Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Qlobal rəqəmsal mühitin dinamik inkişafı dövlət idarəçiliyində çevikliyi, müasir texnologiyaların geniş tətbiqini və informasiya təhlükəsizliyinin gücləndirilməsini zəruri edir. Artıq süni intellektin vacibliyi cəmiyyətin gələcək təhlükəsizliyi, rifahı və rəqabət qabiliyyəti baxımından strateji məsələyə çevrilib. Ölkə başçısı İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu məsələyə toxunaraq bildirib: “Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın. Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”.
Prezidentin bu çağırışı idarəetmədə istiqamətlərin vahid yanaşma ilə peşəkar və məsul strukturlar tərəfindən idarə olunmasının vacibliyini ortaya qoyur. Prezidentin vurğuladığı istiqamətlərdən biri də milli təhlükəsizliyin əsas komponentlərindən sayılan kibertəhlükəsizliyin gücləndirilməsidir. Kiberhücumlara qarşı dayanıqlığın artırılması, informasiya sistemlərinin davamlılığı kimi məsələlər daha ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda dövlət qurumlarında kadr potensialının gücləndirilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması üçün də geniş imkanlar yaradılacaq.
Mediada süni intellekt informasiyanın daha dəqiq təsnifatı, saxta xəbərlərin aşkarlanması və istifadəçi davranışının təhlili baxımından mühüm rol oynayır. Süni intellektin təklif etdiyi alqoritmlər redaksiyalara həm operativlik gətirir, həm də informasiyanın keyfiyyətini qorumağa xidmət edir. Bu amil xüsusən dezinformasiyanın sürətlə yayıldığı dövrdə həyati əhəmiyyət daşıyır. Süni intellektin tərəqqisi yeni peşələrin yaranmasına təsir göstərir. Data analitiki, kibertəhlükəsizlik mütəxəssisi, robototexnika mühəndisi kimi sahələr artıq əmək bazarında aktuallaşıb. Bu isə gənclər üçün yeni imkanlar deməkdir. Ona görə də süni intellektin vacibliyinin dərk edilməsi, onun düzgün və etik idarə olunması gələcəyin uğur strategiyasının əsasını təşkil edir.
Bu gün bəşəriyyət süni intellektin verdiyi imkanların işığında irəliləyir. Lakin texnologiyanın parlaq üzü ilə yanaşı, kölgədə qalan təhlükələr də var. Bu təhlükələr elə səssiz addımlarla irəliləyir ki, bəzən onları hiss etdikdə artıq gec olur. Süni intellekt bir xəbər yaradır, minlərlə insan oxuyur, minlərlə insan inanır. Həqiqət yalanın içində itib gedir. Son zamanlar Süni intellekt ilə hazırlanan “saxta xəbər istehsalı” ilə tez-tez üzləşirik. Yüksək həssaslıqla hazırlanmış “deepfake” videolar insan nitqini, mimikasını və görüntüsünü reala çox yaxın şəkildə təqlid edə bilir. Bu texnologiyanın təhlükəsi ondadır ki, cəmiyyətdə çaşqınlıq yarada, ictimai rəyə təsir göstərə və dövlətin ali mövqelərinə qarşı etimadsızlıq formalaşdıra bilər. Sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanmış saxta kontentlərin sürətlə yayılması informasiya təhlükəsizliyini hədəfə alır. Hamının danışdığı “deepfake” dalğası həm cəmiyyət üzərində psixoloji təsir yaratmağa, həm də dövlət institutlarına inamı sarsıtmağa yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsidir. Azərbaycan dövləti də bu prosesdən kənarda deyil. Ən təhlükəli cəhət isə budur ki, bu hücumlar anonim adlar üzərindən edilmir. Dövlətin tanınmış simalarının adından aparılır.
