İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin f...
18:00 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Ümummilli Liderimiz Heydər Əliyevin dünyaya göz açdığı, dirçəlməsi, inkişafı naminə böyük xidmətlər göstərdiyi, Türkiyənin dahi öndəri Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan uzaq və yaxın tariximizdə türk siyasi-iqtisadi, mədəni aləminin qovşağı olaraq sivilizasiyalararası dialoqa mühüm töhfələr verib. Türk dünyası liderlərinin irəli sürdüyü əsas ideyalar bu torpaqda kəsişib, bütünləşib, vahidləşibdir. Düz 15 il bundan öncə – oktyabrın 3-də Şərqin qapısı Naxçıvanda keçirilən, Türk dövlətlərini vahid amal uğrunda bir araya gətirən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı da məhz tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya, bütün sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətini artırmağa hesablanmışdı. Təsadüfi deyil ki, həmin görüş zamanı Türk Dövlətləri Təşkilatı (TDT) birliyinin qurucu razılaşması kimi qəbul edilən Naxçıvan Bəyannaməsi zaman ötdükcə mühümlüyünü, əhəmiyyətini artırır, vaxtında atılan bu mütərəqqi addım əlaqələrin yeni xətlə inkişafına yol açdığı üçün yüksək qiymətləndirilir...
Bəyannamə Türkdilli dövlətlərin birliyinin əyani göstəricisinə çevrildi deyə bilərik. Hamımıza məlumdur ki, muxtar respublika daim ermənilərin göz dikdiyi, sahib çıxmağa çalışdığı torpaq, mühüm strateji ərazi olub. Ötən əsrin 90-cı illərində buna qismən nail olmağa yaxınlaşsalar da, Ümummilli Liderimiz Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti, yurdun qeyrətli oğulları sayəsində düşmənin bu fitnəkar niyyəti, tamahkarlığı gözündə qalıb. Bu xüsusda onu vurğulamaq yerinə düşər ki, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusunu tənzimləməklə onun düşmən hücumundan qorunmasında 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələrinin tarixi əhəmiyyəti böyükdür. “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir” deyərək bu beynəlxalq müqavilələrin əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Naxçıvana qarşı ermənilərin iddialarının artdığı bir vaxtda – 1992-ci ilin 22-24 avqustunda Türkiyəyə səfər edərək qardaş dövlətin prezidenti və baş naziri ilə söhbətlər apardı, Qars müqaviləsini gündəmə gətirdi, protokollar imzalanmasına nail oldu. Məhz 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə Toplantısında qəbul edilən Naxçıvan Bəyannaməsini də həmin protokolların müddəalarının möhkəmləndirilməsi, Qars müqaviləsinin önəminin daha da artırılmasına xidmət etdiyini bu gün əminliklə söyləmək olar. Naxçıvanın statusu ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əlverişli platforma rolunu oynayan bu beynəlxalq və regional əhəmiyyətli görüşün, imzalanan sənədin üstünlüyü həm də ondadır ki, bununla eyni, ortaq dilə, mədəniyyətə malik ölkələrin vahidliyi, birliyi də bir daha rəsmi şəkildə təsdiqləndi.
Naxçıvan Bəyannaməsi ilə dövlət başçıları 2006-cı ildə Türkiyə Respublikasında keçirilmiş Zirvə Toplantısında qəbul edilmiş Antalya Bəyannaməsi də daxil olmaqla, əvvəllər keçirilmiş Zirvə toplantılarında qəbul edilmiş bəyannamələrin müddəalarını təsdiq edərək türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, mövcud həmrəyliyin möhkəmləndirilməsinə töhfə verdilər. Bununla həm də 4 ölkəni vahid məqsəd ətrafında birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı ki, bu təşkilata 10 il sonra, daha dəqiq desək, 2019-cu il sentyabrın 14-də Özbəkistan da qoşuldu. Ölkələrin Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, Helsinki Yekun Aktı başda olmaqla Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının sənədlərinə sadiq olduqlarını ifadə edən bu saziş müasir beynəlxalq münasibətlərdə vacib faktor olan iqtisadiyyat və ticarətin aparıcı rolunu artırdı ki, biz ötən 15 ildə bunun real nəticəsini, faydasını əyani şəkildə görürük. Fəaliyyəti 20-dən çox əməkdaşlıq sahəsini əhatə edən Bəyannamə dövlətlərarası yeni müttəfiqlik müqavilələrinin, bəyannamələrin imzalanmasına, ticarət dövriyyəsinin artımına yol açmaqla həm də regional təhlükəsizliyə xidmət edir. Buna həm ideoloji, iqtisadi, həm də, ümumilikdə, ölkələrdaxili təhlükəsizlik aiddir. Türkdilli ölkələrin rəhbərlərinin 2009-cu ildəki zirvə görüşünün bir fərqli cəhəti də o idi ki, bu toplantıda tərcüməçiyə ehtiyac duyulmadan hər bir ölkənin nümayəndəsi öz dilində danışdı. Bu da təbii olaraq eyni ortaq ərazidə yaşayan yaxın xalqların tarixi ənənələrə sadiqliyinin göstəricisi, həmrəyliyinin bəyanı idi.
Ümumilikdə, onu deyə bilərik ki, qədim türk sivilizasiyasının formalaşmasına, inkişafına mühüm töhfə verən Naxçıvan 15 il öncə öz ənənəsinə sadiq şəkildə tarixi Şərqin qapısı rolunu uğurla icra edərək Türk dünyası dövlətlərinin əməkdaşlıqlarının, münasibətlərinin siyasi, iqtisadi, mədəni müstəvidə möhkəmlənməsinə əhəmiyyətli qapı açdı. Qürur duyuruq ki, Azərbaycanın Böyük Qələbədən sonra regionda yaratdığı yeni reallıqlar, möhkəmlənən, güclənən əlaqələr zəminində bu Bəyannamənin əhəmiyyəti öz sözünü deyir və deyəcəkdir...
Nail ƏSGƏROV
Digər xəbərlər