Azərbaycan XİN İrana başsağlığı verib
09:53 27.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
“Azerbaijan International” (Azərbaycan Beynəlxalq) jurnalının 2001 (9.3) sayında baş redaktor Betti Bleyerin Azərbaycan Prezidenti Heydər Əliyevlə növbəti müsahibəsi ilk dəfə ingilis dilindən Azərbaycan dilinə tərcümə edilir. “Azerbaijan International”ın bu buraxılışı redaktor Betti Bleyerin “On il sonra” 5 iyul 2001-ci ildə Prezident Əliyevdən “Müstəqil Azərbaycanın qurulmasında Azərbaycan dilinin əhəmiyyəti” haqqında aldığı müsahibəyə həsr olunub. Müsahibədən bir neçə həftə əvvəl, Prezident Əliyev 2001-ci ilin avqustun 1-nə qədər kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına məcburi keçidlə bağlı fərman imzalayıb.
Betti Bleyer: – Ən çox xarici mətbuat bu hadisəyə xüsusi əhəmiyyət verərək yazdı ki, latın qrafikasına keçidi Azərbaycanın özü, təxminən, 10 il əvvəl, 25 dekabr 1991-ci ildə qərara aldı və latın qrafikasının seçimi Azərbaycanın XX əsrdə (1923-1940) istifadə etdiyi latın qrafikalı Azərbaycan əlifbasına qayıtma idi. Azərbaycanda Prezident Əliyev bütün rəhbərliyi dövründə səylərini Azərbaycan dilinin dövlət dili kimi müəyyən edilməsi və işlədilməsini gücləndirməyə yönəldir.
Prezident Əliyev, həmçinin ötən 10 il ərzində Azərbaycanın sosialist sistemdən demokratiyaya keçid prosesi haqqında Qərbin, həqiqətən, səhv qavrayışına dair fikirlərini müzakirə edir.
Bundan əvvəl, 1993-cü ildə mən ilk dəfə sizinlə müsahibə aparanda əksər xarici jurnalistlərin iqtisadiyyat və siyasətlə əlaqəli soruşduğu ənənəvi sualları deyil, şəxsi həyatınızla bağlı sualları soruşdum. Bu illər ərzində, bizim birlikdə müxtəlif görüşlərimizdə, siz uşaqlıq illəriniz haqqında, böyüdüyünüz Naxçıvan haqqında, Memarlıq İnstitutunda tələbə kimi rus dilini öyrənməyiniz haqqında Moskvada Siyasi Büroda işləriniz haqqında və Sovet İttifaqı dağılandan sonra bu çox çətin keçid dövründə müstəqil ölkənin necə idarə edilməsi haqqında şəxsən danışmısınız.
Mən sizdən millətin formalaşması baxımından dilin rolu haqqında soruşmaq istərdim. Sizin çoxsaylı çıxışlarınızdan görünür ki, Azərbaycan dilinə bu dərəcədə dərin bir məhəbbətiniz var. Azərbaycanda bəzi dil mütəxəssisləri ilə danışanda mən başa düşürəm ki, sizin səyinizlə ana dilinin rəsmi dil kimi qəbul edilməsi keçmişdə 1960-1970-ci illərin axırlarına aid edilə bilər. Bu gün sizin kiril əlifbasından latın qrafikasına keçid məqsədilə 14 iyunda imzalanan 2001-ci ilin avqustun 1-nə qədər son müddət müəyyən edilmiş yeni fərmanınız mənim üçün maraqlıdır. Nəyə görə siz əlifba haqqında narahatsınız və kiril qrafikasının latın qrafikasına dəyişilməsi prosesini olduqca qısa müddətə müəyyən etməyi necə qərara aldınız?
Heydər Əliyev: – Mənim bu yaxınlardakı fərmanım keçmiş onilliklər ərzində Azərbaycan dili haqqında mənim arzularımın və gördüyüm işlərin – Azərbaycan dili ilə bağlı bütün səylərimin məntiqi nəticəsidir. Siz mənim 1960-cı və 1970-ci illərdəki fəaliyyətimə toxundunuz. Hətta baxmayaraq ki, biz o zaman müstəqil deyildik və sovet dövründə yaşayırdıq, mən Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlədilməsini gücləndirmək uğrunda çalışırdım.
1977-ci ildə sovetlər yeni Konstitusiya qəbul etdi. Bir il sonra 15 respublikanın hər biri ayrıca sovet hökumətinin tərkibində öz konstitusiyalarını qəbul etdilər. O zaman mən Konstitusiyamızda Azərbaycan dilinin respublikanın dövlət dili olmasını təkid etdim (Əlbəttə, biz həmin statusu rus dili ilə bölməli olduq). Doğrudur, Azərbaycan dilinin dövlət dili adlandırılması Moskvada bəzi narahatlığa səbəb oldu.
Moskvada Konstitusiya Komissiyası var idi və biz müzakirələr üçün oraya gedərdik. Mən xatırlayıram ki, Ukraynanın rəhbəri Vladimir Şerbitski bizim nə etdiyimizi görəndə o dedi ki, bu o deməkdir ki, onlar konstitusiyalarında dövlət dili kimi Ukrayna dilini göstərməlidirlər.
