NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

“Yenidən təşkil olunan Naxçıvan Müəllimlər İnstitutu” adlı təqdimat konfransı keçirilib

...

7 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti “Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərarın icrası istiqamətində Naxçıvan Müəllimlər İnstitutunda “Yenidən təşkil olunan Naxçıvan Müəllimlər İnstitutu” adlı təqdimat konfransı keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin rektoru Azad Novruzov çıxış edərək bildirib ki, institut ictimai əhəmiyyət daşıyan fəaliyyətlə (yəni təhsil və elmlə) məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Vurğulanıb ki, Naxçıvan Müəllimlər İnstitutu əvvəlki kimi, dövlət ali təhsil ocağı olaraq qalır, lakin bir sıra hüquq və vəzifələri, habelə fəaliyyət istiqamətləri genişlənir, maliyyə müstəqilliyi artır. Və təbii ki, dövlət, cəmiyyət və təhsilalanlar qarşısında məsuliyyəti də xeyli artır.

Azad Novruzov onu da diqqətə çatdırıb ki, bu hadisə növbəti il yaradılmasının 25-ci ilinə qədəm qoyacaq Naxçıvan Müəllimlər İnstitutu üçün çox əlamətdar və əhəmiyyətli hadisədir. Bütövlükdə ölkə müstəqilliyinin bəhrəsi olan Naxçıvan Müəllimlər İnstitutu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə, o cümlədən onun ayrılmaz tərkib hissəsinə – tarixən elm və təhsil beşiyi olmuş Naxçıvan diyarına əvəzsiz ərmağanlarından biridir. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2018-ci ildə bu ali təhsil müəssisəsinin yeni tədris korpusunun açılışında şəxsən iştirak etməsi isə bir tərəfdən Ulu Öndərin elm və təhsil siyasətinin varisliyinə onun sadiqliyinin bariz nümunəsi kimi, digər tərəfdən isə  ali təhsil və elm ocaqlarının inkişafına qayğısının ifadəsidir.

Sonra rektor tədbir iştirakçılarını ali təhsil ocağının maddi texniki bazası ilə yaxından tanış edib. 

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 20.09.2024 18:17