NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Babək rayonunda su infrastrukturunun yenilənməsi: suvarıla bilən torpaqların 88 faizinin təminatı yaxşılaşdırılacaq

img

Muxtar respublikamızın iqlimi quraqlıq keçdiyi üçün suya olan tələbat digər bölgələrdən xeyli çoxdur. Su ehtiyatlarının bölgələr üzrə qeyri-bərabər paylanması və torpaqların şoranlaşmaya meyilli olması suya olan tələbatı artırır.      

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq olunub. Plana əsasən Babək rayonunda su təsərrüfatı infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçiriləcək. Belə ki, Naxçıvançayın sol sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğular yenidən qurulacaq. Eyni zamanda çayın sağ sahilində yerləşən və rayonun əkin sahələrinin suvarılmasına xidmət edən hidrotexniki qurğular da əsaslı şəkildə bərpa ediləcək.

Bununla bağlı daha ətraflı məlumatı Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanovdan öyrəndik. O deyir ki, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”na uyğun olaraq təsdiqlənən qərarla Babək rayonunda su təsərrüfatı infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində mühüm layihələrin icrasına başlanılacaq. Bu qərar xüsusilə rayonumuzda susuzluğun aradan qaldırılması ilə bağlı görüləcək işlərə dövlətimizin diqqət və qayğısının bariz nümunəsidir. Artıq müvafiq layihələr hazırlanır və zəruri tədbirlər görülür. Əminik ki, ölkə başçısının qəbul etdiyi bu mühüm qərar Babək rayonunda əhalinin sosial rifahının yüksəldilməsinə, su təminatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılmasına ciddi töhfə verəcək. Bu baxımdan, Babək Rayon İcra Hakimiyyəti olaraq biz də üzərimizə düşən vəzifələrin icrasını yüksək məsuliyyətlə təmin edir və görüləcək işlərin bölgə əhalisinin həyat səviyyəsinə müsbət təsir göstərəcəyinə inanırıq.

Müsahibimiz bildirdi ki, Tədbirlər Planına əsasən Naxçıvançayın sol sahilində Babək rayonuna xidmət edən hidrotexniki qurğular yenidən qurulacaq, çayın sağ sahilində yerləşən və rayonun əkin sahələrinin suvarılmasını təmin edən qurğular isə əsaslı şəkildə bərpa olunacaq. Həyata keçiriləcək tədbirlər nəticəsində rayon üzrə suvarıla bilən torpaqların 88 faizində suvarma təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu isə kənd təsərrüfatı istehsalının artmasına, su ehtiyatlarından daha səmərəli və qənaətli şəkildə istifadəyə geniş imkan yaradacaq. Bununla yanaşı, Babək şəhərində yeni içməli su təmizləyici qurğunun tikintisi planlaşdırılır. Layihənin icrası şəhər əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təminatını daha da yaxşılaşdıracaq, su təchizatı sisteminin etibarlılığını əhəmiyyətli dərəcədə artıracaq.

Tədbirlər Planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əsas layihələr barədə məlumat verən müsahibim bildirir ki, Babək rayonunda su təsərrüfatının yenilənməsi və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı işlər görüləcək. Bu çərçivədə “Araz-1” və “Araz-2” nasos stansiyalarının bərpası, eləcə də boru xətlərinin yenilənməsi, Nehrəm su anbarına gedən və çıxış kanallarının yenidən qurulması, Heydər Əliyev su anbarına suyun vurulması üçün yeni nasos stansiyasının tikintisi kimi mühüm layihələr reallaşdırılacaq. Bundan əlavə, Arazkənd kəndi və Nehrəm qəsəbəsinə gedən kanalların modernləşdirilməsi, “Köprəm”, “Pircuvar” və “Məzrə” kanallarının yenidən qurulması, Qaraqala, Kalbaoruc Dizə və Məmmədrza Dizə kəndlərinə yeni suvarma xətlərinin çəkilməsi, “Cəhri-1” və “Cəhri-2” nasos stansiyalarının bərpası, “Dəlmə” kanalının modernləşdirilməsi, həmçinin Aşağı Uzunoba və Yuxarı Uzunoba kəndlərinə gedən su xətlərinin yenilənməsi, Şıxmahmud və Xəlilli kəndlərinə gedən kanalların təkmilləşdirilməsi də plana daxildir.

Turan İmanovun sözlərinə görə, bu layihələrin reallaşdırılması Babək rayonunda su ehtiyatlarının daha səmərəli idarə olunmasına, meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsinə, kənd təsərrüfatının dayanıqlı inkişafına və bütövlükdə, regionun sosial-iqtisadi potensialının gücləndirilməsinə ciddi töhfə verəcək. Atılan addımlar həm mövcud su infrastrukturunun yenilənməsini təmin edəcək, həm də gələcək illər üçün etibarlı və davamlı su təminatının formalaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, Babək şəhəri üzrə yeni içməli sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Layihənin icrası rayon əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Həyata keçiriləcək tədbirlər Babək rayonunda su ehtiyatlarının səmərəli idarə olunmasına, kənd təsərrüfatının və ümumilikdə, regionun sosial-iqtisadi inkişafının gücləndirilməsinə mühüm töhfə verəcək.

Babək rayonunun təsərrüfat sahiblərinin də fikirlərini öyrəndik. Mahir Niyazov deyir ki, bütün təsərrüfat adamları yaxşı bilir ki, məhsulun hasil olmasında suvarmanın əhəmiyyəti çox vacibdir. Sahələrdə suvarma işləri vaxtında aparılan zaman məhsul istehsalının artması və məhsuldan gələn gəlir də ürəkaçan olur. O əlavə edib ki, quraqlıq dövründə yağıntının az olması məhsuldarlığa ciddi təsir göstərir və torpaqda şoranlaşma hallarını artırır. Su təminatı yaxşılaşdırılarsa, biz də daha çox əkin aparacaq, təsərrüfatlarımızı genişləndirəcəyik.

İnanırıq ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə susuzluq problemi mərhələli şəkildə aradan qaldırılacaq. Bu qərar biz təsərrüfatçılar üçün böyük ümid və sevinc yaradıb. Uzun illərdir, yaşanan su qıtlığı əkin sahələrimizin genişləndirilməsinə, məhsul istehsalının artırılmasına ciddi mane olurdu. Yeni Sərəncam isə həm mövcud çətinliklərin həllinə, həm də gələcək planlarımızın reallaşmasına geniş imkanlar açır. Biz təsərrüfatçılar olaraq göstərilən diqqət və qayğıya görə minnətdarıq. Su təminatının yaxşılaşdırılması nəticəsində daha çox əkin aparacaq, məhsuldarlığı artıracaq və ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəmizi verəcəyik.

Aldığımız məlumatlardan da məlum olur ki, Babək rayonunda su təsərrüfatı infrastrukturunun yenilənməsi üzrə nəzərdə tutulan genişmiqyaslı layihələr bölgənin sosial-iqtisadi inkişafına əhəmiyyətli təkan verəcək. Həm əkin sahələrinin suvarma imkanlarının genişlənməsi, həm də içməli su təchizatının yaxşılaşdırılması rayon əhalisinin həyat səviyyəsinin yüksəlməsinə, kənd təsərrüfatının dayanıqlı inkişafına və regionun gələcək potensialının gücləndirilməsinə mühüm töhfə olacaq.

 Bülbül RÖVŞƏNQIZI

DAHA ƏTRAFLI