NAXÇIVAN :

08 Oktyabr 2024, Çərşənbə axşamı

Xəstəliklərdən qorunaq!

...

Artıq ölkəmizə payız fəsli qədəm qoyub. Hər fəslin öz gözəlliyi var. Payızın isə bizi sehrləyən, gözoxşayan, ruhumuzu dincəldən rəngarəng gözəlliyi bir ayrı aləmdir. El arasında işlətdiyimiz “Hər gözəlin bir eybi var” ifadəsini xatırlayıram. Bu gözəlliyin, füsunkarlığın bir də digər tərəfi var. Payızın gəlişi, havaların soyuması ilə əlaqədar insanların səhhətində bəzi problemlər yaranmağa başlayır. Statistik məlumatlara əsasən bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. İqlim dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq müxtəlif formalarda keçirirlər. Bəzi xəstəliklər insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahasızlıq, depressiya ilə müşahidə olunur. Bu fəslin xarakterik xəstəliklərinə qrip, soyuqdəymə, faringit, bronxit, ürək-damar sistemi xəstəlikləri və sair aiddir.
Bu mövzu ilə bağlı həkim-infeksionist Dilrubə Qaraşova ilə əlaqə saxladıq. O bildirdi ki, havaların soyuması ilə əlaqədar insanlar daha çox  qapalı mühitlərdə vaxt keçirir. Tənəffüs yolları xəstəlikləri, yuxarı tənəffüs yolları infeksiyaları, qrip kimi virus infeksiyaları məhz bu səbəbdən yayılır. Həkim bu infeksiyalardan qorunmanın ən sadə yolunun gigiyenik qaydalara riayət etmək olduğunu söyləyir: -Əllərimizi vaxtlı-vaxtında yumaq, kirli əllərlə üz, göz, ağız bölgəsinə toxunmamaq, xəstə olarkən asqırdıqda və ya öskürdükdə ağzımızı dəsmal, yaxud kağız salfetlə örtmək bu xəstəliyin yayılmasını nisbətən önləyir. Xüsusilə məktəb uşaqlarına əllərini yumaq barədə məsləhət vermək lazımdır. Həmçinin ictimai nəqliyyatdan istifadə zamanı sanitariya qaydalarına diqqət edilməlidir. Əgər iş yerimizdə və ya evimizdə xəstə biri varsa, xəstəlikdən qorunmaq üçün mütləq cərrahi maskadan istifadə edilməli, tez-tez otaqlar havalandırılmalıdır. Qrip və ya bənzəri xəstəliklər zamanı ev şəraitində nisbətən yüngül xəstəlik keçirən insanlar  bol maye qəbul etməli, yataq istirahəti etməli və mütəmadi təmiz hava almalıdırlar. Bütün bunlar xəstəliklərin yüngülləşməsinə şərait yaradır. 
Profilaktik tədbirlərdən də bəhs edən Dilrubə xanım xəstəliklərin yaranması və yayılmasının qarşısının alınmasında peyvəndlərin önəmini xatırladır: Hər il payızın ortalarında qrip peyvəndləməsinə başlanılır. Bu peyvənd bir öncəki ildə qripin yayılmış növləri nəzərə alınmaqla hazırlanır və risk qruplarının mütləq peyvəndlənməsi lazımdır. Bunlara hamilə qadınlar, 65 yaş üzəri, diabeti, hipertenziyası, ürək-damar xəstəlikləri olanlar və başqaları daxildir. Xəstələrlə daha çox təmasda olan səhiyyə işçilərinin də qrip peyvəndi olmağı tövsiyə edilir. Digər profilaktik tədbir kimi, tədris müəssisələrində, iş yerlərində insanların ən çox təmas etdiyi səthlərin vaxtında təmizlənməsi  xüsusi önəm kəsb edir.  
Xəstəliklərə yoluxmamaq üçün sağlam qidalanmanın da əsas şərt olduğunu söyləyən həkim mövsümi meyvə-tərəvəzlərin qəbulunu məqbul hesab edir və C  vitamini ilə zəngin limon, portağal, mandarin, soğan, sarımsaq kimi qidalara  üstünlük verilməsini tövsiyə edir. 

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 01.10.2024 10:04