Mən ondan soruşdum “Bunu həyata keçirməkdə sizə nə maneə olur? Ukraynanın 50 milyon əhalisi var, sizin üçün bunu etmək altı milyon əhalisi olan Azərbaycan kimi kiçik respublikadan daha da asandır”. Əlbəttə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi göstərilməsinə bəzi maneələr oldu, ancaq əgər siz xalqımızın müstəqilliyimizdən sonra referendum yolu ilə qəbul etdiyi 1995-ci il Konstitusiyasına baxsanız, Azərbaycan dili yeganə rəsmi dövlət dili kimi göstərilir. Bunu mən etmişəm. Dil millətin formalaşmasında əsas amillərdən biridir. Əgər millətin öz dili yoxdursa, millətlərin tanınmasına problem olacaq.
Qədim zamanlardan bəri Azərbaycanın öz dili olub. Doğrudur, fasilələr olub. Məsələn, ərəblər gələn zaman onların dili burada istifadə olunmağa başladı, yaxud farslar gəldi, eyni şey baş verdi. Buna baxmayaraq, bizim öz dilimiz yaşadı.
Mən fərmanımda göstərmişəm ki, 500 il əvvəl Səfəvi sülaləsi (1501-1736) hakimiyyətə gələndə birinci padşah bütün İranı idarə edirdi. Onun adı Şah İsmayıl Xətai idi. (Yeri gəlmişkən, onun atasının adı da Heydər idi, Şeyx Heydər!) Xətai Azərbaycan dilinin bütün saray daxilində işlədilməsi üçün bir fərman verdi. Və o bunu etməyə çalışdı.
Ancaq sonralar Azərbaycan İranın təzyiqi nəticəsində müstəqilliyini itirdi və biz növbəti 200 il ərzində Rusiya imperiyasının bir hissəsi olduq. Beləliklə, hətta bizim öz dilimizi işlətməyimizə baxmayaraq, ana dilimiz rəsmi dövlət dili deyildir. Buna görə də mənim səyim nəticəsində sovet dövründə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi ilk dəfə idi.
İkincisi, siz nəzərə almalısınız ki, 1991-ci ildə Azərbaycan müstəqil respublika olanda, hətta mən prezident seçilməmişdən əvvəl Azərbaycan dili ana dili və dövlət dili kimi göstərildi və 1991-ci ilin dekabrında latın qrafikalı əlifba rəsmi əlifba elan edildi. Ancaq yenə də mən həmin dil qanununun Konstitusiyaya daxil edilməsini təmin edən yeganə şəxs idim.
Xalq Cəbhəsi ciddi səhv etdi. 1992-ci ilin oktyabr ayı ərəfəsində onlar parlamentdə yalnız 26 deputatın lehinə səs verməsi ilə dilimizin türk dili olması haqqında bir qanun qəbul etdilər. Bu, böyük bir xəyanət idi və Azərbaycanda ciddi narazılığa səbəb oldu.
Azərbaycanda yaşayan insanların əksəriyyəti mənşə etibarilə türklərdir. Bizim dilimiz türk dili ailəsinə aiddir. Ancaq onlar Azərbaycan dilini türk dili kimi göstərdiyi zaman bu Azərbaycanda səs-küyə səbəb oldu.
Doğrudur, hind-Avropa dil ailəsi, slavyan dil ailəsi və bir çox başqaları var, ancaq Azərbaycan dili bu gün dünyada mövcud olan digər 22 dil kimi kökləri türk dili ailəsinə mənsubdur. Ancaq türk dilinin özü təkcə Türkiyədə işlədilir.
Özbək, qazax, qırğız, türkmən, uyqur, tatar və başqa dillər türk dili köklərinə malikdir. Ona görə də bu dillərdə sözlər bir-birinə oxşardır. Bununla yanaşı, bizim hər birimizin öz dilimiz var: özbək dili, qazax dili, türkmən dili, tatar dili və digərləri. Bizim dilimiz Azərbaycan dilidir.
Doğrudur, türk dilləri ailəsinə daxil olan dillər içərisində Azərbaycan və türk dilləri bir-birinə daha çox oxşardır. Ona görə də biz bir-birimizi tamamilə yaxşı başa düşürük. Ancaq özbəklər Türkiyəyə gedəndə onlar rus dilində danışırlar və kimsə onların danışıqlarını rus dilindən türk dilinə tərcümə etməlidir. Yaxud hesab edin ki, biz altı ölkənin – türkdilli ölkələrin hər hansı biri ilə görüşlər keçirəndə yeganə olaraq mən və Türkiyə prezidenti öz ana dillərimizdə ünsiyyət qura bilirik. Mən Azərbaycan dilində danışıram və o, türk dilində danışır.
Ancaq Türkiyənin prezidenti Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın və ya Qırğızıstanın dövlət başçıları ilə görüşəndə onlar rus dilində ünsiyyət qurmalıdırlar. Türklər, sadəcə, o dilləri başa düşmür. Yaxud onların başa düşməsi çox çətin olur.
