NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Mübarizlər məktəbinin vətənpərvər yetirmələri

...

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kolleci Vətənə, torpağa sədaqət yolunda addımlayan gənclərin yetişdiyi mübarizlər məktəbidir. Burada hər bir kursant gələcəyin mərd və vətənpərvər əsgəri kimi formalaşır. Biz də məktəbin kursantları ilə görüşərək onların arzuları, qarşıya qoyduqları hədəflər və burada öyrəndikləri biliklər haqqında söhbətləşdik. Onların hər biri həm fiziki, həm də mənəvi baxımdan güclü olmağın nə demək olduğunu bu məkanda öyrənir. Elə korpusa yenicə daxil olmuşduq ki, tənəffüsdə vətənpərvərlik mahnılarının səsləndiyini eşitdik. Dəhlizlərdə addımlayan kursantların nizam-intizamlı hərəkətləri, bir-birinə hörmətlə yanaşmaları və üzlərindəki qürurlu ifadə sanki bizə çox şey danışırdı. 

Yaradıcılığım daxili dünyamı ifadə etməyin ən təsirli yoludur

Söhbətimizə başladığımız ilk kursant Anar Abbasov oldu. Öyrənirik ki, onun Naxçıvan Hərbi Kollecində təhsil almaq qərarı uşaqlıqdan formalaşan hərbi formaya sevgisi, Vətənə xidmət etmək arzusu və hərb sahəsinə olan dərin hörmətindən qaynaqlanır: “Özümü hər zaman ölkəmə faydalı bir fərd kimi görmək istəmişəm. Hərb sahəsi isə bu istəyimin ən doğru ünvanı oldu. Gələcəkdə əsgərlərə rəhbərlik edəcək biri kimi böyük məsuliyyət daşıdığımı dərk edirəm”.
Onun sözlərinə görə, hərbi təhsildə nizam-intizam ona vaxtı düzgün idarə etməyi, hər vəziyyətdə soyuqqanlı qalmağı və məsuliyyətli davranmağı öyrədib. Bu keyfiyyətlər həm dərslərində, həm də şəxsi həyatında ona böyük üstünlük yaradır. Anar rəsm qabiliyyətinə malik kursantlardandır. Yaradıcılıq onun həyatında mühüm yer tutur: “Rəsm çəkmək mənim daxili dünyamı ifadə etməyin ən təsirli yoludur. Rənglərin dili ilə düşüncələrimi kağıza köçürmək həm sakitlik verir, həm də yeni baxış bucağı qazandırır. Hərbi kollecdə aldığım təlimlər rəsmdə də daha dəqiq və diqqətli işləməyimə kömək edir”. 
Kursantın sözlərinə görə, sıx rejimə baxmayaraq, yaradıcılığa mütləq vaxt ayırır: “Axşam istirahət saatlarında eskizlər çəkirəm. Bu məşğuliyyət gün ərzində yığılan gərginliyi azaldır. Məncə yaradıcılıq insanın ruhunu qoruyan ən vacib xüsusiyyətlərdən biridir. Gələcək hədəfləri barədə danışarkən Anar Abbasov bildirdi ki,  rəsm texnikasını inkişaf etdirib gələcəkdə peşəkar sərgilərdə iştirak etmək istəyir. Onun üçün əsas olan Vətənə layiqli hərbçi kimi xidmət etməkdir. Hərbi sahədə məqsədi isə seçdiyi ixtisas üzrə peşəkar zabit olmaq, yüksək rütbələr qazanmaq və ölkəsinə daha böyük xidmət göstərməkdir.

Qəlbimlə yazdığım misraları şərəflə geyindiyim hərbi forma ilə qoruyuram

Həmsöhbət olduğumuz digər kursant Havadar Dilavərli sözünə belə başladı: “Hər bir azərbaycanlı gəncin arzusudur ki, Vətənə faydalı olsun. Mən də bu formanın məsuliyyətini hər gün daha dərindən hiss edirəm”. Havadarın sözlərində bir gəncin sadəlövhlüyü yox, artıq formalaşmağa başlayan bir əsgər iradəsi sezilirdi: “Hərbi təhsil mənim üçün peşə öyrənməklə bərabər, həm də Vətənə sədaqət, intizamlı həyat tərzi və fədakarlıq kimi ali dəyərləri mənimsəmək deməkdir. Eyni zamanda olduğumuz bu mühit insanın xarakterini formalaşdırır, onu həm fiziki, həm də mənəvi cəhətdən daha güclü edir”. 
Havadar Dilavərli bildirdi ki, hərbi formanı geyinərkən Vətən qarşısında məsuliyyət hissini böyük qürur və şərəflə daşıyır: “Kollecimizdə hərbi təhsillə yanaşı, müxtəlif məşqlərə də cəlb olunuruq. Onlar arasında ən çox sevdiyim məşq döyüş-taktiki hazırlıqdır. Bu məşqlər bizə real şəraitdə düşünməyi, komanda ilə işləməyi və ani qərarlar verməyi öyrədir. Həmçinin şəhidlərimizin əmanətini qorumaq kimi böyük bir missiyanı    xatırladır”. 
Müsahibim həm də şeir yazdığını deyir. Elə söhbətimizin bu yerində şeirlərindən birini səsləndirir: “Şeir yazmağa məktəb illərindən başlamışam. İlk cəhdlərim daha çox Vətən sevgisi, torpaq həsrəti və duyğularımın saf təzahürü idi. Əlbəttə ki, ilk yazdığım misralar sadə idi, amma içindəki səmimiyyət bu gün də qəlbimdə yaşayır.  Sosial şəbəkələrdə izlənilən və hamı tərəfindən bəyənilən videoma yazılan müsbət rəylər mənə böyük motivasiya verdi. Oxucuların hisslərinə toxuna bilmək və onların düşüncələrində iz buraxmaq məni daha da yazmağa təşviq etdi. Bu həm də sözümün qarşı tərəfdə qiymət tapdığını görmək baxımından da çox dəyərli idi mənim üçün. İlhamım isə həm hərbi həyatdan, həm də şəxsi duyğulardan qaynaqlanır. Hərbi nizam-intizam, birlik və qardaşlıq hissi yazdığım şeirlərə güc qatır. Şəxsi duyğularım isə şeirlərə dərinlik və səmimiyyət verir. Qəlbimlə yazdığım misraları, şərəflə geyindiyim hərbi forma ilə qoruyuram”, – deyir kursant Havadar Dilavərli. Gələcək hədəfləri haqqında  danışan  zaman isə bildirdi ki, gələcəkdə hərbi qulluqçu kimi daha yüksək bilik və bacarıqlara yiyələnərək Vətənimizin müdafiəsinə töhfə verməyi hədəfləyir. 

