NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Vətən savaşının yaddaşlarda saldığı izlər

...

Vətən müharibəsi qazisi, Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya gələn Məhəmməd­əli Hüseynzadə ilə söhbət edərkən baxışlarından, səsinin titrəməsindən həmin  günlərin izlərini açıq-aşkar hiss etmək olurdu. Danışmaqda çətinlik çəkirdi, sanki hər bir an yenidən gözlərinin önündə canlanırdı.
“Vətən müharibəsi başlayanda xüsusi təyinatlı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi  orduda xidmət edirdim.  Hər bir azərbaycanlı  hərbçi kimi mən də torpaqlarımızı qorumaq üçün silaha sarıldım. Döyüş zamanı yadımdan çıxmayan ən təsirli an döyüş yoldaşlarımın şəhid olması idi. Ancaq biz həm torpaqlarımızı azad etmək  üçün, həm də şəhid qardaşlarımızın qisasını almaq üçün irəliləməli idik. Biz onların başladığı işi sona çatdırdıq, işğal altında olan torpaqlarımızı geri qaytardıq”.
Məhəmmədəli bu qələbənin əsas səbəbini ordu və xalqın  gücündə görür: “Qazandığımız zəfərin ən mühüm səbəbi Azərbaycanın güclü ordusunun olmasıdır. Mən Ali Baş Komandanımız və Vətənimin məğrur insanları ilə fəxr edirəm. 30 ildən sonra torpaqlarımıza qovuşmaq və üçrəngli bayrağımızı Şuşada, Zəngilanda, Qubadlıda yenidən dalğalandırmaq hər bir döyüşçü üçün qürur mənbəyidir”. 
Vətən savaşının igid əsgəri əlavə edir: “Psixoloji olaraq çətinliklər yaşadım. Sağlamlığıma görə işlə təmin oluna bilmədim, amma dövlətimiz məni ev və avtomobillə təmin etdi. Ən əsası isə cəmiyyətimizdə qazilərə qarşı hörmət və qayğı görmək qürur verir. Bu gün Vətən üçün canından keçən hər bir hərbçi öz müstəqil, suveren  Vətəni  Azərbaycanla qürur duyur. Hər birimiz fəxr edirik ki, biz azərbaycanlıyıq”. 
Qeyd edək ki, Vətən savaşında göstərdiyi şücaətə görə o, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 
Vətən savaşında qazanılan zəfər təkcə xalqımızın yox, Cənubi Qafqazın da taleyini dəyişdi. Bu xalq, bu Vətən onun üçün canından və sağlamlığından keçən oğullarını heç vaxt unutmayacaq. 

 Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 26.10.2025 11:20