Şahtaxtı kənd tam orta məktəbində oftalmoloq-alim,...
18:13 28.04.2025
0
0
0
NAXÇIVAN :
28 Aprel 2025, Bazar ertəsi
Həkimlər dünyanın ən çətin və şərəfli peşəsinə sahibdirlər. Çünki öz şəfalı əlləri ilə Tanrıdan sonra insanlara şəfa və ümid verənlərdir həkimlər. Gecəsi, gündüzü bilinməyən bir peşənin sahibi olmuşdu Zərifə xanım da. O həm gözəl həyat yoldaşı, həm gözəl ana, həm də gözəl həkim idi. Tanrı ona elə böyük bir ürək bəxş etmişdi ki, o bunların hamısının öhdəsindən layiqincə gələ bilirdi. Həyat və yaradıcılığı mənəviyyat, kamillik, müdriklik örnəyi olan akademik Zərifə Əziz qızı Əliyeva da bu gün məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Görkəmli alimin dəyərli elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminə sanballı töhfədir.
Mənəvi keyfiyyətləri, mənalı ömür yolu, şərəfli peşə fəaliyyəti ilə milyonların qəlbində özünə əbədi heykəl ucaldan nurlu şəxsiyyətlərin həyat səhifələrini vərəqləyərkən zaman məfhumu sanki mövcudluğunu itirir. Üzərlərinə götürdükləri nəcib missiya ilə xalqının mənəvi-intellektual potensialının daşıyıcısına çevrilən belə insanlar yaşadıqları zamanın fövqünə qalxır, milli inkişaf və tərəqqi naminə misilsiz xidmətlər göstərirlər. Onlar ucaldıqları zirvəni qeyri-adi əməksevərlikləri, intəhasız ürək genişliyi, təmənnasız xeyirxahlıqları, səmimi hiss və duyğuları, fitri istedad, nadir bilik və qabiliyyətləri sayəsində fəth edirlər. Zərifə xanım Əliyeva da Azərbaycan qadınına xas yüksək humanizmi, həssaslığı, əxlaqi dəyərləri, insanpərvərlik keyfiyyətlərini, təşəbbüskarlığı parlaq şəxsiyyətində cəmləşdirən, hələ sovetlər birliyi dövründə respublika qadın hərəkatının önündə gedən nüfuzlu ziyalılardan biri olmuşdur. O, cəmiyyətdə daim fəal mövqe tutan ziyalı olaraq respublika qadınlarının təşkilatlanması, milli məqsədlər naminə səfərbər olunması üçün əlindən gələni əsirgəməmiş, gender tarazlığının qorunmasına çalışmışdır. O həm də qayğıkeş, sədaqətli həyat yoldaşı, mehriban ana, nəcib qadın, gözəl həkim kimi yaddaşlara həkk olunub. Zərifə xanım Əliyeva Azərbayan tibb elminə də adını qızıl hərflərlə həkk etdirmiş bir həkim olub.
İkinci Dünya müharibəsinin yenicə başa çatdığı bir dövrdə keçmiş SSRİ-nin bir çox regionlarında olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyinin geniş yayılma təhlükəsi yaranmışdı. Bu xəstəliyə qarşı aparılan ara-sıra mübarizə tədbirlərinin səmərəsi isə az idi. Ona görə də gənc alim bu və digər ağır, yoluxucu göz xəstəliklərinin qarşısını almaq üçün yollar axtarırdı. Həmin dövr üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. O vaxt traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu qənaətbəxş olmadığından, ümumi vəziyyətin nikbin qiymətləndirilməsinə əsas verən hansısa amil yox idi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı Zərifə xanım Əliyeva ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm Tədbirlər Planı hazırlayaraq həyata keçirməyə başlamışdı. Görkəmli alim traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirmiş, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırmış, pasientlərə məsləhətlərini vermiş, onun profilaktika və müalicəsi ilə bağlı maarifləndirici söhbətlər aparmışdı. Alim traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən sintomisindən istifadə etməklə yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdu. Beləliklə, Zərifə xanımın fədakarlığı sayəsində yerinə yetirilən tibbi tədbirlər bu xəstəliyə tutulmuş insanların dünya işığından məhrum olmasının, əlilliyə düçar olaraq əmək qabiliyyətini itirməsinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşməsinin qarşısını almışdır.
Zərifə xanım elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayaraq əvvəlcə kafedranın dosenti, professoru, daha sonra müdiri vəzifəsində çalışmış, həkimlərin diplomdan sonrakı hazırlıqlarının tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdı. Onun təkmilləşmə kursu keçən həkimlərə oxuduğu mühazirə və apardığı praktik məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.
Ümummilli Lider Heydər Əliyev kimi fenomenal bir şəxsiyyətin, dahi insanın ömür-gün yoldaşı olmağın özü də həyatda ağır məsuliyyət, cavabdehlik deməkdir. Yaxın dostları xatirələrində qeyd edirlər ki, Zərifə xanım Əliyeva təkcə peşə fəaliyyətində deyil, həm də ailəsində üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirirdi. İşinin gərginliyinə baxmayaraq, mülayimliyi, həssaslığı ilə həmişə ailəsinin qayğıları ilə yaşayırdı. Görkəmli akademik övladlarının təlim-tərbiyəsinə böyük enerji sərf edən valideyn olmuşdur. O, övladlarını bir an da olsun yaddan çıxarmır, cəfakeş ana kimi dərd-sərlərinə qalırdı.
Dahi rəhbər Heydər Əliyevin, ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində bu gün cənab İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olub.
Rauf CƏFƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər