NAXÇIVAN :

14 Mart 2025, Cümə

Şərqdə ilk kinorejissor qadın – naxçıvanlı Qəmər Salamzadə

img

Azərbaycan qadınları ölkəmizin bütün sahələrində olduğu kimi, incəsənətdə də özünəməxsus silinməz izlər buraxıblar. Onlar bir deyil, beş deyil, yüzlərlədir. Bir təsadüf nəticəsində öyrəndim ki, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə olub. 1908-ci ildə Culfa şəhərində maarifçi, teatr xadimi, yazıçı şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri şeir və musiqi ilə dolu bir mühitdə keçib. Qeyd etməyimiz yerinə düşər ki, Qəmər xanımın incəsənətə olan marağı onun uşaqlıq illərindən yaranıb. Böyüdüyü mühitdə atasının ən yaxın dostu və silahdaşı “Molla Nəsrəddin”in naşiri, yazıçı, şair, satirik, tənqidçi, aktyor Cəlil Məmmədquluzadə idi. 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə müsahibələrinin birində Qəmər xanımın xatirələrini belə bölüşür: “Evdə mənə “çoxbilmiş”, “əkəc” deyərdilər. Doğurdan da, yaşıma görə (o zaman dörd yaşım var idi) çox şeyi anlamağa, dərk etməyə başlamışdım. Yadımdadır, anamdan məni pəncərədə oturtmağını istədim; o kiçik pəncərədən gördüklərim həyata olan ilk baxışım, ilk təəssüratım idi. Hafizəmdə həkk olub qalan o lövhəni indi də xatırladıqca tüklərim ürpəşir. Tənhalıq, bomboz torpaq, tozların içində eşşəyini mahmızlayıb keçən kəndli... Küçədə sülənən kimsəsiz itlər... Ətrafa qorxa-qorxa baxıb iti addımlarla keçən qara çadraya bürünmüş bir qadın. Ən çox marağıma səbəb olan pəncərənin qabağından ötən zınqırovlu dəvələrdi. Gah da pəncərənin qabağından kefli soldatlar keçərdilər. Bir dəfə anamdan soruşdum: “O arvadlar niyə elə tələsirlər? Nədən belə qorxurlar?” Anam belə cavab verdi: “Padşahın kefli soldatlarındandır. Onlar küçədə arvadlara rast gələndə “matuşka” deyib çadralarını başlarından açır, min cür biabırçılıq eləyirlər”. Anam bu sözləri deyib dərindən ah çəkdi”. 
Təəssüf ki, Culfada keçirdiyi uşaqlıq illəri acı sonluqla bitir. Belə ki, iki bacısı vəfat edir və anası vərəm xəstəliyinə tutulur. 1912-ci ildə atası ailəsini də götürüb Culfadan Naxçıvana köçürlər. Anasının vaxtsız vəfatından sonra atası Naxçıvanda da qala bilmir. O, yeganə qızı Qəməri və qoca anası ilə qardaşı Rzaqulunu götürüb Tiflisə köçür. Burada da qara günlərin kölgəsi onlardan yan keçmir. “Molla Nəsrəddin” jurnalının nəşri ilə əlaqədar olaraq atası sıxışdırılırdı. Səbəbi isə o idi ki, “Molla Nəsrəddin” çar hökumətinin siyasətini ifşa edir. Buna görə də irtica jurnalın nəşrinə maneəçilik törədirdi. 1919-cu ildə Tiflis şəhərində gecə evə qayıdarkən atasını bolşeviklər qətlə yetirir. Bunu Qəmər xanım xatirələrində qeyd edir. 11 yaşında yetim qalan Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində böyüyür. 
