NAXÇIVAN :

27 Sentyabr 2026, Bazar

Azərbaycan Ordusunun düşmənə “sentyabr dərsləri”

...

27 sentyabr 2020-ci il: 44 gündə Zəfər qazandıq

Bu, 30 illik işğaldan bezən xalqın öz qüruru və şərəfi uğrunda mübarizəsi, həm də susqunluğu ilə işğala faktiki olaraq dəstək verən dünyanın ədalətsizliyinə etirazı idi. “Qarabağ Azərbaycandır!” şüarı ilə irəli atılan ordumuzun qələbə xəbəri bütün dünyada əks-səda verdi. 30 ildir, möhkəmləndirilən və “keçilməz” adlandırılan istehkamlar cəmi bir neçə saata yarıldı. İgid oğullarımızın gücü qarşısında tab gətirə bilməyən erməni ordusu pərən-pərən düşdü. Azərbaycan xalqı 44 gün ərzində təkcə Ali Baş Komandanı, ordusu, həkimi ilə deyil, müəllimi, tələbəsi, təqaüdçüsü, satdığı meyvələri əsgərlərə bağışlayan kəndlisi ilə də tarix yazdı. Cəmi 44 gündə 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş meydanında işğaldan azad edildi. Ümumilikdə isə hərbi əməliyyatlar nəticəsində 300-dən çox yaşayış məntəqəsi və bir çox strateji yüksəkliklər düşməndən təmizləndi. 10 noyabr bəyanatı isə illərdir, “yenilməz ordusu” ilə fəxr edən ermənilər üçün biabırçılıq, azərbaycanlılar üçün isə mütləq qələbə idi.  

12-14 sentyabr 2022-ci il: 48 saatda düşmənin cavabını qətiyyətlə verdik

2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınan Ermənistan silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmadı. Əksinə, bölgəyə yeni texnika, minaatanlar, raket sistemləri gətirildi, mülki və hərbi hədəflərə qarşı ard-arda təxribatlar törədildi. Azərbaycan dövləti isə bu müddət ərzində dəfələrlə sülhə çağırdı, hər bir məsələnin danışıqlar yolu ilə həllinə çalışdı. Lakin separatçı rejim qondarma “seçkilər” keçirir, dövlətimizin ərazi bütövlüyünə qarşı bəyanatlar verirdi. Ordumuzun mütləq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra da xislətlərinə uyğun davranan ermənilərin təxribat törətməkdən əl çəkməmələrinin səbəbi isə Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan qüvvələrin separatçıları qızışdırması, onları silahlandırması faktı idi. 
Vətən müharibəsində qazandığımız qələbəni hələ də həzm edə bilməyən qüvvələrin dəstəyi ilə yenidən torpaqlarımıza sahiblənməyə çalşan erməni silahlı birləşmələri sakit dayanmır, tez-tez təxribat törədirdilər. 2022-ci ilin avqustunda və 12-14 sentyabrda Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu. Azərbaycan və Ermənistan arasında silahlı toqquşmada Azərbaycan Ordusu növbəti dəfə düşmənin cavabını qətiyyətlə verdi. Beləliklə, ərazilərimizə göz dikən, yeni yüksəkliklər ələ keçirmək istəyən işğalçıların arzuları ürəklərində qaldı. Terrorçu qruplar bir daha məğlubiyyətə uğradıldı və susduruldu. Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya qrupları məhv edildi. 

