Bakıda TÜRKPA-ya üzv Parlamentlərin Səhiyyə Komitə...
13:42 22.01.2025
0
0
0
NAXÇIVAN :
22 Yanvar 2025, Çərşənbə
Bugünkü iqtisadi reallıqlarda bir çox ailə öz mənzilinə sahib olmaq istəyir, lakin bunun üçün tələb olunan böyük məbləği birdəfəlik ödəmək hər kəs üçün mümkün deyil. Bu məqamda ipoteka kreditləri ideal həll yoluna çevrilir. İpoteka ilə mənzil sahibi olmaq istəyənlər üçün həm rahat, həm də uzunmüddətli bir kredit növüdür. Bəs bu kreditlər necə əldə olunur?
2016-cı ildən fəaliyyət göstərən “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaqdan, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirməkdən ibarətdir. İpoteka ilə ev sahibi olmaq üçün bir sıra tələblər var ki, bunlar da vətəndaşın daimi gəlir mənbəyi, onun sabit maaşı və ya gəliri, müəyyən məbləğdə yaxşı bir kredit tarixçəsidir. Bununla bağlı bir sıra suallara aydınlıq gətirmək üçün fondun kredit şöbəsinin baş mütəxəssisi Aidə Həsənliyə müraciət etdik. O bildirdi ki, “Naxçıvan İpoteka Fondu” ASC-nin iki növ ipoteka krediti mövcuddur: adi ipoteka kreditləri və güzəştli ipoteka kreditləri. Adi ipoteka kreditlərində 1 ildən artıq iş təcrübəsi olan Azərbaycan Respublikası vətəndaşları müraciət edib bu kreditdən yararlana bilərlər. Yaşı 35-dən çox olmayan gənc ailələr - şəhid övladları; Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanının övladları; Azərbaycanın Milli Qəhrəmanının övladları; məcburi köçkün və ya ona bərabər tutulan şəxs; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs; fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); ən azı 5 il jurnalist işləyən və media reyestrinə daxil edilmiş şəxs; elmlər doktoru elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka kreditlərindən istifadə edə bilər.
Müsahibimizin sözlərinə görə, ailə vəziyyətindən asılı olmayaraq, digər şəxslər, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış, Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs; ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və media reyestrinə daxil edilmiş şəxs; şəhid ailəsinin üzvü (əri/arvadı); Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı) güzəştli ipoteka kreditdən istifadə edə bilər. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
Aidə Həsənli deyir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə adi ipoteka kreditinin maksimal məbləği 150 min manata, güzəştli ipoteka kreditinin maksimal məbləği isə 100 min manata çatdırılmışdır.
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2024-cü il ərzində 71 ailəyə ipoteka kreditinin maliyyələşdirilməsi həyata keçirilmişdir.
Cəmiyyətdə daha da şəffaf və effektiv informasiya dəstəyi kimi ipoteka kreditlərinin verilməsi, əhalinin mənzil şəraitini yaxşılaşdırmaq üçün ipoteka kreditləri üzrə növbəliliyin tətbiq edilməsi, eləcə də bu sahədə insan amilinin aradan qaldırılması məqsədilə ASC öz saytı üzərindən ayrılmış limit daxilində vətəndaşların ilkin müraciətlərinin avtomatlaşdırılması istiqamətində işə başlamışdır.
Həmçinin “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsini, limitlərin ayrılmasını, aylıq kredit ödənişlərinin müvafiq hesablara işlənməsi və Nizamnamədə nəzərdə tutulan digər işlərin cari ildə də davam etdirilməsi təmin ediləcəkdir.
Son olaraq onu da vurğulamağı vacib sayırıq ki, ipoteka kreditləri öz mənzilinə sahib olmaq istəyənlər üçün əlverişli bir vasitədir. Lakin bu prosesə ciddi yanaşmaq, maliyyə imkanlarını dəqiq analiz etmək və riskləri düzgün qiymətləndirmək vacibdir. Doğru planlama ilə ipoteka yalnız xəyalınızı gerçəkləşdirməyə deyil, həm də ailəniz üçün uzunmüddətli rahatlıq təmin etməyə kömək edəcək.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər