NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvanlı idmançıdan ölkə birinciliyində uğur

...

Kikboksinq üzrə keçirilən Azərbaycan birinciliyində Naxçıvan idmançısı Nizami İsmayılov uğura imza atıb. O, 2015-2017-ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda “Xan” döyüş klubunun yetirməsi 47 kiloqram çəki dərəcəsində “kick light” versiyasında mübarizə apararaq fəxri kürsüyə yüksəlməyi bacarıb.
İdmançının məşqçisi Samir Fərmanov onun bu yarışa hazırlığından, həmçinin keçirdiyi döyüşlərdən danışarkən bildirib ki, yetirməsi məşqlər zamanı həm fiziki göstəricilərin, həm də döyüş taktikasının təkmilləşdirilməsinə diqqət yetirib: “Nizaminin yarışa hazırlığı yaxşı keçmişdi. Sürətini, dözümlülüyünü və zərbə texnikasını inkişaf etdirmək üzərində çalışmışdıq. Rəqiblər güclü olduğundan döyüş zamanı taktiki qərarlar da mühüm rol oynayırdı”.
Məşqçinin sözlərinə görə, Nizami qarşılaşmalarda sona qədər mübarizə aparması ilə seçilib. O, idmançısının daha yüksək nəticə əldə etmək potensialının olduğunu da vurğulayıb: “Nizaminin     əzmkarlığı məni sevindirdi. Döyüş zamanı geri çəkilməməsi, hücumlarını davam etdirməsi onun mübarizə ruhunu göstərirdi. Bəzi məqamlarda daha düzgün taktiki qərarlar verə bilsəydik, nəticə fərqli də ola bilərdi. Bununla belə qazanılan bürünc medal bizim üçün dəyərlidir”.
Nizami İsmayılov isə yarışın onun üçün həm məsuliyyətli, həm də yaddaqalan olduğunu bildirib. Gənc idmançı güclü rəqiblərlə qarşılaşmağın təcrübəsini artırdığını qeyd edib: “Rəqiblərim güclü idi və hər qarşılaşmada diqqətli olmaq lazım gəlirdi. Bürünc medal qazandığım üçün sevinirəm. Ancaq məqsədim daha yüksək nəticə göstərmək idi”.
O əldə etdiyi nəticənin gələcək yarışlar üçün əlavə stimul olduğunu da vurğulayıb: “Bu yarış mənə çox şey öyrətdi. Daha yaxşı nəticə qazanmaq üçün məşqlərdə öz üzərimdə çalışmağa davam edəcəyəm. Gələcəkdə qızıl medal qazanmaq və Naxçıvanı uğurla təmsil etmək istəyirəm”.
İnanırıq ki, Nizami İsmayıl­ovun mübarizə ruhu və bitməyən əzmi onu növbəti turnirlərdə daha uca zirvələrə, fəxri kürsünün ən yüksək pilləsinə daşıyacaq.

Elnurə CƏFƏROV

Nəşr edilib : 25.10.2026 19:01