Tramp: ABŞ İranla bağlı mühüm kəşfiyyat məlumatlar...
23:49 25.10.2026
0
0
0
NAXÇIVAN :
26 Oktyabr 2026, Bazar ertəsi
Payızın gəlişi ilə dağ yamaclarında, kolluqlarda, tikanlı budaqların arasında qızaran itburnu meyvələri təbiətin diqqətçəkən mənzərələrindən birini yaradır. Yazda zərif çiçəkləri ilə gözoxşayan bu bitki payızda qırmızı-narıncı meyvələri ilə seçilir. Ancaq itburnunun dəyəri yalnız görünüşündə deyil. O həm də nənələrimizin qış azuqəsində xüsusi yeri olan, faydalı xüsusiyyətləri və müxtəlif istifadə imkanları ilə tanınan bitkilərdəndir. Payız günlərində ana-nənələrimiz tikanlı kolların arasından itburnu toplayar, meyvələri diqqətlə seçib qurumağa qoyarlar. Qış gələndə həmin azuqədən çay dəmlənər, mürəbbə hazırlanar. Soyuq havalarda ocağın üstündə qaynayan çayın ətri evə yayılanda itburnu dəmləməsi də süfrələrə istilik gətirər. Beləcə, bu kiçik meyvə təkcə qış ehtiyatına deyil, ailə yaddaşımızın bir parçasına çevrilib. Bu gün də itburnu deyəndə çoxlarının xəyalında qırmızı meyvələrlə dolu kollarla yanaşı, uşaqlıq illəri, nənə qayğısı və köhnə evlərin doğma ab-havası canlanır.
İtburnunun yaddaşımızdakı yeri mədəniyyətimizlə də bağlıdır. Azərbaycan kinosunun sevilən ekran əsərlərindən olan “Ögey ana” filmində onun qızdırma zamanı istifadəsi ilə bağlı səhnə də diqqətçəkən detallardandır. Bu epizod xalq arasında itburnunun şəfalı bitki kimi tanınmasının və nəsildən-nəslə ötürülən təcrübənin kino vasitəsilə yaddaşlarda yaşamasının maraqlı nümunəsidir. Bəs gündəlik həyatımızda çaydan mürəbbəyədək müxtəlif formalarda istifadə etdiyimiz bu meyvəni fərqləndirən nədir?
İtburnunu qidalanma baxımından dəyərli edən əsas xüsusiyyətlərdən biri tərkibindəki C vitaminidir. Meyvədə, həmçinin antioksidant xüsusiyyətlərə malik müxtəlif birləşmələr mövcuddur. C vitamini immun sisteminin normal fəaliyyətində, kollagenin yaranmasında və hüceyrələrin oksidləşdirici zədələnmədən qorunmasında mühüm rol oynayır. Bu baxımdan, itburnu gündəlik qidalanmanı zənginləşdirən təbii məhsullardan biri hesab edilə bilər. Bununla belə meyvənin tərkibindəki vitaminlərin miqdarı onun növündən, yetişmə şəraitindən, saxlanma və hazırlanma üsulundan asılı olaraq dəyişir. Xalq təbabətində itburnu dəmləməsindən xüsusilə soyuq aylarda geniş istifadə olunur. Onun isti halda içilməsi insana rahatlıq verir, maye qəbulunu artırır. Eyni zamanda qan azlığında, zəiflikdə, aterosklerozda, gec sağalan yaralarda, böyrək daşı xəstəliyində, qaraciyər problemində və sair xəstəliklərdə istifadə edilir. Lakin itburnunu soyuqdəymənin və digər xəstəliklərin müalicəsi üçün təkbaşına vasitə hesab etmək düzgün deyil. Hər hansı sağlamlıq problemi zamanı bitki dəmləmələrindən müalicə məqsədilə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. İtburnu təbii məhsul olsa da, ondan istifadə zamanı ölçünü də gözləmək lazımdır.
Beləliklə, payızın tikanlı kollarında yetişən itburnu, sadəcə, qırmızı rəngi ilə diqqətçəkən meyvə deyil. O, təbiətin bizə bəxş etdiyi qida mənbəyi, nənələrimizin qış azuqəsindən süfrələrimizə qədər uzanan bir ənənə və uşaqlıq xatirələrimizdə yaşayan doğma bir daddır. İllər keçsə də, bir fincan itburnu çayının ətri bizə həm təbiətin bəxş etdiyi nemətləri, həm də nəsillər boyu qorunub saxlanılan məişət ənənələrimizi xatırladır.
Səmayə RƏSULOVA
Digər xəbərlər