NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

"Unudulmaz alim,qayğıkeş insan – Zərifə xanım Əliyeva" mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə “Unudulmaz alim, qayğıkeş insan – Zərifə xanım Əliyeva” mövzusunda tədbir keçirilib. 
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin rəis müavini Hikmət Hacıyev tədbiri giriş sözü ilə açaraq  iştirakçıları salamlayıb, Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında danışıb, bütün müsabiqə qaliblərinə uğurlar arzulayaraq  tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki,  tarixboyu Azərbaycan qadınları həyatın bütün sahələrində fəal iştirak edərək mənəvi keyfiyyətlərinin zənginliyi ilə seçilib, dünya siyasətində öz sözü, cəmiyyətin inkişafında öz dəst-xəti olan bir qüvvə olublar.
Naxçıvan Muxtar Respublikasında da qadınlıq vəzifələrinin öhdəsindən layiqincə gələn, həmçinin bütün sahələrdə fəallıq göstərən qadınlarımız üstünlük təşkil edirlər. Onlar içərisində ailə dəyərlərinin qorunması və Azərbaycan elminə mühüm töhfələr verən qadınlarımız da vardır ki, bu qadınlardan XX əsrin sonunda iki akademik yetişib. Onlardan biri qədim yaşayış yerlərindən olan Şahtaxtı kəndində anadan olan akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, sirdaşı, ölkəmizə İlham Əliyev kimi rəhbər bəxş edib, görkəmli oftalmoloq-alim, mənalı və zəngin həyat yolu keçən bir ziyalı xanım olub. Ağxalatlı Azərbaycan qadını gənc həkimlərin yetişdirilməsinə böyük əhəmiyyət verib, alim qadın kimi çox yüksək pillələrə, zirvələrə qalxan oftalmoloqlarımızdan biri idi. Zərifə xanım Əliyeva həkimlik və alimlik kimi gərgin fəaliyyətində harada yaşamasından və işləməsindən asılı olmayaraq, həmişə doğma diyarımız olan Naxçıvanla sıx bağlı olub, regionda bir sıra təhlükəli göz xəstəliklərinin müalicə edilməsində öz səylərini əsirgəməyib, öz torpağının yüzlərlə insanına dünyada əvəzedilməz nemət olan göz işığı bəxş edib. Həmçinin Zərifə xanım çox sədaqətli həyat yoldaşı idi. Ümummilli Liderimiz H.Əliyev vətəninə, xalqına olan tükənməz məhəbbətini bu insanın fəaliyyətində əks etdirdi. Ümummilli Liderimizin xalqı üçün gördüyü bütün işlərdə, bir yaxşı ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyevanın əməyinin, istedadının, qəlbinin də bir zərrəsi var idi. Daha sonra Ramilə Seyidova əlavə edib ki, “Unudulmaz alim, qayğıkeş insan – Zərifə xanım Əliyeva” mövzusundakı esse müsabiqəsinə 230 nəfər esse təqdim edib. Müsabiqəyə təqdim edilmiş işlərin qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Müdafiə Universitetinin nəzdində Naxçıvan Hərbi Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Sonda komitə sədri müsabiqədə iştirak edənlərə öz təşəkkürünü bildirib, müsabiqə qaliblərini təbrik edərək onlara işlərində, gələcək həyatlarında uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin böyük məsləhətçisi Elvira Cəfərli çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan oftalmologiya elminin tanınmış nümayəndəsi, böyük alim və fədakar insan akademik Zərifə xanım Əliyevanın yubileyini ehtiramla qeyd edirik. O qeyd edib ki, Zərifə xanım yalnız peşəkar oftalmoloq deyil, həm də mənəviyyatı, insanlara və elmə olan dərin sevgisi ilə qəlblərdə iz qoymuş əsl ziyalı idi. Bu əlamətdar yubiley münasibətilə Zərifə xanımı böyük ehtiramla yad edir, Azərbaycan səhiyyəsinə verdiyi əvəzsiz töhfələri böyük hörmətlə xatırlayırıq. 
Daha sonra Naxçıvan Muxtar Respublikası Xəstəxanasının cərrah oftalmoloqu Kəmalə Əliyeva, Culfa rayon Dizə kənd tam orta məktəbinin müəllimi Ədalət Əhmədov çıxış edərək gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyətindən bəhs ediblər, həmçinin Ə.Əhmədov Zərifə Əliyeva haqqında öz təəssüratlarını bölüşüb. 
Çıxışların ardından müsabiqədə iştirak edən qaliblər mükafatlandırılıblar. 
Tədbirin davamında Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarxa baxış olub və Naxçıvan Qızlar Liseyinin şagirdlərinin hazırladığı kompozisiya göstərilib.

Nəşr edilib : 28.04.2025 21:13