NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə

Yaz aylarının gəlişi ilə aktivləşən xəstəliklər

...

Baharın gəlişi insanlarda xoş ovqat yaratsa da, təəssüf ki, həm də müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olur. Muxtar respublikamızın sərt və dəyişkən iqlimi hər birimizə məlumdur. Məhz bu səbəbdən yaz fəsli müəyyən xəstəliklərdən əziyyət çəkənlər üçün xüsusi dövrdür. Belə ki, bu dövrdə sinir xəstəlikləri, mədə-bağırsaq, allergik xəstəliklər və sair aktivləşir.

Yaz aylarında daha hansı xəstəliklər özünü göstərə bilər? Bu və bu kimi bəzi suallarımıza akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim pediatrı Xalidə Mehdiyeva aydınlıq gətirərək bildirdi ki, mövsümi xəstəliklər dedikdə hava şəraitinin dəyişməsi ilə əlaqədar yayılmış infeksion və virus mənşəli xəstəliklər nəzərdə tutulur. Belə ki, yaz və payız aylarında allergik reaksiyalar, soyuqdəymə və bəzi bağırsaq infeksiyaları çoxala bilər.

Müsahibim qeyd etdi ki, polen, toz və allergenlərin havada artması nəticəsində allergik-rinit və bronxial-astma kimi xəstəliklər müşahidə oluna bilər. Xəstəlikdən qorunmaq üçün polen səviyyəsi izlənməli və yüksək olduqda az vaxt keçirilməlidir. Həmçinin isti və rütubətli hava şəraitində gigiyena qaydalarına əməl olunmaması dəri infeksiyaları və göbələk xəstəliklərinin yayılmasına səbəb olur. Bu zaman qaşınma, qızartı, suluqlu səpkilər əmələ gəlir.

Xalidə həkimin sözlərinə görə, yaz aylarında Günəş işığının və temperaturun artması bədənin bioloji saatını dəyişdirə bilər. Bu dəyişikliklər bəzi insanlarda hormonal balansın pozulmasına və emosional vəziyyətin dağılmasına gətirib çıxarır. Bu zaman insanlarda nevroz və depressiya simptomları əmələ gəlir. Müalicə üsullarından bəhs edən müsahibim diqqətə çatdırdı ki, yuxu rejiminə diqqət yetirmək, vitamin və minerallarla zəngin qidalar qəbul etmək, dost və yaxınlarla vaxt keçirmək, hisslərinizi paylaşmaq emosional yükləri azalda bilər. Yağıntılarla əlaqədar revmatizm xəstəliyi daşıyıcılarının bir sıra problemlərlə üzləşmək halları da istisna deyil. 

Sonda həkim düzgün qidalanmaq və gigiyena qaydalarına riayət etməklə mövsümi xəstəliklərdən qorunmağın mümkün olduğunu qeyd edir. Erkən diaqnostika və həkimə vaxtında müraciət etmək xəstəliyin ağırlaşmasının qarşısını alır. Unutmayaq ki, sağlamlığımız ən böyük sərvətimizdir.

                                              Türkanə ƏSƏDOVA

Nəşr edilib : 09.04.2025 16:15