekoloji aksiyalar keçirilir”.
Cavanşir Bağırlı
Digər xəbərlər