20 sentyabr 2023-cü il: 23 saat 43 dəqiqədə separatizmə son qoyuldu 

Hələ də susmaq fikri olmayan terror qruplarının 2023-cü ilin sentyabrında törətdikləri terror aktları vəziyyəti dözülməz həddə çatdırdı. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Bütün bunlar göstərdi ki, separatçılar həm Azərbaycanın suverenliyinə, həm də bölgədə sülhə ən böyük təhlükədir. Bu da 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsini labüd etdi. 
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatizmə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qondarma rejim ləğv edildi və dövlətimizin konstitusiya quruluşu tam bərpa olundu. Sentyabrın 28-də qondarma rejimin rəhbərliyi özünü ləğv etmək barədə sənəd imzaladı. Beləliklə, Qarabağda separatizmə tamamilə son qoyuldu və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. 
Bu qətiyyətli addım Azərbaycanın gücünü, ərazi bütövlüyünü müdafiə etmək əzmini və xalqımızın təhlükəsizliyini təmin edən iradəsini bütün dünyaya nümayiş etdirməklə yanaşı, qondarma qurumun nümayəndələrinin yarımçıq qalan “arzularını” da gerçəkləşdirdi. “Erməni tankları Bakının mərkəzində olacaq, biz Bakıda çay içəcəyik” deyənlərin ilk arzusu Qələbə paradında, ikinci arzusu isə Bakı şəhərindəki təcridxanada yerinə yetdi. 

İrəvanın “ev tapşırığı” həllini gözləyir

Regionda illərdir, yanan və təkcə iki dövlətin yox, Cənubi Qafqazın inkişafına ən böyük mane olan müharibə ocağının söndürülməsi qarşıda yeni-yeni üfüqlərin açılmasına zəmin yaratdı. Danılmaz həqiqətdir ki, Cənubi Qafqazın gələcək taleyi iki dövlət arasında imzalanacaq sülh müqaviləsindən asılıdır. Azərbaycan bu sülhün təmin olunması üçün lazımi bütün addımları atır. Lakin Azərbaycanla yekun sülh sazişinin hüquqi cəhətdən qüvvəyə minməsi və regionda dayanıqlı sülhün təmin olunması üçün İrəvanın icra etməli olduğu hüquqi və siyasi   öhdəliklər də var. İlk olaraq Ermənistan öz konstitusiyasını dəyişdirməli və orada yer alan Azərbaycana qarşı ərazi iddialarını tamamilə çıxarmalıdır. Belə ki, Ermənistan konstitusiyasının preambula hissəsində ölkənin müstəqillik bəyannaməsinə istinad olunur. Həmin bəyannamədə isə Ermənistan ilə “Dağlıq Qarabağ”ın “birləşməsi” qeyd edilib. Azərbaycan dövləti qətiyyətlə bildirir ki, bu bənd ləğv edilmədən imzalanacaq hər hansı sülh müqaviləsi gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcək revanşist qüvvələr tərəfindən hüquqi cəhətdən şübhə altına alına bilər. 
Sülhün tam bərqərar olması üçün Ermənistanın müxtəlif beynəlxalq instansiyalarda (məsələn, Haaqa Məhkəməsində) Azərbaycana qarşı qaldırdığı hüquqi iddiaları və ittihamları geri götürməsi də qonşu dövlətin qarşısında duran öhdəliklərdəndir. Regional kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması isə əsas tələblər arasındadır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinin və maneəsiz hərəkətinin təmin edilməsi istiqamətində konkret hüquqi və praktiki addımların atılması region üçün də vacibdir. 
2025-ci il 8 avqustda Vaşinqtonda sülh sazişinin mətninin paraflanmasından sonra bu öhdəliklərin yerinə yetirilməsi yekun sənədin imzalanması üçün əsas şərt kimi müəyyən edilib. Ermənistanın qarşısında duran əsas “ev tapşırıqları”ndan hələ ki, heç birinin tam olaraq həll edilməməsi sülhün gəlişini gecikdirir. Əminik ki, 2020-2023-cü illərdə ermənilərə öz gücü ilə dərs keçən ordumuzun Ali Baş Komandanının İrəvana verdiyi “ev tapşırıqları” tezliklə öz həllini tapacaq. Qafqazda 200 ildən çoxdur, davam edən ədalətsizliyə son qoyulacaq. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 27.09.2026 17:55