Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında ...
22:12 02.09.2026
0
0
0
NAXÇIVAN :
03 Sentyabr 2026, Cümə axşamı
Müasir Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və xalqın taleyinin həllində mühüm rola malik bir neçə tarixi mərhələ vardır ki, həmin mərhələlər bugünkü müstəqilliyimizin və tərəqqi yolumuzun dönüş nöqtələri hesab olunur. Bu dönəmlərdən birinin tərkib hissəsi kimi ölkəmizi əbədi müstəqilliyə qovuşdurmaq baxımından 1991-ci ilin 3 sentyabr təqvimi xüsusi önəm daşıyır. Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildiyi bu tarixi xalqımız öz xilasına aparan yolun başlanğıc günlərindən biri kimi, daim hörmət və ehtiramla xatırlayır. Həmin ictimai-siyasi hadisə Ulu Öndərin doğulub boya-başa çatdığı doğma Vətəni Naxçıvanın düşmən təhlükəsindən, aclıq, səfalət girdabından qurtuluşu istiqamətində atılan mütərəqqi addım olaraq da xarakterizə edilir. Tarixi prosesləri diqqətlə nəzərdən keçirəndə aydın olur ki, əslində, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyinin Naxçıvan salnaməsini bir qədər əvvəldən – 1990-cı ildən yazmağa başlamışdır...
1990-cı il iyulun 22-də doğma Vətəni – canı qədər sevdiyi Naxçıvana qayıdışı ilə Ümummilli Lider müasir, müstəqil Azərbaycan tarixinin ən önəmli səhifələrinin əbədiyaşar müəllifinə çevrildi. Qısa zamanda Naxçıvan milli azadlıq hərəkatının mərkəzi oldu, ölkəmizin müstəqilliyə doğru böyük dönüş yoluna məhz buradan qədəm qoyuldu. Ulu Öndər minlərlə naxçıvanlının coşqusu, sevgisi, məhəbbəti ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ən çətin, məsuliyyətli, eyni zamanda da qürurlu, şərəfli günlər, illər də bundan sonra başladı. Tariximizin qara səhifələrinin üzərindən əbədi xətt çəkilərək qızıl hərflərlə yeni, parlaq səhifələr yazıldı. Dahi şəxsiyyətin yuxusuz gecələrdə, çıraq işartısında işləyib hazırladığı və dövlətçiliyin hüquqi bazasını təşkil edən mühüm tarixi qərarlar xalqımızı, sözün əsl mənasında, gün işığına, aydın sabahlara çıxardı.
Ümummilli Lider 1990-1993-cü illərdə Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıyan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılmasına, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ali Məclis adlandırılmasına, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilməsinə və digər mütərəqqi addımların atılmasına nail oldu. Siyasi sabitliyə xidmət edən, ölkəmizi inamlı, etibarlı gələcəyə daşıyan vahid siyasi platformaya çevrilən Yeni Azərbaycan Partiyasını təsis etdi. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordu hissələri buradan çıxarıldı. Ulu Öndər Heydər Əliyev, həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul olundu. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əksini tapdı. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar da məhz dahi şəxsiyyəti yetişdirən torpaqda qəbul olundu. Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Ümummilli Liderimiz Heydər Əliyevin doğma yurdu – Naxçıvanı qarşısında tarixi xidmətlərindən ən mühümü, sözsüz ki, onun muxtariyyətini qoruyub saxlamaq və işğaldan qurtarmaq idi. Muxtar respublikanı blokadanın yaratdığı ağır, dözülməz şəraitdən çıxarmaq, insanları aclıq, səfalət, qıtlıq məngənəsindən xilas etmək üçün gecəsini gündüzünə qatan Ulu Öndər çıxış yolunu məhz Türkiyə ilə əlaqələrin siyasi, iqtisadi cəhətdən daha da möhkəmləndirilməsində görürdü. Uzaqgörən siyasətçi bu məqsədlə 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfər etdi və səfər çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı. Qısa zamanda Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı. Ümummilli Liderin qardaş ölkəyə səfərindən iki ay sonra, daha dəqiq desək, 1992-ci il mayın 28-də arzuların, ümidlərin çiçək açdığı həmin körpü istifadəyə verildi. Beləliklə də, vaxtilə iki qardaşı ayrı salan, həsrət yanğısı ilə əsib-coşan Araz çayı həmin qardaşların vüsalına, birliyinə də vəsilə oldu. İnsanların maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, qərbə inteqrasiyasına yol açan bu addım, eyni zamanda həmin dövrdə Sədərək gömrük-keçid məntəqəsinin fəaliyyətə başlamasına imkan yaratmaqla Naxçıvanın Türkiyənin yaxın vilayətləri ilə iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq daşımalara qoşularaq nəqliyyat imkanlarının artmasına da təkan verdi. Beləliklə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi müstəqilliyinə aparan yolun təməl daşlarının atıldığı türk torpağı Naxçıvanda həm də iki qardaş – Türkiyə və Azərbaycanın əlaqələrində yeni mərhələnin körpüsü salındı...