Əmisi Rzaqulu Tiflisdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi və məsul işə təyinat almışdı. Eyni zamanda orada “Yeni fikir” qəzetinin baş redaktoru vəzifəsində çalışırdı. Həmin dövrdə Bakıdan Tiflisə gedən ziyalılar, ədiblər, inqilabçılar Qəmərgilin qonağı olurdular. Naxçıvanda olduğu mühit kimi, burada da Qəmərin şansı gətirmişdi. Məktəbə gedir, piano dərsləri alır, əlavə də fransız dili öyrənirdi. Evlərində tez-tez musiqi məclisləri təşkil olunur, dram teatrda tamaşalara baxmağa gedirdi. 
Lakin atasının ölümündən sonra yenidən Naxçıvana qayıdan Qəmər xanım buradakı qız məktəbində təhsilini davam etdirir. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Telli rolunu oynayır. Qəmər xanımın istedadını görən Naxçıvan teatrının rejissoru Kazım Ziyanın dəvəti ilə tamaşalara və müsamirələrə qatılır. 
Qəmər xanım 1923-cü ildə Bakıda Ali Pedaqoji İnstitutun qadınlar şöbəsinə daxil olur. Tələbəlik həyatının ilk günlərindən ədəbiyyat və dram dərnəklərinə yazılır. Dərnək tərəfindən təşkil olunan tamaşaların birində dramaturq Cəfər Cabbarlı ilə tanış olur. Cəfər Cabbarlını tanımaq onun ən böyük xəyallarından biri idi. Bu tanışlıq onda teatr və kino sənətinə marağı daha da artırır. İnstitutu bitirəndən sonra Tiflisdə bir il müəllimlik etməsinə baxmayaraq, kino aləminə sevgisi onu çəkirdi. 
Qəmər Salamzadə bilirdi ki, kinorejissor olmaq üçün böyük cürət, inad və iradə tələb olunur. Ən çətini isə mütləq Moskvaya oxumağa getmək lazım gələcəkdi. 1988-ci ildə aktyor Mustafa Mərdanovun kiçik qardaşı Səməd Mərdanovla birlikdə Moskva Dövlət Kinemotoqrafiya Texnikumuna təhsil almağa göndərilir. Orada təhsil alan bütün tələbələrə 35 manat təqaüd təyin olunsa da, ancaq kinorejissorluq sahəsində təhsil almağa gedən ilk azərbaycanlı qadın kimi Qəmər xanıma 70 manat təqaüd verilirdi. 
Aydın Kazımzadə deyir: “20-ci illərin sonu, 30-cu illərin əvvəllərində “Azərkino”da film istehsalının həcmi artır. Qəmər xanım Moskvaya gedəndən sonra kinostudiyada “Gilan qızı”, “Hacı Qara”, “Vulkan üzərində ev”, “Sevil”, “İlk komsomol buruğu”, “Lətif” və başqa bədii, onlarla sənədli film istehsal olunur. İşin çoxluğunu nəzərə alaraq rəhbərlik ikinci kursu bitirdikdən sonra Qəmər Salamzadəni geri çağırtdırır. 1930-cu ildə Bakıya qayıdan kimi “Qızıl kol” (“Dalğalara hücum”) bədii filminin yaradıcı qrupuna köməkçi təyin edirlər. Bundan sonra Qəmər Salamzadə rejissor İqor Savçenkonun “Əlsiz adamlar” filmində rejissor assisenti işləyir. Nəhayət, Qəmər xanım 1935-ci ildə ukraynalı rejissor A.Popovla birgə “Rəqs edən bağalar” uşaq filminə quruluş verir. Artıq bu filmdə Qəmər Salamzadə bir rejissor kimi uşaqlarla işləmək bacarığını nümayiş etdirirdi”. 
