NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Gələcəyin dəmiryolçuları

...

Naxçıvanda yeni nəsil kadrlar formalaşır

Zəngəzur dəhlizi Türk dünyasını bir-birinə bağlayan, regionda davamlı sülh və əməkdaşlığa xidmət edən mühüm strateji körpüdür. Bu dəhlizin açılması tarixi ədalətin öz yerini tapması, Naxçıvanın uzun illər davam edən blokadadan çıxması deməkdir. Zəngəzur dəhlizi Azərbaycanı Şərqlə Qərbi bağlayan qlobal logistik qovşağa çevirərək ölkəmizin geosiyasi və iqtisadi mövqeyini daha da gücləndirəcək. Bu yolun açılması ilə Naxçıvan Muxtar Respublikasında yeni bir inkişaf mərhələsinin əsası qoyulacaq. İllərdir, ümidlə gözlənilən bu strateji layihə muxtar diyarın iqtisadi, sosial və mədəni həyatında köklü dəyişikliklərə yol açacaq. 

Artıq bu gün Naxçıvanda gələcəyə hesablanan hazırlıq işləri aparılır, xüsusilə kadr potensialının formalaşdırılması diqqət mərkəzində saxlanılır. Bu baxımdan, gənclərin peşəkar kadr kimi yetişdirilməsi prioritet məsələdir. Naxçıvanda gənclər bu çağırışa biganə qalmır, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kolleclərdə, peşə təhsili müəssisələrində təhsil alaraq gələcəyin ixtisaslı mütəxəssislərinə çevrilirlər. Texniki və peşə təhsili alan gənclər Zəngəzur dəhlizinin açılmasından sonra yaranacaq yeni imkanlara hazır olmağı qarşılarına məqsəd qoyublar. Onlar logistika, nəqliyyat infrastrukturu, mexanika, energetika və digər strateji sahələr üzrə bilik və bacarıqlara yiyələnərək regionun inkişafında fəal rol oynamağa hazırlaşırlar. Bu həm də dövlətin həyata keçirdiyi gənclər siyasətinin real nəticəsidir. Naxçıvanlılar isə bu tarixi mərhələyə inamla, ümidlə addımlayır, doğma diyarın inkişafına öz töhfələrini verməyə   hazır olduqlarını əməlləri ilə sübut edirlər. 
Biz də bu istiqamətdə təhsil sahəsində görülən işlərlə yaxından tanış olmaq üçün Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki Kollecə yollanaraq Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə təhsil alan tələbələrin dərs prosesi ilə yaxından tanış olduq, onların təəssüratlarını öyrəndik. Burada ən çox diqqətimizi cəlb edən isə “Ağıllı dəmir yolu” layihəsi oldu. Müasir texnologiyalara əsaslanan bu layihə ilk baxışdan tələbələrin innovativ düşüncə tərzini və yeniliklərə açıq yanaşmasını aydın şəkildə ortaya qoyur. Araşdırmalar zamanı məlum oldu ki, layihə tələbələrin müasir yanaşmaları tətbiq etməklə   hazırladıqları praktiki və aktual bir təşəbbüsdür. Burada ağıllı idarəetmə sistemləri, təhlükəsizliyin artırılması, enerji səmərəliliyi və dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri əhatə olunub. Bu cür layihələr gənc kadrların yalnız nəzəri biliklərlə kifayətlənmədiyini, eyni zamanda real sahə tələblərinə uyğun düşünərək yaradıcılıq nümayiş etdirdiyini göstərir. Texniki Kollecdə formalaşan bu    müasir tədris mühiti, gələcəkdə dəmir yolu təsərrüfatında peşəkar və yenilikçi mütəxəssislərin yetişəcəyinə inam yaradır.
Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə təhsil alan II kurs tələbəsi Səkinə Məmmədlini ixtisas seçimi zamanı ilk cəlb edən də məhz bu sahə olub. Onun sözlərinə görə, dəmir yollarının yenidən açılması, xüsusilə də region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi kimi layihənin reallaşması bu ixtisasa marağı daha da artırır. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın nəqliyyat imkanlarının genişlənəcəyini, yeni dəmir yolu xətlərinin istismara veriləcəyini qeyd edən tələbə bu sahədə peşəkar kadrlara böyük ehtiyac yaranacağını bildirir. Bizimlə söhbətində qeyd etdi ki, kollecdə ixtisasla bağlı keçirilən fənlər və istehsalat praktikaları tələbələrin gələcək peşə həyatına hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Kollecin maddi-texniki bazasının güclü olduğunu, dəmir yolu sahəsi üçün xüsusi təchiz olunmuş otaqların mövcudluğunu deyən Səkinə Məmmədli bu şəraitin bilik və bacarıqların formalaşmasına geniş imkan yaratdığını xüsusi vurğuladı. Gələcək planlarından danışan tələbə onu da qeyd etdi ki, kolleci bitirdikdən sonra universitetdə bakalavr pilləsi üzrə təhsilini davam etdirmək niyyətindədir: “Zəngəzur dəhlizi kimi iri nəqliyyat layihələri gənc­lər üçün yeni perspektivlər açır, dəmir yolu sahəsində oxuyan tələbələrə öz biliklərini real layihələrdə tətbiq etmək imkanı yaradır. Böyük ümidlə yolun açılaçağı günü gözləyirik”.
Kənan Cümşüdov da 2024-cü ildə Naxçıvan Dövlət Universitetinin nəzdində fə­aliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasına qəbul olan tələbələrdəndir: “Təhsil aldığımız müddətdə ixtisasımıza uyğun olaraq həm nəzəri biliklərə yiyələnir, həm də müxtəlif praktik bacarıqlar əldə edirik. Bu bilik və bacarıqlar gələcək peşə fəaliyyətimiz üçün möhkəm təməl yaradır. Düşünürəm ki, ixtisasımızın perspektivi təkcə paytaxtla məhdudlaşmamalı, Azərbaycanın bütün rayon və kəndlərini əhatə etməlidir. Ümid edirəm ki, gələcək illərdə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın dəmir yolu şəbəkəsi ilə ölkənin digər bölgələri arasında daha sıx əlaqə təmin olunacaq. Bu həm bölgənin inkişafına təkan verəcək, həm də bizim kimi gənc mütəxəssislərə geniş iş imkanları yaradacaq. Ən böyük arzum odur ki, əldə etdiyimiz bilikləri Vətənimizin inkişafı naminə tətbiq edək və Azərbaycanın bütün bölgələrində peşəkar kadrlar kimi fəaliyyət   göstərək”. 
Dəmir yolu sahəsində atılacaq hər bir uğurlu addım   ölkəmizin gələcəyinə aparan möhkəm relslər olacaq. Biz də gələcəyin dəmiryolçularına uğurlar arzulayırıq. Əminliklə demək olar ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına xidmət edən strateji layihə kimi reallaşacaq. Bu dəhlizin açılması Naxçıvanın nəqliyyat-logistika imkanlarını genişləndirməklə yanaşı, muxtar respublikanın sosial-iqtisadi inkişafına da güclü təkan verəcək. Naxçıvanlılar bu tarixi mərhələyə inamla, ümidlə və ciddi hazırlıqla addımlayır, doğma diyarın inkişafına öz töhfələrini verməyə hazır olduqlarını əməlləri ilə nümayiş etdirirlər. Xüsusilə qeyd etmək lazımdır ki, peşə təhsili müəssisələrində dəmir yolu və nəqliyyat sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilir. Belə ki, Şərur Peşə Liseyində 2025-2026-cı tədris ilində Dəmiryol stansiyası və keçid növbətçisi ixtisası üzrə 20 tələbə təhsil alır. Eynilə Ordubad Peşə Liseyində Dəmiryol stansiyası növbətçisi ixtisası üzrə 3 illik təhsil alan 17 tələbə var. Onlardan 3-ü qız, 14-ü isə oğlandır. Bu isə gələcəkdə Zəngəzur dəhlizi kimi strateji layihələrin uğurla reallaşdırılması üçün insan kapitalının formalaşdırıldığını göstərir. 

 Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 15.02.2026 09:07