NAXÇIVAN :

09 Iyun 2025, Bazar ertəsi

Naxçıvanda kütləvi qida zəhərlənməsinin baş verdiyi dönərxana bağlanıb

...

Bu gün Naxçıvanda 17 nəfərin qida zəhərlənməsinə məruz qalmasına səbəb olan hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi açıqlama verib.

"Şərq qapısı" xəbər verir ki, qurumun Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap Dönər”də 17 nəfər kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olan kimi təxirəsalınmaz tədbirlər agentlik tərəfindən görülüb: "Əməkdaşlarımız hadisə baş vermiş dönərxanada müvafiq tədbirləri həyata keçirib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb və nümunələr seçilərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkdir.  
Qurum rəsmisi bildirib ki, baş verən hadisə mövsümlə də əlaqədar ola bilər, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə də bu kimi riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər. Burada araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan souslar, ketçuplar, mayonezlərdən də nümunələr seçilib və Qida Təhlükəsizlik İnstitutunun laboratoriyasına təqdim olunmuşdur. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan temperatur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahiədələr zamanı istifadə olunan mayonez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmağı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur".

Nəşr edilib : 09.06.2025 13:32