Ümummilli Liderimiz Heydər Əliyevin məhz Naxçıvandan başlanan xilaskarlıq yolu 1993-cü ildə ölkəmizi böyük qurtuluş yoluna çıxardı, bütün sahələrdə inkişaf, tərəqqi təmin olundu. Ulu Öndərin ideyalarına sədaqətin nəticəsidir ki, bu gün ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş, qalib ölkə kimi Azərbaycan beynəlxalq miqyasda əsl siyasi nüfuz, iradə sahibidir. Prezident İlham Əliyevin uzaqgörən, məharətli diplomatiyası sayəsində 2020-ci və 2023-cü illərdə döyüş meydanında qələbə çalan respublikamız 2025-ci ildə sülh arenasında da qalibiyyət əldə edib. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmalar regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaradıb. Bu proses Naxçıvanın Azərbaycanın digər əraziləri ilə nəqliyyat əlaqəsinin təmin olunması və Zəngəzur dəhlizinin açılması baxımından da mühüm əhəmiyyət daşıyır. Gələcəkdə bu nəqliyyat bağlantısının reallaşması Naxçıvanın iqtisadi imkanlarının genişlənməsinə, tranzit və logistika potensialının artmasına, beynəlxalq və regional ticarət marşrutlarına daha fəal inteqrasiyasına yeni imkanlar açacaq. Beləliklə, vaxtilə blokadanın ağır şərtləri ilə üz-üzə qalan Naxçıvanın bu gün regional nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi perspektivi Ümummilli Lider Heydər Əliyevin illər əvvəl müəyyən etdiyi strateji baxışların zaman keçdikcə necə real imkanlara çevrildiyini göstərir...
Naxçıvan: yeni inkişaf mərhələsi və regional qovşağa çevrilən qədim diyar
Naxçıvanın müasir inkişaf salnaməsində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi və müəyyən etdiyi strateji siyasi kurs müstəsna əhəmiyyət daşıyır. Bu möhkəm təməl üzərində 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Naxçıvanın sosial-iqtisadi potensialının daha dolğun reallaşdırılmasına, regionun müasir çağırışlara uyğun inkişafının təmin edilməsinə geniş imkanlar açır. Son illərdə muxtar respublikada reallaşdırılan mühüm sosial, iqtisadi, enerji, nəqliyyat və infrastruktur layihələri Naxçıvanın simasını əhəmiyyətli dərəcədə dəyişməklə yanaşı, qədim diyarın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və Azərbaycanın regional inkişaf strategiyasında xüsusi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” isə bu inkişafın əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir. Sənəddə iqtisadiyyatın şaxələndirilməsi, sənaye və kənd təsərrüfatının inkişafı, turizm, sosial sektor, insan kapitalı, enerji və infrastruktur təminatı üzrə mühüm hədəflər müəyyənləşdirilib.
Prezident İlham Əliyevin bu il avqustun 11-də dövlət başçısı kimi Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri qədim diyarın sosial-iqtisadi, enerji, nəqliyyat, infrastruktur və digər sahələr üzrə inkişafının daha da sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Səfər çərçivəsində açılışı olan və təməli qoyulan genişmiqyaslı layihələr Naxçıvanın iqtisadi potensialının gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və muxtar respublikanın strateji mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya yeni hədəflər qoydu.
Naxçıvanın iqtisadi gələcəyində sənayeləşmə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səfəri zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yeni istehsal sahələrinin, müasir texnologiyaların və sahibkarlıq imkanlarının inkişafı baxımından mühüm addımdır. Gələcəkdə burada istehsal olunan məhsulların regional və xarici bazarlara çıxarılması üçün də daha əlverişli şərait yarana bilər. Digər mühüm istiqamət isə enerjidir. Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi günəş və külək potensialından daha səmərəli istifadə etməyə imkan verir. Günəş elektrik stansiyalarının tikintisi, elektrik şəbəkələrinin yenilənməsi və yeni generasiya güclərinin yaradılması Naxçıvanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, gələcəkdə enerji ixracı üçün də imkanlar yaradacaq.
Prezidentin 17-ci səfəri Naxçıvanın sosial inkişafı baxımından da mühüm hadisələrlə yadda qaldı. Sosial mənzil kompleksinin təməlinin qoyulması, Naxçıvan Regional DOST Mərkəzinin açılması, yeni infrastruktur layihələri, “yaşıl nəqliyyat”a keçid dövlət siyasətində insan amilinin əsas prioritetlərdən biri olduğunu göstərir. Şəhərin 2044-cü ilədək inkişafına dair Baş planı isə Naxçıvanın gələcəyinin uzunmüddətli və sistemli şəkildə planlaşdırıldığını göstərir.
