Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geo...
20:27 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
Şərurun yolları bu dəfə bizi qədim tarixə malik Dizə kəndinə apardı. Kəndin sakitliyindən keçərək Arpaçay Balıqçılıq Təsərrüfatına üz tutduq. Burada bizi özünəməxsus bir mənzərə qarşıladı – suyun sakitliyi, göllərdə üzən balıqlar və bu kiçik təsərrüfatda yenidən canlanan həyat…
Bir vaxtlar fəaliyyətində durğunluq yaranan təsərrüfatda bu gün yeni bir mərhələnin başlanğıcı hiss olunur. Böyüyən balıq körpələri isə bu yenilənmənin ən canlı göstəricisidir.
Diqqətimizi ərazidə bir-birindən aralı yerləşən beş göl çəkir. Bura böyük sənaye müəssisələri kimi geniş bir ərazi deyil. Sakit kənd mühitinin içində yaradılmış bu kiçik təsərrüfatda suyun hərəkətinə, göllərdə üzən balıqlara nəzər saldıqca burada görülən işin miqyasını daha yaxından hiss etmək mümkündür. Burada həyat yalnız torpağın üzərində deyil, suyun altında da davam edir. Balıq körpələrindən gələcəkdə bazara çıxarılacaq məhsula qədər uzanan bu yol isə böyük zəhmət və səbir tələb edir.
Bu canlanmanın necə başladığını, Arpaçayın suyunun balıqçılıq üçün yaratdığı imkanları və təsərrüfatın gələcək planlarını öyrənmək üçün təsərrüfatçı Elvin Mirzəyevlə söhbətləşdik.
Arpaçay Balıqçılıq Təsərrüfatının əsası 2010-cu ildə qoyulub. 2019-cu ildə burada bərpa işləri aparılıb, yerli sazan balıqlarının təbii yolla artırılması və mayalanması həyata keçirilib, damazlıq balıqlar saxlanılıb. Lakin sonrakı illərdə müəyyən coğrafi amillərlə əlaqədar təsərrüfatın fəaliyyətində durğunluq yaranıb.
İndi isə burada yenidən həyat canlanır. Bu ilin iyun ayının əvvəlindən etibarən təsərrüfata 350 min ədəd amur və sazan balığı körpəsi buraxılıb. Hazırda göllərdə böyüyən bu balıq körpələrinin çəkisi artıq 3-5 qrama çatıb. Bir neçə ay əvvəl suya buraxılan kiçik balıqlar tədricən böyüyərək təsərrüfatın gələcək məhsuluna çevrilirlər.
Elvin Mirzəyevin sözlərinə görə, təsərrüfatın əsas üstünlüklərindən biri Arpaçayın suyunun təbii xüsusiyyətləridir. Minerallarla zəngin olan suyun bir litrində 11-12 milliqram oksigen mövcuddur. Bu göstərici xüsusilə forel balığının yetişdirilməsi üçün əlverişli şərait yaradır. Belə ki, forel üçün orta hesabla 8-9 milliqram oksigen tələb olunur. Arpaçayın suyundakı yüksək oksigen miqdarı isə balıqların inkişafı və sağlam böyüməsi üçün əlavə imkan yaradır.
Elvin Mirzəyev qeyd etdi ki, Arpaçayın bu təbii üstünlükləri təsərrüfatın gələcək planlarında da öz əksini tapır. Onun sözlərinə görə, qarşıdakı mövsümdə burada ən azı 50 ton balıq istehsalı nəzərdə tutulur. Təsərrüfatda mövcud olan 16 yetişdirmə hovuzu isə bu prosesin əsas mərhələlərindən birini təşkil edir. Mayalanmış balıq yumurtalarının inkubasiya ediləcəyi hovuzlarda çoxaltma prosesi aparılacaq, balıq körpələri 3-5 qramlıq mərhələyə çatdıqdan sonra digər hovuzlara köçürülərək böyüdüləcək.
