NAXÇIVAN :

04 Iyun 2025, Çərşənbə

“Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri” mövzusunda tədbir keçirilib

...

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri” mövzusunda tədbir keçirilib .
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətini vurğulamışdır.
Naxçıvan Şəhər Təhsil şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək uşaqların sağlam və əxlaqlı vətəndaş kimi formalaşmasında valideynlərin rolunun əvəzsiz olduğunu qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva tədbirdə təqdimatla çıxış edərək bildirmişdir ki, uşaq tərbiyəsi cəmiyyətin gələcəyini formalaşdıran ən vacib amillərdən biridir. Bu prosesdə valideynlərin rolu əvəzolunmazdır. Valideyn həm övladına ilk müəllim, həm də ilk nümunədir. Uşağın şəxsiyyət kimi formalaşmasında valideynin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət təkcə bioloji övlad sahibi olmaqla bitmir, eyni zamanda onların əxlaqi, mənəvi, sosial və psixoloji inkişafı üçün davamlı və şüurlu şəkildə çalışmaq tələb olunur. Bu məqsədlə valideynlər övladlarına vaxt ayırmalı, onları dinləməli və hisslərini başa düşməyə çalışmalıdırlar. Uşağın inkişafı üçün həm fiziki, həm də emosional ehtiyaclarının qarşılanması vacibdir.
“Autizmli uşaqlara dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru, dosent doktor Ayaz Seyidli də tədbirdə çıxış edərək bildirmişdir ki, uşağın psixoloji inkişafında ailənin, xüsusilə də valideynlərin rolu əsas amillərdəndir. Valideyn uşaq üçün ilk güzgü, müəllim və sosial modeldir. Uşaqlar davranışları, əsasən, valideynlərini müşahidə edərək və onları təqlid edərək öyrənirlər. Bu səbəbdən valideynin dedikləri ilə etdiyi hərəkətlər arasında uyğunluq olduqca vacibdir. Bu səbəbdən valideynlər uşaqlara nümunə olmaq üçün öz davranışlarına xüsusi diqqət yetirməlidirlər. Uşaq ailədə gördüyü münasibət və dəyərləri sonradan cəmiyyətə daşıyır. Sağlam və sevgi dolu ailə mühiti uşağın özünə inamlı və emosional cəhətdən balanslı fərd kimi formalaşmasına zəmin yaradır.
Müəllimlərin və şagirdlərin iştirak etdiyi tədbir diskussiya şəklində davam edib.

Nəşr edilib : 02.06.2025 19:20