Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademi...
21:47 06.06.2025
0
0
0
Xeyriyyəçilik ata-babalarımızdan bizə qalan dəyərdir. Bu dəyəri yaşadanlar isə el duası qazanan, insanları savab əməllərə sövq edən xeyirxah əməl sahibləridir. Milli-mənəvi dəyərlərimizin, el birliyinin, ağsaqqal öyüdünün, ağbirçək nəsihətinin qorunduğu muxtar respublikada görülən tədbirlər sırasında mərasim evlərinin tikintisi ənənə halını alıb. Növbəti belə addım xalqımızın müqəddəs bayramı olan Qurban bayramı günündə, iyunun 6-da Şərur rayonunun Dərəkəndində atılıb.
Kənd sakini, xeyriyyəçi Şahin Mahmudovun maddi dəstəyi ilə 200 yerlik mərasim evi istifadəyə verilib. Mərasim evinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri, şəhid valideynləri və kənd sakinləri iştirak ediblər. Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov çıxış edərək bildirib ki, Dərəkənddə yeni mərasim evinin istifadəyə verilməsi sakinlərin dini mərasimlərini rahat şəkildə keçirmələrinə şərait yaradacaq və əlavə xərclərin qarşısını alacaq. Bu, Şərur rayonunda istifadəyə verilən sayca 49-cu mərasim evidir. Hazırda rayonun 4 kəndində mərasim evlərinin inşası davam etdirilir. Şərur rayon dini icmasının sədri, axund Tahir Heydərzadə, Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Əliyev, kənd ağsaqqallarından Qaçay Mahmudov, Məhəmməd Musayev, Firudin Əliyev və şəhid ataları son illər muxtar respublikada formalaşan nümunəvi ənənələrdən birinin də kəndlərdə mərasim evlərinin tikintisi olduğunu qeyd edib və bu nəcib addımı yüksək qiymətləndiriblər.
Mərasim evi qadınlar və kişilər üçün olmaqla, 2 zal və mətbəxdən ibarətdir.
Ehsan süfrəsi arxasında ölkəmizin əmin-amanlığı, xalqımızın birliyi və şəhidlərimizin ruhu üçün dualar oxunub.
Digər xəbərlər