Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan cəmiyyətində müəllim peşəsi hər zaman xüsusi hörmət və ehtiramla qarşılanıb. Çünki müəllim yalnız bilik verən deyil, həm də şəxsiyyət formalaşdıran, vətəndaş yetişdirən, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürən müqəddəs missiyanın daşıyıcısıdır. Bu gün təhsil sahəsində çalışan, peşəsinə sevgi və məsuliyyətlə yanaşan gənc müəllimlərimiz gələcəyimizin etibarlı əllərdə olduğunu bir daha sübut edirlər. Belə gənclərdən ikisi də müəllim peşəsini seçən, bu peşəni özünə şərəf bilən Amin Yusifov və onun həyat yoldaşı Rəqsanə Yusifovadır. Ordubad rayonunun Ələhi kənd tam orta məktəbində fəaliyyət göstərən gənc tarix müəllimi Amin Yusifovla həmsöhbət olan zaman öyrənirik ki, 2000-ci ildə Samux rayonunun Alıuşağı kəndində anadan olub. Valideynləri 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun Susuzluq kəndindən məcburi köçkün düşərək Samux rayonunda məskunlaşıblar. Bu həyat yolu, yurd nisgili, Vətən həsrəti Amin Yusifovun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayıb. Gəncə Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olunaraq 2021-ci ildə ali təhsilini başa vurub. 2023-cü ildə Ordubad rayon Xurs kənd tam orta məktəbində tarix müəllimi kimi çalışan gənc pedaqoq 2024-cü ildən Ələhi kənd ümumi orta məktəbində müəllim, hazırda isə direktor əvəzi vəzifəsində çalışır. Amin Yusifovun həyat yoluna diqqət yetirdikdə onun təhsilə, dövlətçiliyə və Vətənə bağlılığını aydın görmək mümkündür. Tarix müəllimi kimi o, şagirdlərinə yalnız faktları deyil, milli yaddaşı, Azərbaycançılıq ideyasını aşılayır.
Bu ailədə müəllimlik ənənəsi həyat yoldaşı Rəqsanə Yusifova tərəfindən də uğurla davam etdirilir. Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasına qəbul olunan Rəqsanə Yusifova 2024-cü ildə ali təhsilini başa vurub. O, Ordubad rayon Nəsirvaz kənd tam orta məktəbində müddətli müqavilə ilə müəllim kimi fəaliyyət göstərib, 2025-ci ildən isə Xurs kənd tam orta məktəbində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, dərs dediyi şagirdlərdə, ilk növbədə, məhz vətənpərvərlik hisslərini formalaşdırmağa çalışır: “Bu ruhda böyüyən nəsil gələcəkdə istər Vətənin müdafiəsində, istər milli və mədəni dəyərlərin qorunmasında, istərsə də dövlətçilik ənənələrinin yaşadılmasında öz vəzifəsini layiqincə yerinə yetirəcək. Mən də bir müəllim kimi bu missiyanı özüm üçün mənəvi borc hesab edirəm”. Bu gün təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən Amin Yusifov və Rəqsanə Yusifova kimi gənc müəllimlər cəmiyyətimiz üçün əsl örnəkdir. Onlar gənc pedaqoqlar kimi həm də Vətənə bağlı, milli dəyərlərə sadiq, məsuliyyətli vətəndaşlar yetişdirən ziyalılardır. Özləri gənc olsalar da, gələcəyin qurucuları olan gənc nəslin hərtərəfli formalaşmasına mühüm töhfə verirlər. Belə müəllimlərin fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin sabahı etibarlı əllərdədir.
Bülbül QULİYEVA
Digər xəbərlər