Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında diplom...
14:52 05.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Demək olar ki, bir çox ailədə uşaq aqressivliyinin şahidi olur və tez-tez bundan şikayətlənən valideynlər görürük. Lakin aqressiyanın təməlinin elə ailədən qoyulduğunun fərqində olmuruq. Bəs bu problemin arxasında dayanan əsas səbəblər nələrdir? Mövzuya başlamazdan əvvəl öncəliklə aqressiya sözünün mənasına diqqət yetirək. Aqressiya latınca “aggresio” sözündən götürülüb, mənası “hücum etmək” deməkdir. Yəni bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsidir aqressiya. Lakin bu məfhum tək canlılara aid edilmir və hər hansı əşyaya qarşı da yönələ bilər. Təbii ki, bu problem özlüyündə baş vermir və bunu yaradan müxtəlif səbəblər var. Həmin səbəblər, onlardan çıxış yolları və digər bu kimi məlumatlar barədə suallarımızı pedaqoq-psixoloq Günay Quliyevaya yönəltdik. Gənc psixoloq bildirir ki, uşağın aqressivliyi valideynlər üçün ən ağır imtahanlardan biridir. Uşaqlar çox vaxt onlara göstərilən aqressivliklərin öhdəsindən gələ bilmir: – Aqressiya məqsədli fəaliyyət olub başqa insan, heyvan və insan qrupuna ziyan verməyə yönəlmişdir. Aqressivlik isə şəxsiyyətin aqressiyaya hazır olduğunu göstərən xüsusiyyətdir. Arqressiya bir çox növlərdə özünü göstərir. Bu növlərdən verbal və fiziki növlərin adını çəkə bilərik. Fiziki aqressiyalar uşağın insanları yumruqlaması və dişləməsi, heyvanlara işgəncə verməsi, əşyaları korlaması, yəni sındırması və sair davranışlarla xarakterizə olunur. Verbal aqressiya zamanı isə uşaq başqalarını söyür, təhqir edir, onlarla dalaşır.
Uşaqlarda aqressiyaların yaranmasında ailə əsas amillərdən biridir. Belə ki, bir və ya hər iki valideynlə pis münasibətlər bu problemi yaradır. Əgər uşaq hiss etsə ki, ailədə ona heç bir işə yaramayan insan kimi baxılır, yaxud uşaq hisslərinə qarşı laqeydlik görür, özünə lazımi dəstək və marağı görmür bu zaman onda artıq aqressiv davranışlar formalaşmağa başlayır. Həmçinin onun üçün zidd tələblər qoyulduqda, valideynlərin özlərinin mənfi emosional vəziyyətləri və onlar tərəfindən özününəzarətin aşağı olması, valideynlərin mənfi emosiyalarını boşaltmaq üçün uşaqlara cəza verməsi, hirslənməsi, onlardan küsməsi, əmr vermək, günahlandırmaq və təhdid etmək uşaqlarda mübarizə və qisas hissini yaradır. Bu barədə valideynlərin üzərinə düşən vəzifələr isə özünün mənfi emosional vəziyyətini idarə etməkdir. Belə ki, valideynin nümunəvi davranışı uşaqda müsbət davranışa səbəb olur və uşaqların aqressiv davranışlarına qarşı pozitiv reaksiyanın verilməsi, uşaqla onun hissləri və yaşadıqları barədə danışmaq, aktiv dinləmək, onun daxili aləmini dərk etmək, uşağın şəxsiyyətini tənqid etmədən onun mənfi davranışlarından danışmaq, uşağın danışıq və rəftarında pozitiv və yaxşı məqsədlər görmək, valideyndə özünə nəzarət bacarığının olması məsələnin əsas həll yolları olmaqla yanaşı, həm də valideynlərin üzərinə düşən vəzifələrdir. Günay xanım qeyd edir ki, uşaqlarda aqressiya erkən yaşlarda başlayır və əsasən 3-4 yaşlara təsadüf edir.
Əslində, bu məsələ kiməsə kiçik görünsə də, gələcəkcə ciddi fəsadlar yarada biləcək böyük problemdir. Aqressiv uşaqlıq keçirən bir şəxs gələcəyin cinayətkarı, hətta amansız qatili ola bilər. Elə günümüzdə cinayət hadisələrini törədən şəxslərin də məhz belə uşaqlıq keçirən insanlar olduğuna dəfələrlə şahidlik etmişik. Ona görə də bu məsələ ciddi nəzarətdə saxlanılmalı və xüsusi diqqət edilməlidir.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər