NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi konfrans

...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsi və Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi konfrans keçirilib.

Akademiyadan bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini söyləyib, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlər aparıldığını vurğulayıb.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində akademiyada müxtəlif tədbirlər təşkil olunduğunu söyləyib. Alim, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsinin respublikamızın yaşıl texnologiyalar ölkəsinə çevrilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasında əhəmiyyətli rola malik olduğunu qeyd edib.

Bu gün AMEA-da ölkə rəhbərinin çağırışlarına və müasir dünya elminin prioritet istiqamətlərinə uyğun tədqiqatların aparıldığını söyləyən akademik İsa Həbibbəyli Elmlər Akademiyasının 4 nüfuzlu beynəlxalq elmi quruma üzv seçildiyini xatırladıb.

Tədbirdə Neft-Kimya İnstitutunun direktoru akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər, səbəblər, həll yolları. Yaşıl enerji”, Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevin “Ekoloji problemlərin həllinə yönələn elmi tədqiqat işləri”, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin “Zərərli istehsalatdan davamlı və yaşıl sintezə gedən yol xəritəsi” və Polimer Materialları İnstitutunun aparıcı elmi işçisi Türkan Quliyevanın “Ətraf mühitin kimyəvi çirklənməsi kontekstində qlobal iqlim dəyişiklikləri” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqi, yaşıllıqların mühafizəsi və artırılması, bərpaolunan alternativ enerji mənbələrinin mənimsənilməsi kimi mühüm məsələlərə toxunulub, Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin bütün dünya üçün qlobal çağırış olduğu qeyd edilib.

Nəşr edilib : 24.09.2024 17:05