NAXÇIVAN :

27 Sentyabr 2026, Bazar

Cəbhədən sənətə uzanan sənətkar ömrü – Hüseyn Əliyev

...

Onun çəkdiyi rəsmlərdə təbiət motivləri – göz işlədikcə uzanıb gedən sıra dağlar, büllur kimi saf sulu bulaqlar, sıx meşələr, yamyaşıl çəmənlər xüsusi yer tutur. Sanki rəssam doğma torpağın nəfəsini, təbiətin ecazkar ahəngini rənglərin dili ilə kətana köçürürdü. Deyirlər, yaradıcı insan doğulduğu və boya-başa çatdığı torpaqla bütünləşir. Bəlkə də, doğulduğu İrəvan şəhərinin ab-havası, uşaqlıq və yeniyetməlik illərinin keçdiyi Naxçıvan torpağının əsrarəngiz təbiəti gələcəyin peşəkar rəssamının yaradıcılıq dünyasının formalaşmasında mühüm rol oynayıb. Doğma yurdun qarlı dağları, dupduru bulaqları, meşələri və çəmənləri onun yaddaşına həkk olunaraq sonralar fırçasının yaratdığı əsərlərdə yenidən canlanıb.

80 illik ömrünün böyük hissəsini rəssamlıq sənətinə həsr edən Xalq rəssamı yaradıcılığının bütün mərhələlərində orijinallığa və təbiiliyə xüsusi önəm verib. Onun əsərlərində süni təmtəraqdan çox həyatın özü, təbiətin gözəlliyi və insan duyğularının səmimiyyəti duyulurdu. Keşməkeşli həyat yolu sənətkarın yalnız yaradıcılığına deyil, xarakterinə də dərin izlər salmışdı. Gur saçları, həlim xasiyyəti, təmkinli davranışı və alicənablığı ilə seçilən Hüseyn Əliyevin sənəti də xarakteri kimi sadə, səmimi və təbii idi. Bəli, söhbət Azərbaycanın görkəmli Xalq rəssamı, fırçası ilə təbiətin min bir rəngini yaşadan Hüseyn Əlirza oğlu Əliyevdən gedir.

O, 1911-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Rəssam öz dəst-xəti ilə qələmə aldığı məktubunda yazırdı: “…Mən, Hüseyn Əliyev Əlirza oğlu 1911-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşam. 7 yaşına qədər ev tərbiyəsi almışam. Birinci Dünya müharibəsi vaxtı azğınlaşmış erməni quldurlarının əlindən yaxa qurtarmaq üçün ailəliklə Naxçıvana pənah gətirmişik…”

Hüseyn Əliyev ilk rəsm əsərini 12 yaşında çəkib. Sənətin sirlərini daha dərindən mənimsəmək üçün Bakı Rəssamlıq Texnikumunda təhsil alıb. Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu bitirib. Hələ 1927-1932-ci illərdə Bakı Rəssamlıq Texnikumunda oxuduğu zaman “Molla Nəsrəddin” jurnalında karikaturaları və rəsmləri dərc olunub. Satirik jurnalistikanın əsasını qoyan “Molla Nəsrəddin” məktəbi onun rəssam kimi formalaşmasında mühüm rol oynayıb. Onun karikaturaları dövrün ictimai eybəcərliklərini əks etdirərək oxucunu düşündürürdü.

Gənc rəssam 1935-ci il oktyabrın 4-dən “Kommunist” (sonralar “Xalq qəzeti”) qəzetində fəaliyyətə başlayıb. Əzim Əzimzadənin baş rəssam vəzifəsindən ayrılmasından sonra bu məsul vəzifə Hüseyn Əliyevə həvalə olunub. O, qəzetin bədii tərtibat şöbəsinə uzun illər rəhbərlik edib, rəssamlıqla yanaşı, müxtəlif mövzularda məqalələr yazaraq jurnalist kimi də fəaliyyət göstərib.

İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü olaraq cəbhəyə yollanıb. Müharibə illərində Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib, musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub. O, qəhrəman döyüşçülərin portretlərini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, əsgərlərin döyüş ruhunun yüksəldilməsinə xidmət edən karikaturalar çəkib.

1944-cü ilin avqustunda qəzetin redaktoru, Xalq yazıçısı Əli Vəliyevin SSRİ Müdafiə Nazirliyinə müraciəti əsasında yenidən redaksiyaya qayıdan Hüseyn Əliyev təqaüdə çıxana qədər burada fəaliyyətini davam etdirib. 1940-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar yaradıcılıq fəaliyyətinə görə bir sıra medallarla təltif edilib, “Xalqlar dostluğu” ordeninə layiq görülüb. Üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə isə Ukrayna Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adını alıb.

Sadə ömür yaşayan, tərifdən və diqqətdən uzaqda fəaliyyət göstərməyi sevən Hüseyn Əliyevin təbiət mənzərələri, portretləri, karikaturaları və müxtəlif mövzulu əsərləri bu gün də sevilərək izlənilir. Xalq rəssamı Tahir Salahov öz xatirələrində Hüseyn Əliyevin Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alaraq davam etdirdiyini qeyd edir. Onun fikrincə, Hüseyn Əliyev rənglərlə işləməyin ustası idi və əsərlərində məzmunu tamamlayan atribut və rəmzlərdən məharətlə istifadə edirdi.

Hüseyn Əliyevin yaradıcılığında Naxçıvan və Zəngəzur mövzusu xüsusi yer tutur. Bu torpaqların təbiətini, tarixini və ruhunu əks etdirən əsərləri Azərbaycan təsviri sənətinin qiymətli nümunələri sırasındadır. “İlanlı dağ”, “Urud qalası”, “Yəhər Təpə”, “Mahmud bulağı” kimi əsərləri onun yaradıcılığının seçilən nümunələrindəndir.

Əməkdar jurnalist Flora Xəlilzadə “Xalq rəssamı, qrafika ustası Hüseyn Əliyev” adlı məqaləsində sənətkarın doğma yurda bağlılığını xüsusi qeyd edir. Onun fikrincə, Hüseyn Əliyev gördüklərini yalnız kətana köçürmür, doğma torpağın mənzərələrini öz duyğusundan və təxəyyülündən keçirərək onlara xüsusi bədii nəfəs verirdi. “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərlərində bu xüsusiyyət aydın görünür.

Rəssamın sənət dünyasında portret janrı da xüsusi əhəmiyyət daşıyırdı. Hüseyn Əliyev portretlərində yalnız zahiri oxşarlığı deyil, obrazın daxili aləmini və mənəvi dünyasını da ifadə etməyə çalışırdı. Onun yaratdığı portretlərdə baxış, duruş və üz cizgiləri özünəməxsus bir hekayə danışırdı. Bu baxımdan, Hüseyn Cavidin portreti xüsusilə diqqət çəkir.

Hüseyn Əlirza oğlu Əliyev ömrünün sonuna kimi yaradıcılıqla məşğul olub. O, 1991-ci il mayın 25-də 80 yaşında Bakı şəhərində vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Görkəmli rəssamın bizə yadigar qalan əsərləri yalnız yüksək sənətkarlıq nümunələri deyil, həm də tarixi yaddaşımızın qiymətli səhifələridir. Onun fırçasından çıxan hər bir əsər doğma torpağa sevginin, milli yaddaşa bağlılığın və insan ruhunu duymaq bacarığının bənzərsiz ifadəsidir.

                     Məcid RƏŞADƏTOĞLU

 

Nəşr edilib : 27.09.2026 18:00