Müasir informasiya müharibəsində saxta video və audio materiallar artıq “silah” kimi istifadə olunur, süni intellekt isə bu sahədə əsas vasitəyə çevrilir. Azərbaycan regionda aparıcı mövqeyə sahibdir və son illərdə həm siyasi, həm hərbi, həm də diplomatik gücünü göstərib. Bu reallıq bəzi qüvvələrin narahatlığına səbəb olur. Nəticədə, ölkəmizə qarşı informasiya təxribatları koordinasiyalı şəkildə aparılır. Bu zaman cəmiyyət üçün informasiya savadlılığı vacib rol oynayır. Bu gün hər kəs sosial media istifadəçisidir və istənilən video saniyələr içində milyonlara yayıla bilir. Ona görə də hər bir vətəndaşın informasiya savadlılığı mühüm rol oynayır. İnsanlar bilməlidir ki, yayılan hər məlumat doğru deyil, hər video real deyil, hər səslənən fikir fakt deyil. Xüsusilə süni intellektin vüsət aldığı dövrdə cəmiyyət kritik düşünmə bacarığını gücləndirməli, rəsmi mənbələrə üstünlük verməli, təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməlidir.
Azərbaycan Respublikası bu cür hücumların qarşısını almaq üçün hüquqi və texnoloji mexanizmləri daha da təkmilləşdirir. Bu baxımdan, hər bir vətəndaş, media qurumu və dövlət strukturu informasiya mühitində ayıq-sayıq olmalı, təsdiqlənməmiş məlumatlara qarşı məsuliyyətli yanaşmalıdır. Dövlət strukturlarının koordinasiyalı fəaliyyəti, media sahəsində aparılan islahatlar, habelə sosial şəbəkələrin təsir gücünü nəzərə alan yeni idarəçilik mexanizmləri dezinformasiyaya qarşı effektiv müdafiə xətti formalaşdırır. Siyasi səviyyədə qəbul olunan qərarlar, informasiya müharibəsi reallığını nəzərə alan strategiyalar milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu gün Azərbaycan ictimaiyyəti xəbər axınında daha ayıq olmaq, informasiyanı mənbə etibarlılığına görə qiymətləndirmək vərdişini sürətlə mənimsəyir. Cəmiyyətin maarifləndirilməsi, media savadlılığının artırılması istiqamətində görülən işlər də dezinformasiya ilə mübarizənin vacib komponentidir. Nəticə etibarilə, Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində atdığı addımlar, qurduğu institusional baza və göstərdiyi siyasi iradə ölkənin həm daxildə, həm də beynəlxalq arenada informasiya müharibələrinin təzyiqlərinə qarşı dayanıqlığını artırır. Bu isə milli maraqların qorunması baxımından əhəmiyyətli strateji üstünlükdür.
Eyni zamanda sosial media istifadəçiləri də bu prosesdə üzərinə düşən məsuliyyəti dərk etməlidirlər. Paylaşdığımız hər sözə, hər görüntüyə “Bu cəmiyyətə nə verir?” sualı ilə yanaşmalıyıq. Sosial şəbəkələr aqressiya, hörmətsizlik və mənəvi aşınma məkanı deyil, maarifləndirmə, sağlam fikir və milli dəyərlərin qorunduğu platforma olmalıdır. Bütün bu dəyişikliklər bir daha göstərir ki, informasiya mühiti nəzarətsiz deyil və cəmiyyətin mənəvi təhlükəsizliyinin təmin edilməsi dövlət üçün prioritet məsələlərdən biridir. Sosial şəbəkələrdə sosial məsuliyyətsizliyə deyil, sosial şüurun formalaşmasına töhfə verməliyik. Nəticə olaraq sürətlə dəyişən rəqəmsal dünyanın diktə etdiyi yeni reallıqlar qarşısında süni intellektin həm imkanları, həm də təhlükələri ilə üz-üzəyik. Bütün bunlar onu göstərir ki, süni intellekt dövründə informasiya təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə və rəqəmsal mədəniyyətin inkişafı Azərbaycanın gələcək inkişafının, milli təhlükəsizliyinin və ictimai rifahının ən vacib strateji prioritetlərindəndir.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər