NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Jurnalist Vüsal Məmmədov: "Naxçıvanın Azərbaycanın maarifçi fikrində həmişə xüsusi yeri olub"

...

“Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş tədbirlər silsiləsinin Naxçıvandan başlamağı çox xoş sürpriz oldu. Qeyd edim ki,  bu tədbirin gözlədiyimizdən daha xoş, maraqlı və mənalı keçməyi ikiqat xoş oldu. Çünki bu, Naxçıvanda gedən proseslərə özünü əks etdirir”
Bu sözləri “Şərq qapısı”na müsahibəsində AzVision.az saytının baş redaktoru, jurnalist Vüsal Məmmədov söyləyib. 
O qeyd edib ki, bu səviyyədə media tədbiri keçirmək üçün istər-istəməz fərqli düşüncə tərzi, proseslərə sağlam, savadlı bir baxış tərzi lazımdır. Görünür ki, bunlar Naxçıvana gəlib və üstəlik, bunu xüsusilə sevinclə qeyd edirəm ki, burada yerli həmkarlarla ünsiyyətdə mən Naxçıvan mediasının xeyli inkişaf etdiyinin şahidi oldum. İstər jurnalistlər fərd olaraq inkişaf edib, istərsə də struktur olaraq xeyli inkişaf ediblər. 
"Naxçıvan televiziyasının bu günlərdə peyk yayımına çıxmağının özü də bunun təsdiqi idi. Azərbaycan mətbuatının, demək olar ki, beyni üç gün ərzində, sözün həqiqi mənasında, Naxçıvanda düşündü və ürəyi burada döyündü. Çünki bütün aparıcı jurnalistlər, media rəhbərləri, söz məkanında çəkisi olan jurnalistlərin çoxu buraya toplaşmışdı. Hər kəsin dəvəti qəbul edib həvəslə buraya gəlməsi göstərir ki, onlar da bu proseslərin fərqindədirlər. Ümumiyyətlə, Naxçıvanın Azərbaycanın maarifçi fikrində həmişə xüsusi yeri olub. Naxçıvanda yetişən insanlar həmişə maarifləndirmənin önündə gediblər. Bu tarixən də belə olub və görünür ki, bu gün də Naxçıvan həmin rolunu oynamaqdadır. Görünür ki, Naxçıvan ilk dəfə olaraq bu tədbiri keçirməklə özünün missiyasını həyata keçirmiş oldu. Mən inanıram ki, Naxçıvanda medianın inkişafı davam edəcək və Naxçıvanın, bütövlükdə, ölkə mediasında tutduğu yer də getdikcə yüksəlməkdə davam edəcək, biz bunu sevinclə izləyəcəyik və bu prosesdə iştirak etməkdən də hər zaman məmnun olacağıq", – deyə Vüsal Məmmədov əlavə edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 31.05.2025 17:35