NAXÇIVAN :

06 Yanvar 2025, Bazar ertəsi

Uşaqlarda lunatizm xəstəliyi varsa, nə etməliyik?

...

Digər adı somnambulizm olan lunatizm insanın yuxu zamanı etdiyi qeyri-iradi hərəkətləridir. “Lunatik” latın sözü olub “yuxuda gəzən” deməkdir. İlk zamanlar bu xəstəliyin nə olduğunu bilməyən insanlar lunatikləri, hətta “şeytan” adlandırırdılar. Bir çox ailədə gecənin bir saatı yuxudan durub öz-özünə danışan, hərəkət edən, oyaqmışcasına sərbəst yeriyən uşaqlar var. Araşdırmalar göstərir ki, lunatiklər, hətta nə isə axtarırmış kimi sakit şəkildə şkafları və ya siyirmələri qarışdırır, pilləkənlə sərbəst enir, başqaları ilə birlikdə oturub televizor seyr edir, bəzən telefonla kiməsə zəng edib danışırlar. Ölkəmizdə də bu xəstəliyin daşıyıcıları az deyil. Lakin bu xəstəlik haqqında nə dərəcədə məlumatlı olduğumuz sual doğurur. Sual doğuran başqa bir məsələ isə ondan ibarətdir ki, bununla bağlı həkimdən yardım alırıqmı? Ümumiyyətlə, bu xəstəliyə ciddi yanaşırıqmı? Xəstəlik haqqında ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseri və Culfa Regional Tibb Mərkəzində həkim-psixiatr vəzifəsində çalışan Xəyalə Elxanla əlaqə saxladıq. Lunatizmin yuxu zamanı insanın şüursuz şəkildə müxtəlif hərəkətlər etməsi ilə xarakterizə olunan bir parasomniya, yəni yuxu pozuntusu olduğunu söyləyən həkim deyir ki, bu zaman beyin bədəni oyadır, lakin yuxunu dayandırmır. İnsan yuxudan durub gəzə, danışa bilər, evdə rutin işləri görə, hətta avtomobil idarə edə bilər.

Somnambulizmin yaranma səbəblərinə stress, emosional və fiziki gərginlik, irsi faktorlar, yuxu rejiminin pozulması, alkoqol və psixoaktiv maddələrdən sui-istifadə, nevroloji və psixi xəstəliklər aid ola bilər.

Xəstəliyə daha çox uşaqlarda və genetik meyli olan insanlarda rast gəlindiyini söyləyən müsahibim deyir ki, bu xəstəliyə, həmçinin sağlam həyat tərzi olmayan insanlarda da bəzən rast gəlinir. Eyni yumurta əkizlərində somnambulizmə iki dəfə çox rast gəlindiyindən bu halın genetik təbiətli olduğu sübut edilib.

Xəyalə xanımın sözlərinə görə, lunatizm zamanı müxtəlif adi və qeyri-adi görünən davranışlar müşahidə edilir. Onlar sadə və ya mürəkkəb ola bilər: sadə davranış zamanı şəxs yeriyib danışa, danışarkən anlaşılmaz və məntiqsiz cümlələr qura, məqsədsiz dolaşa, qapı aça, yaxud şkafdan paltar götürüb geyinə bilir. Mürəkkəb davranışlara isə qab yumaq, yemək bişirmək, maşın sürmək və sair aiddir. Ümumiyyətlə, lunatizm fərqli hərəkətlərə görə müxtəlif formalarda özünü göstərir. Sadə formada şəxs, sadəcə, yataqda oturur öz-özünə hərəkət edir və anlaşılmaz sözlər deyir. Əlavə olaraq deyə bilərəm ki, bu vəziyyət bir neçə dəqiqə davam edə bilər. İkincisi, gəzən lunatizmdir ki, bu halda şəxs yatağından qalxır və otaqda, evdə gəzir, hətta çölə çıxır. Digəri mürəkkəb lunatizmdir. Bu zaman insan paltar geyinir, yemək hazırlayır, əşyaların yerini dəyişir, qapı və pəncərələri açır. Aqressiv lunatizm zamanı isə şəxs aqressiv davranır, qışqırır, hətta özünə və ya başqalarına zərər verməyə çalışır. Digər bir forma “gecə terror” adlanır ki, bu zaman şəxs yuxuda qışqırır, ağlayır və ya qorxu içində görünür. Çox vaxt hərəkətsiz qalır. Yaradıcılıq lunatizmi zamanı şəxs yuxuda olduğu halda rəsm çəkir, nə isə yazır, musiqi alətində ifa edir və ya başqa yaradıcı fəaliyyətlər göstərir. Sonuncu sosial lunatizm adlanır. Bu zaman şəxs başqaları ilə söhbət edir, qarşılıqlı əlaqədə olur, lakin bunu şüursuz şəkildə edir.

Onları oyadarkən ehtiyatlı olmağın vacibliyini bildirən həkim-psixiatr deyir ki, lunatizm halında şəxsi oyadarkən əgər ehtiyatlı oyatmasaq, həmin şəxs qorxu hissi keçirərək spontan və təhlükəli reaksiyalar verə bilər. Ətraf mühitdə pasientə zərər verəcək əşyaları yığışdırıb mebelin küncünə dəymə ehtimalı az olan şəraitdə, asta səslə, incə toxunuşla oyatmaq məsləhətdir. Qətiyyən qışqıraraq, sərt şəkildə oyatmaq olmaz. Yaxşı olardı ki, oyatmadan yavaş-yavaş yatağına yönəldilsin.

Lunatizmdən əziyyət çəkən insanları epizod zamanı ayırd etmək olur: danışığından, davranışından. Belə ki, oyaq olduqları saatlarda digər insanlardan fərqlənmirlər, çünki lunatizmin səbəbi konkret bir xəstəlik deyil, tam sağlam insanlar da lunatik ola bilir.

Həkimin söhbətindən belə nəticəyə gəlmək olur ki, bu halda xəstə özünə, hətta başqalarına xəsarət yetirə bilər. Belə ki, lunatiklərin şüuru aydın olmadığından məqsədyönlü cinayət işləyə bilməzlər, lakin dərk etmədən, yəni maşın sürərkən, evdə gəzərkən, əşyaları əlinə götürərkən təsadüfən ağır nəticələrə yol açacaq hərəkətlər edə bilərlər.

Bəs bu xəstəliyin müalicəsi varmı? sualımıza Xəyalə xanım belə aydınlıq gətirdi: “Xeyr müalicəsi yoxdur və əsasən, uşaqlarda keçicidir. Əgər epizodlar hansısa xəstəliyin fonunda yaranırsa, onda əsas xəstəlik müalicə olunur. Nəticədə, lunatizm epizodları keçib gedir”.

Türkanə ƏSƏDOVA  

Nəşr edilib : 03.01.2025 17:53