Avropa Komissiyası ilə təbii qaz və yaşıl enerji s...
19:37 02.06.2025
0
0
0
NAXÇIVAN :
02 Iyun 2025, Bazar ertəsi
Bu gün Sabirin doğum günüdür
Ədəbiyyatımıza görkəmli söz ustaları bəxş etmiş Şirvan bölgəsinin incisi olan Şamaxı şəhərində 1862-ci ildə dünyaya göz açmış Ələkbər Tahirzadə sonralar ədəbiyyatın səmasında parlaq bir ulduza çevriləcək, satirası ilə cəmiyyətin ağrıyan yerlərinə işıq salacaq, “Sabir” təxəllüsü ilə tanınacaqdı.
Atası Hacı Zeynalabdin oğlunun din adamı olmasını arzulayırdı. Bu məqsədlə onu 7-8 yaşlarında məhəllə mollaxanasına yazdırır. Ancaq orada Qurandan başqa mətnlərin oxunmasına icazə verilməməsi onun ədəbiyyata olan marağını boğur, dərslərdən soyudur, içində alovlanan yaradıcılıq eşqinə zərbə vururdu. Buna səbəb olaraq da o, ilk şeirini yazır:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda.
…Tale, nəhayət, Sabiri onu anlayacaq bir müəllimlə qarşılaşdırdı – Seyid Əzim Şirvani. Azərbaycanın maarifçi ziyalılarından olan bu insanın açdığı “Üsuli-cədid” məktəbi Sabirin həyatını tamamilə dəyişdi. Burada yalnız dini deyil, həm də dünyəvi elmlər tədris edilirdi. Sabirin ədəbi istedadı məhz bu mühitdə üzə çıxdı.
Seyid Əzim onun yaradıcılığına böyük diqqət yetirir, ona əlavə tapşırıqlar verir, sözün gücünü dərk etməsinə çalışırdı. Sabir ilk dəfə Sədi Şirazinin “Gülüstan” əsərindən mənzum hekayələri tərcümə etməklə poeziya aləminə qədəm qoydu. Müəllimi ona böyük Nizaminin “Xəmsə”sini hədiyyə etdi, elə bu hədiyyə Sabirin ədəbi düşüncəsində dərin iz buraxdı. Onun ilk şeirlərində klassik ənənənin, Seyid Əzimin ideyalarının təsiri aydın sezilirdi.
Sabir 21 yaşına qədər atasının dükanında çalışsa da, qəlbi daim sözə bağlı idi. XX əsrin əvvəllərindən onun satirik şeirləri mətbuatda yer almağa başladı. 1903-cü ildə “Şərqi-Rus”, sonra “Həyat” qəzetlərində çıxış etdi. Lakin onun yaradıcılığının zirvəsi, şübhəsiz, “Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. 1906-cı ildən etibarən bu jurnalda Sabir ən fəal qələm sahiblərindən biri oldu. Onun satirası dövrün geriliyini, bu geriliyi yaradanları, dini fanatizmi, cəhaləti, sosial ədalətsizliyi amansızca hədəfə alırdı.
Sabirin yazdıqları bir çox dairələrdə narazılıqla qarşılanırdı. Əsərləri gizli imzalarla çap edilsə də, kim tərəfindən yazıldığı məlum idi. Ona qarşı “mürtəd”, “kafir” damğası vurulmuş, şeirlərini oxuyanlar belə təzyiqlərə məruz qalırdı. Nəticədə, Sabir bir müddət mətbuatdan uzaqlaşıb sabun istehsalı ilə məşğul olmağa başladı.
Lakin bu susqunluq çox çəkmədi. 1907-ci ildə yenidən ədəbi və maarifçi fəaliyyətə qayıtdı. Bakıda “İrşad” qəzetində çalışdı, müəllimlik hüququ almaq üçün imtahanlara hazırlaşdı. Həmin dövrdə dostlarının təşəbbüsü ilə Qori Seminariyasında onun üçün müəllim yeri hazırlanırdı. Lakin Sabir bu fürsətdən yararlana bilmədi, çünki ürəyi doğma Şamaxı üçün döyünürdü.
Sabir 1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi”ni açır. Burada tədris etdiyi fənlər sırasında həm dünyəvi, həm də dini elmlər var idi. Məktəbin məqsədi, sadəcə, bilik ötürmək yox, həm də cəmiyyətin maariflənməsinə xidmət etmək idi. Təəssüf ki, onun maarifçilik fəaliyyəti də narazılıqlarla qarşılanırdı. “Müsəlman deyil” damğası bu dəfə də Sabiri izlədi və məktəb şagird sayının azalması səbəbindən 1909-cu ildə bağlandı.
Sabir isə öz ideyalarından dönmürdü. 1910-cu ildə Bakıya qayıdaraq “Molla Nəsrəddin”lə əməkdaşlığını davam etdirməyə başlayır. Şeirlərində xalqın dərdini dilə gətirir, sosial ədalətsizliyi tənqid edirdi. O, poeziyaya silah kimi baxırdı.
Lakin sağlamlığı onu yarı yolda qoyur. Belə ki, 1910-cu ildə qaraciyər xəstəliyinə tutulur. Bakıdan ayrılıb Şamaxıya dönür, amma yazmağından yenə də qalmır. “Molla Nəsrəddin” redaksiyası onun müalicəsi üçün kampaniya təşkil edir, vəsait toplanır. Sabir əməliyyata razılıq versə də, həkimlər artıq gec olduğunu bildirirlər.
Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də dünyasını dəyişdi. O, Şamaxıda, Yeddi Günbəz məzarlığında dəfn edildi. Ölümündən cəmi üç gün əvvəl Hacı İbrahim Qasımova belə bir məktub göndərmişdi: “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömrüm vəfa etsəydi, sümüklərimi də xalqımın yoluna qoyardım.”
Bu sözlər Sabirin həyat fəlsəfəsini, xalqına olan sonsuz məhəbbətini, sözə və haqqa olan sədaqətini ən gözəl şəkildə ifadə edir. Sabir getdi, amma onun sözü qaldı. Zamanın və zalımların üzərinə şimşək kimi çaxan sözü…
Elnurə CƏFƏROVA
NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər