NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Aşıq Nabat: sazın və sözün işığında yanan qadın

...

Azərbaycan aşıq sənəti özündə həm tarixi yaddaşımızı, həm də milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan nadir incilərimizdən biridir. Bu sənətin bəzən yalnız kişilərə aid edilməsi cəmiyyətin stereotiplərinin nəticəsidir. Lakin tariximizə nəzər saldıqda bu ənənəyə öz möhürünü vurmuş qadın aşıqların da varlığını görürük. Onlardan biri də Qarabağ aşıq məktəbinin tanınmış siması Aşıq Nabatdır.

Aşıq Nabat 1914-cü ildə Azərbaycanın qədim və mədəniyyət beşiyi sayılan Naxçıvanın Şərur rayonunun Parçı kəndində dünyaya göz açıb. O dövrün ənənəvi cəmiyyətində qadınların sənətə və sözə yönəlməsi nadir hallardan sayılırdı. Lakin Nabatın istedadı və içindəki sənətə olan sevgisi onu bu çətin və məsuliyyətli yola çəkdi.

Uşaqlıq və gənclik illəri kənd həyatının sadəliyi və zəhməti içində keçsə də, onun daxili zənginliyi, musiqiyə və poeziyaya olan marağı erkən yaşlarından seçilirdi. Bu xüsusiyyətləri onu sonradan Azərbaycanın tanınmış aşıq qadınlarından birinə çevirdi.

1934-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna köçən Aşıq Nabat burada öz sənət yolunu davam etdirməyə başladı. O, tanınmış Göyçəli Aşıq Musa ilə tanış oldu və onun yanında təhsil alaraq aşıqlıq sənətinin incəliklərinə dərindən yiyələndi. Göyçəli Musa kimi ustad sənətkarın şagirdi olmaq Aşıq Nabatın sənət dünyasında möhkəm bir zəmin qazanmasına şərait yaratdı. Onun məlahətli səsi, saz ifaçılığı və özünəməxsus üslubu ilə qısa zamanda bölgədə tanınması gecikmədi. Nabat sənətdə təkcə qadın aşıqlarla deyil, kişi sənətkarlarla da rəqabət aparacaq qədər güclü idi və öz dövrünün  həmkarları arasında böyük şöhrət qazanmışdı.

Aşıq Nabatın sənət fəaliyyəti təkcə bölgə miqyasında qalmadı. Onun istedadı tezliklə respublika səviyyəsində də tanındı. O, Bakıda və 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, eləcə də digər folklor festivallarında fəal iştirak etdi. Bu tədbirlərdə Aşıq Nabat təkcə ifaçı kimi deyil, eyni zamanda Azərbaycan qadınının istedad və mədəniyyət daşıyıcısı kimi təmsil olunurdu. O həmin tədbirlərdə diplomlarla təltif edilərək sənətdə qazandığı müvəffəqiyyətlərlə ölkəmizə uğurlar qazandırdı.

1938 və 1962-ci illərdə keçirilən Azərbaycan aşıqlarının qurultaylarında nümayəndə kimi iştirak etməsi onun sənət aləmində nüfuzunun göstəricisi idi. Xüsusilə 1940-cı ildə Moskvada təşkil olunan Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə yenidən iştirak etməsi onu respublikanın ən tanınmış aşıqlarından birinə çevirdi.

Aşıq Nabatın sənəti təkcə sazla məhdudlaşmırdı. O, xalq ədəbiyyatının canlı daşıyıcısı, şifahi xalq yaradıcılığına dərin bağlılığı ilə seçilirdi. Onun sənəti yalnız melodik ifaları ilə deyil, həm də dərin mənalı, emosional və vətənpərvərlik ruhunda yazılmış şeirləri ilə diqqət çəkir. Aşığın ifa etdiyi dastanlar, qoşmalar, gəraylılar, müxəmməslər xalq ruhunu özündə əks etdirən sənət nümunələri idi. Onun repertuarında “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” kimi klassik dastanlarla yanaşı, öz dövrünü əks etdirən parçalar da yer alırdı. Bu da onun sənətə nə qədər yaradıcı və həssas yanaşdığının göstəricisi idi.

Şeirlərində Nabatın qadın kimi yaşadığı daxili iztirablar, qürbət hissi, eşq və tale ilə mübarizəsi ön plana çıxır.

Elə ki çatdım yaşıma,

Həsrət qaldım sirdaşıma.

Gör nələr gəldi başıma

İndi bildim el yaxşıdır.

Bu misralarda həm ümid, həm də tale qarşısında bir acizlik duyulur. Lakin bu acizlik sükut deyil, əksinə, ifadə olunmuş bir dirənişdir. Aşıq Nabatın saz çalması, söz söyləməsi – bu dirənişin poetik və musiqili formasıdır.

Onun şeirləri bunu göstərir ki, Aşıq Nabatın irsi təkcə poetik deyil, həm də tarixi, psixoloji və feminist baxımdan dəyərlidir. O, qadının da sazla danışa, fikir bildirə, mübarizə apara biləcəyini sübut edən öncüllərdən biridir.

Qadın aşıq obrazı, xüsusilə də kişi dominantının güclü olduğu dövrlərdə ictimai cəsarət və mədəni özünüdərkin nümunəsi idi. Nabatın qoşmalarında və təcnislərində onun təkcə bir sənətkar deyil, həm də mübariz bir qadın olduğu hiss edilir. O həm eşqə, həm vətənə, həm də insani duyğulara dair mövzuları qələmə alırdı.

Aşıq Nabat təkcə sənətkar deyil, həm də örnək bir qadın idi. O, XX əsrdə kişi aşıqların üstünlük təşkil etdiyi bir dövrdə qadın aşıq kimi sözə və sənətə sahib çıxmağı bacarmış, öz  timsalında Azərbaycan qadınının özünü təkcə ailədə deyil, ictimai və mədəni həyatda da böyük rol oynaya biləcəyini  təsdiq etdi.

3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat edən Aşıq Nabat Azərbaycan aşıq sənəti tarixində dərin iz qoymuş sənətkarlardandır. Onun həyatı və fəaliyyəti gələcək nəsillərə ilham mənbəyi kimi yaşamaqda davam edir. Aşıq Nabat kimi sənətkarlar xalqımızın mədəni irsinin ayrılmaz parçasıdır və onların xatirəsi daim əziz tutulur.

Bu gün Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alsa da, bu irsin içində qadınların rolunu ayrıca qeyd etməyə ehtiyac var. Aşıq Nabat, bu mənada, simvolik fiqurdur – sazı əlində, sözü dilində güc tapan bir qadın siması.

Onun barəsində yazılmış və oxunmuş hər misra, əslində bir çağırışdır. Bu xalqın sazı min illərdir, həm kişi, həm də qadın ürəyində ifa edilir.    

Elnurə CƏFƏROVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 06.06.2025 15:00