Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geo...
20:27 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" mövzusunda panel sessiya təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Proqram rəhbərinin müavini, Salman Haqın moderatorluğu ilə keçirilən panel müzakirədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə bölməsinin rəhbəri Eirini Lemos-Maniati, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibinin müavini Fərid Dəmirli, Ukrayna Minatəmizləmə Mütəxəssisləri Assosiasiyasının rəhbəri Timur Pistriuha, IHH Humanitar Yardım Fondunun direktoru Tural Əli Kamal çıxış ediblər.
Çıxışlar zamanı mina qurbanlarının reabilitasiyası və onların sosial-iqtisadi həyata reinteqrasiyası, icmaların təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlığın və uzunmüddətli dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, minatəmizləmənin təhlükəsiz məskunlaşma və əhalinin davamlı geri qayıdışının təmin edilməsində, etimad mühitinin yaradılmasında və postmünaqişə ərazilərinin bərpasında rolu nəzərdən keçirilib.
Müzakirələrdə mina fəaliyyətinin əsas məqsədinin yalnız torpaqların təhlükədən təmizlənməsi deyil, insanların təhlükəsizliyinin, ləyaqətli yaşayışının və gələcəyə inamının bərpa edilməsi xüsusi vurğulanıb. Sessiyada icmaların dayanıqlığının təmin olunması üçün humanitar minatəmizləmə, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və yerli icmalar arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, mina qurbanlarının dəstəklənməsi hərtərəfli reabilitasiya, sosial və iqtisadi reinteqrasiya, eləcə də uzunmüddətli dəstək mexanizmlərini əhatə etməlidir. Təhlükəsiz ərazi dayanıqlı icmanın təməlidir. Minatəmizləmə insanların doğma yaşayış yerlərinə təhlükəsiz qayıdışını, məskunlaşmasını və normal həyat fəaliyyətinin bərpasını mümkün edir. Beynəlxalq əməkdaşlıq mina probleminin miqyası və mürəkkəbliyi nəzərə alınmaqla, uzunmüddətli və davamlı nəticələrin əldə olunması üçün əsas amillərdən biridir.
Dövlət qurumları, beynəlxalq təşkilatlar, donorlar və yerli icmalar arasında koordinasiya minatəmizləmə fəaliyyətinin səmərəliliyini və nəticələrinin davamlılığını təmin edir. Dayanıqlı nəticə üçün minatəmizləmə yalnız bir əməliyyat kimi deyil, təhlükəsizliyin, sosial rifahın, iqtisadi inkişafın və icmaların gələcək dayanıqlılığının təmin edilməsinə yönəlmiş kompleks proses kimi qəbul edilməlidir.
Digər xəbərlər