Səfərin ardınca Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində daha bir mühüm qərarın qəbul edilməsi dövlət dəstəyinin ardıcıl xarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvanın inkişafına 258 milyon manat vəsaitin ayrılması 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin davamı olmaqla qarşıdakı illər üçün yeni inkişaf imkanları yaradır. Ayrılan vəsait hesabına 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol-nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulur. 15,6 meqavat gücündə su elektrik stansiyasının tikintisinin davam etdirilməsi Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və “yaşıl enerji zonası” siyasətinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda 420 kilometr kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi, Naxçıvan Dövlət Universiteti üçün 1000 yerlik tələbə yataqxanasının və 640 nəfərlik beş yeni uşaq bağçasının tikintisi sosial rifah və insan kapitalının inkişafına yönəlmiş mühüm addımlardır. 161 yaşayış binasının və istilik qazanxanalarının əsaslı təmiri isə minlərlə ailənin yaşayış şəraitinin yaxşılaşdırılmasına və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Beləliklə, 258 milyon manatlıq yeni maliyyə paketi enerji, nəqliyyat, təhsil, sosial və kommunal sahələri əhatə etməklə Naxçıvanın kompleks inkişafına əlavə təkan verəcək.
Naxçıvanın perspektivlərini müəyyənləşdirən əsas amillərdən biri də onun əlverişli coğrafi mövqeyidir. Ermənistan, Türkiyə və İranla sərhəddə yerləşən muxtar respublika gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevriləcək. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması perspektivində Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsi xüsusi əhəmiyyət daşıyır. Layihələndirilən xəttin uzunluğunun, təxminən, 194 kilometr olması və gələcəkdə illik yükdaşıma imkanının 15 milyon tona çatdırılmasının nəzərdə tutulması Naxçıvanın tranzit və logistika potensialının miqyasını göstərir. Bu imkanlar yalnız yükdaşımaları deyil, logistika, anbar, gömrük, ticarət və xidmət sahələrinin inkişafını da stimullaşdıracaq.
Zəngəzur dəhlizi layihəsi (TRIPP) Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin yaradılması və regionun beynəlxalq nəqliyyat sisteminə daha sıx inteqrasiyası baxımından mühüm perspektivlər açır. Bütün bu layihələrin reallaşması Naxçıvanın uzun illər mövcud olmuş coğrafi təcridinin aradan qalxmasına və onun tranzit üstünlüyə çevrilməsinə şərait yaradacaq. Beləliklə, Naxçıvan üçün qarşıdakı mərhələni “blokadadan tranzitə”, “sərhəd bölgəsindən regional qovşağa”, “istehlak bazarından istehsal və logistika mərkəzinə” keçid kimi xarakterizə etmək olar. Nəqliyyat, sənaye və enerji layihələrinin bir-birini tamamlaması regionda yeni iqtisadi ekosistemin formalaşmasına imkan verəcək.
Ümumilikdə, onu vurğulamaq olar ki, Naxçıvanda həyata keçirilən layihələr regionun sosial-iqtisadi, infrastruktur və strateji inkişafını əhatə edən vahid dövlət siyasətinin tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi Naxçıvanın yeni inkişaf mərhələsində də öz aydın ifadəsini tapır. Vaxtilə coğrafi mövqeyinin yaratdığı məhdudiyyətlərlə üzləşən Naxçıvan bu gün həmin mövqeni strateji üstünlüyə çevirmək mərhələsinə qədəm qoyur. Nəqliyyat bağlantılarının genişləndirilməsi, sənaye və logistika imkanlarının artırılması, “yaşıl enerji” layihələrinin reallaşdırılması, eləcə də sosial infrastrukturun müasirləşdirilməsi Naxçıvanın iqtisadi potensialının daha geniş miqyasda reallaşdırılmasına mühüm zəmin yaradır. Xüsusilə regional nəqliyyat dəhlizlərinin inkişafı Naxçıvanın yalnız Azərbaycanın iqtisadi məkanında deyil, daha geniş Avrasiya nəqliyyat sistemində əhəmiyyətli mövqe qazanması üçün yeni perspektivlər açır. Bu baxımdan, qarşıdakı dövrdə Naxçıvandan keçəcək yük axınının həcminin artması, yeni nəqliyyat bağlantılarının formalaşması və logistika imkanlarının genişlənməsi regionda iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və Naxçıvanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsinə imkan verəcək. Prezident İlham Əliyevin 17-ci səfərin yekunlarına dair Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi: “Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür”.
Nail ƏSGƏROV
Digər xəbərlər