Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzi...
18:36 24.06.2025
0
0
0
NAXÇIVAN :
24 Iyun 2025, Çərşənbə axşamı
Teatr insan psixologiyasına xitab etməyin ən asan və təsirli yoludur. “Biri var ki, insan hər hansı bir əsəri özü oxusun, biri də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızdakı rolu böyükdür”. Ulu Öndərin bu fikirləri məhz teatrın insan həyatındakı mühüm yerinin bariz təcəssümüdür. Muxtar respublikamızda bu sənət sahəsi geniş şəkildə yayılmış, bir çox teatrlar insanların asudə vaxtının səmərəli təşkilində mühüm rol oynamışdır. Belə teatrlardan biri də daha yeni olmasına baxmayaraq, səhnələşdirdiyi əsərlərlə geniş tamaşaçı kütləsi qazanan, müəyyən yaş qruplarından olan bir çox insanın üz tutduğu “Altai” teatrıdır. Bu teatr təkcə uşaqların tamaşa izləmək üçün getdiyi məkan deyil, həm də istedadlı uşaq, yeniyetmə və gənclərin bacarıqlarını sərgilədiyi ünvandır. Qeyd edək ki, “Altai” teatrının yaradıcısı, rəhbəri və rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nurbəniz Niftəliyevadır. Nurbəniz xanım, həmçinin 2015-ci ildən etibarən Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru kimi çalışır. Teatr ilk dəfə 2024-cü il may ayının 5-də gənc yazar Rza Zeynalovun “Xəyanət” əsəri ilə tamaşaçıların görüşünə gəlmiş və tamaşa maraqla qarşılanmışdır.
Adı maraqlı bir hekayəyə söykənən “Altai” teatrı hər yaş qrupundan olan, təxminən, 30-a yaxın heyətlə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev kimi peşəkar aktyorların, aktrisaların çalışdığı teatrda onlarla yanaşı, həvəskar kadrlar da birgə fəaliyyət göstərir.
“Təkcə teatr yaratmaq deyil, onu qoruyub saxlamaq, daha da inkişaf etdirmək, aktyorlar cəlb etmək mühüm məsələlərdir”, – deyən Nurbəniz xanım bildirir ki, artıq bir yaşını tamam edən “Altai” teatrı bu gün uğurlu addımlarla irəliləyir. Sevindirici haldır ki, teatr artıq Naxçıvanda təşkil olunan bir çox tədbirlərdə tamaşalarla, kiçik səhnəciklərlə çıxış edərək böyük uğurlar və ən əsası, insanların etibarını qazana bilib.
Səhnəyə ilk və uğurlu addımını “Xəyanət” pyesi ilə atan teatr daha sonra Yeni il ərəfəsində gənc aktrisa Duyğu Bayramovanın yazdığı “Şaxta babanın hədiyyələri” adlı tamaşa ilə çıxış etmişdir.
Teatrda daha çox gənc yazarların pyeslərinin səhnələşdirilməsinə üstünlük verilir ki, bu da onların yetişməsinə, püxtələşməsinə şərait yaradır. İkinci böyük addım 2025-ci ildə Tofiq Seyidovun qələmə aldığı “Yeni il gecəsi qətl” adlı tamaşa ilə atılmışdır. Müasir zamanda ailə-məişət mövzusuna həsr olunmuş tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanmışdır.
Daha sonra teatr “Land of Monsters” (“Canavarlar diyarı”) tamaşası ilə balacaların görüşünə gəlmiş və həmin tamaşada balacalar həm canavarlar diyarına səyahət etmiş, həm də sevdikləri nağıl qəhrəmanlarını bir arada görmək şansı əldə etmişlər. Adına baxmayaraq, rəngarəng, əyləncəli hadisələr, rəqslərlə dolu olan tamaşa balacalar tərəfindən çox sevilib.
Qeyd edək ki, bayram tədbirlərində fəal iştirak edən “Altai” teatrı şəhidlərimizlə bağlı keçirilən tədbirlərdə də tez-tez çıxış edir və fəxri fərmanlarla mükafatlandırılır.
Nurbəniz xanım deyir ki, gələcəkdə də bir-birindən maraqlı tamaşalarla teatrsevərlərlə görüşəcəklər. Ən böyük planları isə “Komedi time” adlı layihəni həyata keçirərək gülüş dolu tamaşalarla çıxış etməkdir.
Teatr haqqında məlumat əldə edərkən güclü istedada, geniş fantaziyaya malik olan Fidan Mənsimli ilə tanış olduq. Balaca Fidan 6-cı sinif şagirdi olsa da, teatrda həm aktrisa kimi çıxış edir, həm də yazdığı “Uzayda Novruz” tamaşası ilə onu tanıyanların rəğbətini qazanıb. Fidanın uğurları bununla bitmir. Müxtəlif bilik yarışmalarında, olimpiadalarda yer tutan Fidan teatra daha əvvəldən maraqlı olduğunu bildirərək deyir ki, həmişə tamaşalara baxanda fikirləşirdim ki, teatrı çox sevirəm, niyə də aktrisa olmayım?! Elə bu düşüncə məni “Altai” teatrının səhnəsinə gətirdi.
“Bu teatr mənə dostluğu, öyrənməyi, yaradıcılığı daha da genişləndirməyi öyrətdi. “Altai” teatrı təkcə bizlər üçün yox, tamaşaçılar üçün də çox gözəldir”, – deyən balaca aktrisamızın timsalında biz də teatra bundan sonrakı fəaliyyətində uğurlar arzu edir və gənclərin özlərini daha da inkişaf etdirməsi yolunda bir məktəb rolu oynayacağına inanırıq.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər