NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvanda qadın sürücülərin üzləşdiyi çətinliklər hansılardır?

...

Son illər Naxçıvanda şəhər və rayon yollarında sükan arxasında əyləşən qadın sürücülərə tez-tez rast gəlinir. Əvvəllər bu mənzərə bir çoxları üçün qeyri-adi görünürdüsə, indi artıq adi hal kimi qarşılanır. Qadınların avtomobil idarə etməsi cəmiyyətin gender bərabərliyinə doğru atdığı mühüm addımlardan biridir.

Bugünkü mövzumuzda da “Naxçıvanda 149 Avto Təlim” olaraq qadınlara sürücülük dərsi öyrədən və bu sahədə kifayət qədər təcrübəyə sahib Yeganə Cəfərova ilə həmsöhbət oluruq. Onunla dərs zamanı görüşüb öyrənirik ki, o artıq 15 ildir ki, həm avtomobil idarə edir, həm də xanımlara sürücülük dərsi keçir.

Yeganə xanımın sözlərinə görə, son illər Azərbaycanda, o cümlədən Naxçıvanda qadınların sürücülük sahəsinə olan marağı xeyli artıb. Onun fikrincə, qadın sürücülərlə işləməyin həm üstün, həm də çətin tərəfləri var. Müsahibimiz qeyd edir ki, qadın sürücülərlə çalışarkən diqqətçəkən əsas məqamlardan biri onların yol hərəkəti qaydalarına kişi sürücülərdən daha çox əməl etməsidir. Sürət həddi, təhlükəsizlik kəmərindən istifadə və siqnallardan düzgün istifadə baxımından onlar daha diqqətli və məsuliyyətli olurlar.

Bununla yanaşı, qadın sürücülərin qarşılaşdığı çətinliklərdən danışan Yeganə Cəfərova bildirir ki, qadınların texniki təcrübəsinin az olması səbəbindən (avtomobil təmiri, texniki xidmət və sair) bu sahədə müəyyən çətinliklərlə üzləşirlər. Həmçinin sükan arxasında olarkən nə vaxt dönəcəyinə və ya ötmə edəcəyinə qərar verməkdə tərəddüd yaşamaları arxadan gələn sürücülər üçün çaşqınlıq və qəza riski yarada bilər. Bu səbəbdən təlimlərdə yol hərəkəti qaydaları mütəmadi şəkildə təkrar olunur, çətinliklərin aradan qaldırılması üçün ardıcıl məşqlər keçirilir.

Avtomobil idarə etməyə marağı olub, lakin qorxan qadınların da az olmadığını deyən Yeganə xanım bu hallarda psixoloji dəstəyin önəmli olduğunu vurğulayır. Onun sözlərinə görə, təlimçi sakit, anlayışlı və motivasiyaedici olmaqla qorxunun aradan qaldırılmasına kömək edə bilər.

“Unutmayın: sürücülük öyrənilə bilən bir bacarıqdır. Hər kəs bir vaxtlar sıfırdan başlayıb. Sizin də bunu bacaracağınıza heç bir şübhə yoxdur!” – deyə o əlavə edir.

Müsahibimiz diqqətə çatdırır ki, qadınların səbəb olduğu yol-nəqliyyat hadisələrinin sayı kişilərlə müqayisədə daha azdır. O, sürücülərə müraciət edərək bildirir ki, sükan arxasında əyləşən xanımlara yolda hörmətlə yanaşmaq, manevr etməklə onları təzyiq altına salmamaq lazımdır. Bu cür davranışlar qəza şəraitinə səbəb ola bilər.

Qadınlar isə qaydalara bələd olmaqla daha rahat və təhlükəsiz sürücü ola bilərlər. Əgər nədənsə, əmin deyilsinizsə, qaydaları təkrar-təkrar oxuyun, qısa videolar izləyin və ya təlimçinizdən soruşmaqdan çəkinməyin.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 24.06.2025 14:47