Futzal turnirində növbəti mərhələyə yüksələn koman...
19:31 07.06.2025
0
0
1
NAXÇIVAN :
08 Iyun 2025, Bazar
Günümüzdə kredit anlayışı həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq bir çox insan istər ehtiyaclarını qarşılamaq, istərsə də öz arzularını həyata keçirmək üçün kredit götürür. Bu səbəblə cəmiyyətdə borclu insanların sayı olduqca artıb və borclanma normal bir hala çevrilib. Keçmiş dövrlərdə borc götürmək, xüsusilə də şəxsi məqsədlər üçün götürülən borc cəmiyyətdə o qədər də xoş qarşılanmırdı. Lakin son dövrlərdə borc almaq insan həyatının adi bir hissəsinə çevrilib. Əksər hallarda insanlar altından qalxa bilməyəcəyi kredit öhdəliklərini üzərlərinə götürür və daha sonra bununla bağlı sıxıntılar yaşayırlar.
İstehlak kreditləri iqtisadi baxımdan bank sektoru üçün gəlir mənbəyi, istehlak bazarı üçün isə dövriyyənin artması deməkdir. Azərbaycan Mərkəzi Bankının bank sektoru üzrə 2024-cü ilin yekun nəticələri ilə bağlı açıqlamasında ötən ilin kredit portfelində istehlak kreditlərinin 8 milyard 445 milyon manat təşkil etdiyi göstərilmişdir. Bu rəqəm isə borclanmanın nə dərəcədə geniş vüsət aldığını aydın şəkildə göstərir.
Bunlara baxmayaraq, insanların tükənmək bilməyən istehlak istəyi vardır. Reallıq budur ki, bir çox hallarda insanlar kreditə ehtiyaclarını qarşılamaq üçün yox, arzularını həyata keçirmək üçün müraciət edirlər. Çünki müasir dövrdə insanlar xoşbəxtliyi və nailiyyəti müəyyən maddi göstəricilərlə ölçürlər. Cəmiyyətin formalaşdırdığı “maddi rifah” görüntüsü də insanları kredit almağa sövq edən əsas amillərdəndir. Bu isə insanların kredit götürərək həmin görüntünü saxlamağa çalışmasına səbəb olur ki, bu da insan psixologiyasında sosial status məsələsini ön plana çıxarır. İnsanlar cəmiyyətdə və sosial mediada geniş yayılan bahalı həyat modelinə uyğun yaşamaq üçün öz real imkanlarını aşaraq kredit götürmək üçün banklara müraciət edirlər. Bu isə istehlak mədəniyyətinin yaratdığı psixoloji təzyiqin bir nəticəsidir. Sosial mediada yayılan bahalı həyat tərzi görüntüləri insanların bir-biri ilə maddi yarışa girməsinə səbəb olur. Bəli, dövrümüzdə maddiyyat olduqca önəmlidir, lakin hər şey demək deyil. Əlbəttə ki, bahalı telefon, yeni avtomobil, gözəl geyimlər hər kəsin arzusudur. Lakin bu arzular insanları bəzən maddi imkanlarını aşaraq borclu hala gətirir və borcla əldə edilən hər hansı bir şeyin verdiyi xoşbəxtlik o qədər də uzun çəkmir. Çünki maddi yükün artması və borclanmanın yaratdığı psixoloji təsirlər qısa müddətli xoşbəxtliyi uzunmüddətli çətin və stresli bir prosesə çevirir. Hətta bəzən bu proses depressiya, gərginlik kimi hallara yol aça bilir.
Xüsusilə də kredit ödənişlərini vaxtında edə bilməyən insanlar üçün bu məsələ psixoloji təcridə, sosial çevrədən uzaqlaşmağa, özünə inamın sarsılmasına və hətta ailə münasibətlərində gərginliyə qədər gətirib çıxara bilir. Təəssüf ki, bəzən bu hallar intiharla nəticələnir ki, cəmiyyətdə örnəklərinə rast gəldiklərimiz də olub.
Borc həyatımızda müəyyən bir yer tutsa da, borclanmanı həyat tərzinə çevirmək düzgün seçim deyil. Kredit vasitəsilə əldə olunan maddi rahatlıq əgər düzgün planlaşdırılmazsa, uzunmüddətli narahatlıqla əvəz oluna bilər. Məhz bu səbəbdən kredit götürərkən sonrasını düşünərək hərəkət etmək lazımdır. Çox mühüm olmadığı təqdirdə borclanmağa ehtiyac yoxdur. Çünki əsas məsələ maliyyə azadlığını itirmədən xoşbəxt olmaqdır.
Cavanşir BAĞIRLI
Digər xəbərlər