Məqsədlərimizin fövqündə bir amal dayanır,

Vətənə nümunəvi bir zabit kimi xidmət göstərmək

Kollecdə idman sahəsi üzrə seçilən gənclər arasında adı xüsusilə çəkilən kursant  Vüqar İsmayılov deyir ki, idman onun ən güclü  tərəfidir. 
Onun sözlərinə görə, fiziki davamlılıq, çeviklik və komanda ilə işləmə bacarığı həm təlimlərdə, həm də sıra və döyüş hazırlığında ona mühüm üstünlük qazandırır: “İdman mənəvi dözümlülük tələb edir və bu keyfiyyətlər hərbi həyatda çox dəyərlidir”. Onun sözlərinə görə, hərbi təhsilin idmanla sıx bağlı olması bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır: “Fiziki hazırlıq dərsləri, səhər məşqləri və qoşun  hazırlığı mənim gücümü və dözümlülüyümü artırır. Boş vaxtlarımda əlavə məşqlər etməyə çalışıram. Sıx rejim inkişafıma mane olmur, əksinə, məni daha da gücləndirir”. Kursant gələcək planlarından da danışarq deyir ki, idman sahəsində daha peşəkar olmağı, xüsusilə hərbi-idman yarışlarında iştirak edərək nailiyyətlərini artırmağı hədəfləyir. Lakin bütün məqsədlərin fövqündə bir amal dayanır: Vətənə güclü,   hazırlıqlı və nümunəvi bir zabit kimi xidmət göstərmək. “İdman bu yolda mənə əlavə güc və motivasiya verir”, – deyə gənc kursant vurğulayır.

Müasir orduda çevik düşünmə, analitik yanaşma hər bir hərbçi üçün vacib keyfiyyətlərdəndir

Naxçıvan Hərbi Kollecinin informasiya texnologiyaları üzrə bacarıqlı gənclərindən olan kursant Rəhim Mürsəliyev bu gün müasir ordunun təməlini təşkil edən texnikiliyin əhəmiyyətini dərindən dərk edən kursantlardandır. O özünü belə təqdim edir: “İnformasiya texnologiyaları sahəsində bacarıqlıyam. Kompüter biliyim, proqramlarla işləmək, məlumatı analiz etmək və texniki problemləri sürətlə həll etmək qabiliyyətim yüksəkdir. Bu biliklər hərbi hazırlıqda mənə ciddi üstünlüklər qazandırır. Çünki müasir orduda texnologiyanın rolu ölçüyəgəlməz dərəcədə böyükdür və ona görə də çevik düşünmə, analitik yanaşma hər bir hərbçi üçün vacib keyfiyyətlərdəndir. Sıx tədris və məşq qrafikinə baxmayaraq, kursant boş vaxtlarını səmərəli dəyərləndirir, müxtəlif pro­qramlar üzrə araşdırmalar aparır, texniki yeniliklərlə maraqlanır, öz üzərində çalışmağı gündəlik vərdişə çevirir”. 
Onun sözlərinə görə, texnologiya sahəsində baş verən yenilikləri izləmək həm maraq, həm də gələcək hərbi fəaliyyəti üçün vacib bir addımdır. Gələcək planlarından danışan Rəhim bildirir ki, xidmətlə yanaşı informasiya texnologiyaları üzrə əlavə kurslar keçməyi düşünür, hərbi sahədə tətbiq olunan texniki sistemlərlə bağlı biliklərini daha da artırmaq istəyir. Amma bütün bunların fonunda əsas məqsədi Vətənə sədaqətlə xidmət etməkdir. 
Bu gün qürur hissi ilə demək olar ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kolleci nümunəvi bir təhsil ocağı kimi ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Onların qarşısında duran başlıca vəzifə isə kursantlara hərbi-vətənpərvərlik tərbiyəsinin bundan sonra da yüksək səviyyədə aşılanması, onların bu ruhda formalaşdırılmasının diqqətdə saxlanılmasıdır. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasında bu amillər əsas şərtlərdir. 

Bülbül Rövşənqızı

Nəşr edilib : 28.01.2026 10:00