Aydın müəllim onu da vurğulayır ki, çəkiliş meydançasında uşaqlarla işləmək bacarığını görən kinostudiya rəhbərliyi 1937-ci ildə Qəmər Salamzadə və A.Popova “Dəcəl dəstə” kinokomediyasına quruluş verməyi tapşırır. O dövrdə mərkəzi mətbuatda Qəmər xanımın fəaliyyəti geniş işıqlandırılmağa başlanılmışdı. Bakıda çıxan “Raboçiy zritel” jurnalının 1930-cu ildə buraxılmış 35-ci nömrəsinin üz qabığında Qəmər xanımın şəklini verməsi, şəklin yanında “Azərbaycanda işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova” yazması onun bədxahlarına tutarlı cavab idi.
Müharibə dövründə sovet kinosunun ən məşhur simalarından biri olan kinorejissor Q. Aleksandrovun Azərbaycan kinostudiyasına gəlməsi bütün kollektivi sevindirir. Çoxları onunla işləmək istəsə də, bu təyinat Qəmər xanıma qismət olur. Studiyanın direktoru onu yanına çağırıb Aleksandrovla işləyəcəyini deyir. 
Aydın müəllim bir incə məqamı da xatırlayır ki, onun ən yaxşı işlərindən biri 1944-cü ildə öz ssenarisi əsasında lentə aldığı “Şəfa nəğməsi”dir. Bəstəkar Tofiq Quliyev çıxışlarının birində Qəmər xanımın bu işini yüksək qiymətləndirmişdir. Ekranda təsvir olunan əhvalatlar onu kövrəltmiş, hətta bir gecənin içində filmə gözəl mahnı və musiqi parçası bəstələmişdi. 
Qəmər Salamzadənin işinə olan məhəbbətinin ifadəsi idi ki, daha çox çalışır, filmlərdə dəst-xəti, hadisələrin ardıcıllığını, səliqəli montaj işi, musiqi və hadisələrin vəhdətini diqqətdə saxlayırdı. 
Qeyd edək ki, Qəmər xanım dublyaj işi ilə də məşğul olub. Xarici filmləri doğma dilimizə çevirərkən dilimizin qayda-qanunlarına məsuliyyətlə yanaşmağı, işin keyfiyyətinə diqqət yetirməyi dublyaj qrupundan tələb edirdi. 
Kinostudiyada işləməklə yanaşı, Qəmər xanım 1931-1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun sənətşünaslıq şöbəsinin, 1932-1933-cü illərdə isə Moskvada Elmi-Tədqiqat Özfəaliyyət İncəsənət İnstitunun aspirantı, 1934-cü ildə teatr bölməsinin elmi işçisi olmuşdur. İncəsənət üzrə aspiranturanın dinləyiciləri arasında rejissor Rza Təhmasib, rəssamlardan Rüstəm Mustafayev, Salam Salamzadə və başqaları da var idi. Qəmər xanım məhz burada Salam Salamzadə ilə tanış olmuşdu. Sonradan bu tanışlıq onların uzun sürən xoşbəxt ömürlərini möhkəm və qırılmaz tellərlə bir-birinə bağladı.
O artıq vaxt darlığını görür, ailə qayğıları getdikcə artır, körpələrinə vaxt çatdıra bilmirdi. Digər tərəfdən də insanların haqsız əməllərindən, laqeyd münasibətlərdən cana gəlmişdi. Tez-tez kinostudiya rəhbərliyinin dəyişməsi onu daim arxa planda saxlamasına gətirib çıxarırdı. Təəssüf ki, Qəmər Salamzadə heç bir fəxri ad almadan kinodan uzaqlaşır və bir daha kinostudiyaya qayıtmır. 
Azərbaycan kinosunda ilk qadın rejissor kimi fəaliyyəti ilə böyük hörmət qazanan Qəmər Salamzadə artıq əbədiyyətə qovuşub. Ancaq o, bu gün sənətsevər yoldaşlarının qəlbində yaşayır. 
P.S. Qəmər Salamzadə haqqında bu yazını hazırlamaqda bizə öz köməyini əsirgəməyən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadəyə minnətdarlığımızı bildiririk.

Aidə İBRAHİMOVA

DAHA ƏTRAFLI