Türkiyədə Atatürkün rəhbərliyi altında 1920-ci illərin sonunda yenidən xalqın dil islahatı oldu. Ancaq o zaman onlar səhv etdilər. Mən əvvəl bu faktı türklərə demişəm. Türk dilinin islahat məsələsi Akop Dilacara (erməniəsilli türk) tapşırıldı.
Bu gün türk xalqı bu haqda bilmir. Mən bir neçə dəfə türklərlə danışanda dedim ki, Akop onların dillərini mövcud vəziyyətə salıb, türklər bu haqda bilmədilər. Ancaq daha yaşlı nəsil bilir. Süleyman Dəmirəl (Türkiyənin keçmiş prezidenti, 1993-2000-ci illərdə hakimiyyətdə olub) bilir.
O zaman onların dilinə dəyişikliklər edildiyi üçün bizim dillərimizin arasında daha çox fərqlər vardı. Məsələn, mən danışanda Süleyman Dəmirəl mənim söylədiyim fikirləri 100 faiz başa düşür. Ancaq o danışanda mən onun fikirlərini tamamilə başa düşə bilmirəm. Ola bilsin ki, mən onun fikirlərinin 100 faizini deyil, təxminən, 95 faizini başa düşürəm. Bizim dillərimiz çox yaxındır, ancaq bu fakt dəlalət etmir ki, biz öz Azərbaycan dilimizi türk dili adlandırmalıyıq. Türkiyədə daha gənc nəsil Azərbaycan dilinin, təxminən, 70-80 faizini başa düşür.
Hər bir millət öz dilini sevməlidir. Əgər insanlar öz ölkələrini sevmirsə və onların öz dilləri yoxdursa, onlar heç vaxt güclü millət ola bilməzlər.
Əlavə edim ki, 10 il orta məktəbdə latın qrafikalı Azərbaycan əlifbası ilə təhsil aldım. Ancaq mən universitetə daxil olanda və sonrakı hərbi məktəb, Dövlət Təhlükəsizlik Komitəsinin məktəbi, hamısı rus dilində idilər.
Ruslar mənə deyir ki, mən rus dilini onların özlərindən daha yaxşı danışıram. Sovet dövründə ruslar Siyasi Büro üzvləri arasında Heydər Əliyevin rus dilində onlardan daha yaxşı danışdığını deyərdilər.
Mənim rus dilini çox yaxşı danışmağıma baxmayaraq, öz dilimi də unutmadım. Mən Moskvadan geri qayıdanda şayiələr gəzirdi ki, Heydər Əliyev öz dilini bilmir. Və ya, hətta Heydər Əliyev Azərbaycandilli deyil. Ancaq bu doğru deyildi; mən öz dilimi unutmamışdım.
Betti Bleyer: – Siz nəyə görə kiril əlifbasını latın əlifbasına dəyişəndə son müddət qoydunuz?
Heydər Əliyev: – On il əvvəl, 1991-ci ilin 25 dekabrında Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması haqqında bir qanun qəbul edildi. Həmin qanun bu fərmanı zəruri edən birinci şərtdir. Ancaq bu günə qədər o qanun, həqiqətən, həyata keçməyib.
Bunun səbəblərindən biri odur ki, burada, bizim ölkəmizdə mütəxəssislərin əksəriyyəti rus dilində danışırlar və onlar rus dilində yazmağa vərdiş ediblər. Beləliklə, nazirliklərin və digər idarələrin arasında sadə yazışma rus dilində aparılır. Hətta on il əvvəl qanunun qəbul edilməsinə baxmayaraq, onlar hələ də latın qrafikalı əlifbaya keçməyiblər. Ancaq bu nə vaxta qədər davam edər? On il kifayət deyilmi?
Mən bu fərmanı imzalayanda müxalifət mətbuatda şikayətləndi ki, Heydər Əliyev onları bankrot etməyə, qəzetlərini ləğv etməyə məcbur etmək istəyib. Ancaq onların özləri türklüyü sevirlər. Onlar tez-tez deyirlər ki, guya onlar Türkiyəni bizdən daha çox sevirlər. Və həqiqətdə onlar latın qrafikalı əlifbanı kiril əlifbasından üstün tuturlar.
Ancaq mən bu fərmanı verəndə onlar etiraz etdilər. Onlar dedilər ki, mən bu fərmanı əhalinin müxalifət qəzetlərini oxuya bilməməsi üçün vermişəm. Lakin təkcə onlar qəzet nəşr etmirlər. Bəs mənim mənsub olduğum partiya necədir? Mənim də rəsmi “Azərbaycan” qəzetim var. Əgər insanların qəzetləri oxumağının qarşısı alınırsa, bu göstərir ki, insanlar bizim qəzetlərimizi də oxuya bilməyəcək. Yaxud “Xalq qəzeti”ni və ya mənim siyasi partiyama (Yeni Azərbaycan Partiyası) mənsub olan bəzi digər qəzetləri götürün.
(ardı var)
İngilis dilindən tərcümə etdi: Süsənbər AĞAMALIYEVA
filologiya üzrə fəlsəfə doktoru
Digər xəbərlər