NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda yeniyetmə oğlan və qız voleybolçular arasında zona birincilikləri üzrə I mərhələnin son oyunu keçirilib

...

Son zamanlar muxtar respublikada voleybol idman növünün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yeniyetmə oğlan və qız voleybolçular arasında Naxçıvan Muxtar Respublika zona birincilikləri üzrə I mərhələnin son oyunları keçirilib. Belə ki, U18 yaş kateqoriyası üzrə oğlanların mübarizəsində 3 qarşılaşma baş tutub. Yarışların keçirilməsində əsas məqsəd 2026-cı il ərzində Bakıda yeniyetmələr arasında keçiriləcək Azərbaycan çempionatlarının play-off mərhələlərində Naxçıvanı təmsil edəcək komandaların tərkibini müəyyənləşdirmək, muxtar respublikada voleybol idman növünü inkişaf etdirmək, ən güclü idmançıları müəyyən etmək, idmanın kütləviliyinin artırılmasına nail olmaq və peşəkar yerli voleybolçuların sayını artırmaqdan ibarətdir. Qeyd edək ki, ikinci və üçüncü mərhələnin oyunları 10-12 fevral tarixlərdə oynanılacaq.
I mərhələnin son oyununda Sədərək-Naxçıvan 1:3, Culfa-Kəngərli 3:2, Sədərək-Şərur 3:0 nəticələri qeydə alınıb. Biz də oyunlarda iştirak edib yeniyetmələrin təəssüratlarını öyrəndik. 
“Möminə xatun” komandasında çıxış edən Leyla Alışlı bildirib ki, artıq iki ildir, idmanla peşəkar şəkildə məşğul olur. Onun sözlərinə görə, bundan əvvəl də müxtəlif yarışlarda iştirak edib və hər dəfə yüksək nəticələr göstərməyə çalışıb: “Komanda olaraq iştirak etdiyimiz bütün yarışlarda qalib olmağı bacarmışıq, xüsusilə aprel ayında Bakıda keçirilən respublika yarışında birinci yerə layiq görülmüşük. Hazırda isə komanda olaraq növbəti mərhələ üçün keçirilən seçmə yarışlarında iştirak edirik”. 
Leyla Alışlı qeyd edib ki, bu seçmələr onların gələcək beynəlxalq arenalarda çıxışı üçün xüsusi əhəmiyyət daşıyır: “Biz hər məşqdə daha çox çalışırıq, hədəfimiz “Möminə xatun” adını daha böyük yarışlarda da layiqincə təmsil etməkdir. 
Şərur rayonunun voleybol komandasında çıxış edən Altay Tahirov bildirdi ki, artıq 2 ildir, voleybol idman növü ilə mütəmadi şəkildə məşğul olur: “Keçirilən bu cür yarışlar bizim üçün çox böyük əhəmiyyət daşıyır. Çünki həm təcrübə qazanırıq, həm də öz üzərimizdə işləmək üçün imkan əldə edirik. Yarışlara kifayət qədər yaxşı hazırlaşmışdıq və bu turnir bizə gələcəkdə daha yaxşı nəticələr göstərmək üçün əlavə motivasiya verdi. Bu yarışdan əvvəl də müxtəlif turnirlərdə iştirak etmişik. Məqsədimiz isə hər dəfə əvvəlkindən daha yaxşı çıxış etməkdir. Qarşıdakı yarışlara daha ciddi hazırlaşıb, məşqlərimizi artıraraq daha yüksək nəticələr qazanmağa çalışacağıq. Seçmələrə düşmək məsələsinə gəldikdə, bu yarışda özümü kifayət qədər fəal iştirak etmiş hesab etmirəm. Azərbaycan çempionatına çıxmaq üçün hələ üzərimdə daha çox işləməli olduğumu düşünürəm. Buna baxmayaraq, komandamızdan bir neçə oyunçunun fəallığı ilə seçilməsi bizim üçün böyük uğurdur və bu, gələcək üçün bizə əlavə stimul verir”.
“Möminə xatun” komandasının üzvü Gültəkin Kərimli bildirib ki, keçən il Bakıda keçirilən yarışlarda da iştirak edib və həmin yarışlar onun üçün böyük təcrübə olub. Bu il Naxçıvanda təşkil olunan yarışlarda da komanda ilə birlikdə uğurla çıxış ediblər və bütün görüşlərdə qalib olublar. Komandanın bu uğurunda məşqçi və müəllimlərin böyük rolu var: “Biz hər yarış öncəsi məşqçimiz və müəllimlərimizdən böyük motivasiya alırıq. Onlar bizə güvəndiklərini bildirir, qalib gələcəyimizi deyirlər və heç vaxt ruhdan düşməməyimizi tövsiyə edirlər. Bu bizim üçün çox böyük dəstəkdir”, – deyə Gültəkin vurğulayır. 
Qeyd edək ki, Naxçıvanın gənc idmançıları hər zaman yüksək səviyyədə mübarizə aparmaqla seçiliblər və ölkə səviyyəsindəki uğurları ilə diqqət çəkirlər. Bütün komandalarımıza play-off mərhələsində uğurlar arzu edirik! Biz inanırıq ki, Naxçıvanın komandaları mübarizələrində əzmlə çıxış edəcək, azarkeşləri sevindirəcək və nəticələrinə görə qürur mənbəyi olacaqlar.

Bülbül RÖVŞƏNQIZI
 

Nəşr edilib : 07.02.2026 12:54