Ümumdünya Uşaq İxtirası Günü ilə əlaqədar tədbir k...
20:17 15.01.2025
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2025, Çərşənbə
Bu gün Almas İldırımın vəfatından 73 il ötür...
Həsrətin, sevginin və Vətən eşqinin əbədi şairi... Onun şeirlərində qürbətin acısı, ana torpağa olan sevgisi və əsir yurdunun azadlıq eşqi birləşərək oxucunu həm düşündürür, həm də duyğulandırır. Bu poeziya Vətənin gözəlliklərini təsvir edən bir xəyal rəsmi, qəlbdə çırpınan nisgil isə sevginin əbədi yanğısıdır.
Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində anadan olmuşdu. Sovetlər dövründə Azərbaycanda bəy nəslinin nümayəndələri hakimiyyətin cəza tədbirlərinə tuş gəlirdi. 1914-1915-ci illərdə “İttihat” məktəbində təhsil aldığı dövrlərdə fars dilini yaxşı mənimsəmiş, 1926-cı ildə isə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bu gün” adlı şeir məcmuəsin dərc etdirmişdir. Şeirlərində vurğuladığı milliyyətci ifadələrinə görə şair 1928-ci ildə Dağıstana sürgün olunur. Sürgündə belə yaradıcılıqdan geri qalmayan şair “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şeirləri qələmə alır. Şair 1930-cu ildə Bakı şəhərinə qayıdaraq burada “Dağlar səslənərkən” şeir məcmuəsini nəşr etdirir. Lakin bu nəşr şairin Azərbaycan Yazıçılar İttifaqından qovulmasına səbəb olur... Növbəti dəfə o, Türkmənistana sürgün olunur. Həyatı sürgünlərdə keçən şair 1933-cü ildə yenicə evləndiyi Zivər xanımı və 3 aylıq körpəsi Azəri də götürüb İrana gedir. İrana çatar- çatmaz həbs olunur... Sonra Türkiyəyə gedir. Şair 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edir.
Mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi olan Almas İldırım öz misraları ilə ana yurduna həsrətini “Əsir Azərbaycanım” şeirində romantik bir dillə belə ifadə edirdi:
Salam dеsəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Хəzərə yеtirsə,
Хəzər cоşub zəncirini qırar оy!..
Hökm еtsə, bu sərsəm gеdiş dursa оy.
Şairin həyatının 17 ilini əhatə etmişdi Türkiyə... Öz səsini çatdırmaq üçün rüzgara belə möhtaclıq duyması və bu yolla həmin illərin nisgilini Ağrı dağından Alagöz dağına, oradan isə Xəzər dənizinə çatdırmaq istəyi şairin həyat yolunun necə keşməkeşli və çətin olduğunun ən bariz nümunəsidir...
Qürbət eldə Vətəndən ayrı düşmək şairi elə sıxırdı ki, Vətənindən bəhs etməyin suç olduğunu və bu səbəbdən sürgün edildiyini “Qürbətdə” şeirinin aşağıdakı misralarında göstərir; səbəbini isə “Kremlin vəhşi qurdu” adlandırdığı hakimiyyətdə görərək yazırdı:
Mən ölmək istəməm, görmədən dоğma yurdu,
Mən оrada ağlamışam, mən оrada güləcəyəm.
Söylə, qоy sеvinməsin Krеmlin vəhşi qurdu,
Mən tufanla dоğuldum, tufanla öləcəyəm!..
Azərbaycan şair üçün doğma və əziz olsa da, doğulub, boya-başa çatdığı Bakı şəhərinə olan həsrət şairin qələmində açıq-aşkar görünür. Şairin “Bakı” şeiri bu həsrəti oxucuya daha da aydın hiss etdirir:
Yanarkən Səbayеldə hər aхşam yaşıl mayak,
Yоlumu sənələrlə gözləyən anam оyaq…
Talеyə baх, uzaqlar yaхın, yaхınlar uzaq,
Uzaq dağlar ardından gəl məni dinlə, Bakı…
Şair qürbət duyğularını, ürəyində daşıdığı ümidini və həmişə yaşatdığı Vətən sevgisini oxucunun qəlbinə köçürürdü. Almas İldırım poeziyası həm öz dövrünün, həm də bütün zamanların insanlarına Vətən sevgisi ilə dolu bir məktubdur. Şairin yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə nəşr olunub.
Almas İldırım! Gözlərini qürbətdə dünyaya yummuş, lakin ruhu Vətəninin üzərində qanadlanan bir şair... Onun son nəfəsi doğma torpağından uzaqda olsa da, şeirləri sanki Azərbaycana qayıdaraq hər bir daşında, hər bir çiçəyində yaşamağa davam edir. 14 yanvar 1952-ci il onun cismən dünyadan köçdüyü, lakin poeziyasının əbədiyyət səmasına qalxdığı bir gündür.
Bu tarix yalnız bir ayrılıq günü deyil, həm də azadlıq və sevgi yolunda atılmış addımların xatirəsidir. Şairin Vətəninə olan sevgisi, doğma yurda olan həsrəti ölümsüz qaldı.
Almas İldırımın ölümü bizə bir həqiqəti xatırladır: Vətən məhəbbəti heç vaxt ölmür... Bu sevgi şairin qəlbində olduğu kimi, şeirlərində də yaşadı və Azərbaycan xalqının ruhunda əbədi olaraq qalacaq. 14 yanvar həm də şairin yoxluqdan əbədiyyətə yüksəldiyi tarixdir. O gündən bəri hər bir şeiri oxunduqca, Almas İldırımın ruhu sanki azad göy üzündə, doğma dağların zirvəsində dolaşır...
Rafiq TƏHMƏZ
Digər xəbərlər