Təsərrüfat sahibi deyir ki, forellərin yetişdirilməsinə bu ilin noyabr ayında başlanılacaq və 10 ay sonra satışa çıxarılması planlaşdırılır. Bu müddət ərzində balıqların 300-400 qram çəkiyə çatdırılması nəzərdə tutulur.
Həmsöhbətim bildildi ki, forellərin yetişdirilməsində təbii mühitin imkanlarından istifadə edilir. Elvin Mirzəyev qeyd etdi ki, balıqların qidalanmasının bir hissəsi əlavə yemlə təmin olunsa da, digər hissəsi su hövzəsindəki təbii yemlər hesabına formalaşır. Məhz bu təbii qidalanmanın balığın dadında və keyfiyyətində özünü göstərdiyini deyən təsərrüfat sahibi Arpaçayın suyunda yetişdirilən forellərin keyfiyyəti və özünəməxsus dadı ilə gələcəkdə ölkə bazarında layiqli yer tutacağına inandığını, bazarda fərqlənən məhsul təqdim edəcəklərinə ümid etdiyini söylədi.
O qeyd etdi ki, məhsulun həm təsərrüfatda, həm də bazarlara çıxarılmaqla satışı həyata keçiriləcək. Satışdan əldə olunacaq gəlirin isə növbəti mərhələdə istehsal həcminin artırılmasına və təsərrüfatın daha da inkişaf etdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Arpaçayın sularında balıq yetişdirilməsi yalnız forellərlə məhdudlaşmır. Sazan və amurlar da təsərrüfatın gələcək istehsal planlarında mühüm yer tutur. Elvin Mirzəyev bu balıqların satışının 1,5-2 kiloqram çəkiyə çatdıqdan sonra həyata keçiriləcəyini bildirdi. Bunun üçün, təxminən, 1-1,5 il vaxt lazım olduğunu deyən təsərrüfat sahibi hazırda sazan və amurların da təbii yemlərlə bəsləndiyini vurğuladı.
Ümumilikdə, beş göl və 16 yetişdirmə hovuzundan ibarət təsərrüfatın qarşısında böyük istehsal hədəfləri dayanır. Təsərrüfat sahibinin sözlərinə görə, iki göldə, ümumilikdə, 96 tona yaxın forel yetişdirilməsi nəzərdə tutulur. Digər göllərdə isə sazan, amur və başqa yerli balıq növlərinin artırılması planlaşdırılır. Bu göllərin, təxminən, 130 ton balıq tutumuna malik olduğunu qeyd etdi.
Bu gün göllərin sakit sularında üzən balıq körpələri hələ kiçikdir. Lakin onların hər biri təsərrüfatın sabahına hesablanan bir ümiddir. Qarşıdakı dövrdə əvvəlcə forel, daha sonra isə sazan və amurun satışa çıxarılması ilə istehsalın genişləndirilməsi planlaşdırılır. Kiçik bir kənd təsərrüfatında başlayan bu işin hədəfləri isə getdikcə böyüyür.
Balıqçılıq və akvakultura sahəsinin inkişafına göstərilən dövlət qayğısı da bu prosesə yeni imkanlar qazandırır. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ilə qarşıdakı illər üçün mühüm hədəflər müəyyənləşdirilib. Arpaçay Balıqçılıq Təsərrüfatında görülən işlər də bu istiqamətdə atılan addımlardan biridir.
Arpaçayın suları axdıqca həyat da öz axarında davam edir. Bu gün göllərdə üzən kiçik balıqların sabah ölkə bazarlarına çıxarılacaq keyfiyyətli məhsula çevrilməsi gözlənilir. Kənd zəhmətinin izlərini özündə yaşadan bu məkan gələcəkdə həm istehsalı, həm də turizm imkanları ilə daha çox insanın yolunu Şərura sala bilər.
Zəhra VƏLİYEVA
Digər xəbərlər