Türkiyə və Ermənistan XİN başçıları Antalyada danı...
17:20 11.04.2025
0
0
0
NAXÇIVAN :
11 Aprel 2025, Cümə
Budəfəki söhbətimizdə oxucularımıza 32 ildən sonra azad olunmuş Xocalıya qayıdan, ata yurdunun işğaldakı dövrü ərzində həyatını və yaradıcılığını Xocalıya həsr edən Səriyyə Cəfərovadan bəhs edəcəyik. Məlumat üçün öncə onu bildirim ki, Səriyyə xanım 1960-cı ildə Xocalı şəhərində dünyaya göz açıb. Xocalı soyqırımının şahidi olan Səriyyə xanımla telefon vasitəsilə həmsöhbət olduq. Soyqırımı zamanı anasını, yaxın qohumlarını itirdiyini deyən müsahibim söylədi ki, o, 1991-ci ildə “Xocalının səsi” qəzetində xüsusi müxbir vəzifəsində çalışıb. Qəzetdə işıq üzü görən məqalələrində, əsasən, ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən və Xocalı soyqırımına qədər Qarabağda baş verən siyasi proseslərdən bəhs edib.
Səriyyə xanım danışarkən onun səsindən həm qürur, həm də kövrəklik hiss olunurdu: “İxtisasım jurnalistika olduğundan gənclik illərimdən yazıb- yaratmaqla məşğulam. Qarabağımız işğaldan azad olunana qədər Xocalının qara gün-güzəranından yazmışıq. Cümlələrimizdə bir Vətən həsrəti duyulub... Amma Xocalı işğaldan azad edildikdən, öz yurd-yuvamıza geri döndükdən sonra sevinc və qürur hissi ilə yazıram. Öz peşəmi bu gün də, yenidən doğma yurdumda – Xocalımda davam etdirirəm. Həyat və yaradıcılığımın Xocalıdan uzaqda keçən illərində bir neçə kitabım işıq üzü görüb. Kitabların hamısında Vətən həsrəti, yurd nisgili var. Əsərlərimə nəzər yetirsəniz, görəcəksiniz ki, mən mütləq bir gün Xocalıya dönəcəyimi kitabın hər səhifəsinə həkk etmişəm. Xocalının azad olunacağına inanmışam. Və heç bir zaman bunun əksini düşünməmişəm...”
Səriyyə xanım söhbətinə belə davam edir: “İllərdir, Xocalı həsrətində idim. Bu yurd yerinə ilk qayıdan sakinlərdən biri də mən olmuşam. Xocalımızın əzəli sakinləri kimi öz dədə-baba yurdumuza əbədi olaraq qayıtmışıq. Uca Yaradana şükürlər olsun!” Müsahibimiz qeyd edir ki, 28 May – Müstəqillik Günündə Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Xocalıda xocalılılara mənzillərinin açarları təqdim edilib. Həmin sakinlərdən biri də mənəm: “Həmin tarixi, həmin anı heç zaman unutmaram. Çünki mən Xocalıdan çıxanda evimin açarını belə götürə bilməmişdim. Elə hiss etdim ki, evimin itən açarını cənab Prezident və Mehriban xanım sanki haradansa tapıb mənə verdilər. Çünki mənim bütün uşaqlıq xatirlərim bu evdə olub. Bu evi yenidən bərpa edib mənə geri qaytarmaları mənim üçün ən böyük hədiyyədir. Həmin anı xatırlayanda kövrəlirəm. Göz yaşlarıma hakim ola bilmirəm. Bəli, bu gün artıq azad Xocalıda bizim isti nəfəsimiz var. Mən hər zaman inanırdım ki, bir gün bu torpaqlara geri dönəcəyik. Bu tarixi qələbə ilə ərazi bütövlüyümüz uğrunda həlak olan bütün şəhidlərin ruhu əbədi sakitliyə qovuşub! Və o gün bu gündür, Xocalı qurbanlarının ruhu şaddır. Onların əziz xatirəsini azad Xocalıda anmaq şəhidlərimizin ruhuna ən böyük hədiyyədir. Ən əsası da Xocalı soyqırımını törədən cinayətkarlar bu gün Azərbaycanın haqq və ədalət məhkəməsi qarşısında cavab verirlər. Həmd olsun Allaha ki illər sonra ədalət öz yerini tapdı...”
Bülbül Quliyeva
Digər xəbərlər