NAXÇIVAN :

02 May 2026, Şənbə

Türk dünyasının birlik səsi olan möhtəşəm tarix və ya Türkoloji Qurultay və dil məsələləri

...

Azərbaycan Respublikası müstəqilliyinə qovuşduqdan sonra sovet ideologiyasının 70 il ərzində milli dilimizin, ədəbiyyatımızın, tariximizin, mənəviyyat və mədəniyyətimizin tarixində həyata keçirdiyi təxribatlar yavaş-yavaş aşkar edilib aradan qaldırılmaqdadır. Bu baxımdan, Prezidentimiz cənab İlham Əliyevin 1926-cı ildə keçirilmiş I Ümumittifaq Bakı Türkoloji Qurultayının 100-cü ildönümünün qeyd edilməsi haqqında imzaladığı böyük siyasi əhəmiyyətə malik olan Sərəncam diqqəti cəlb edir. Sərəncamda qeyd edildiyi kimi yazı məsələsi Azərbaycanda hələ XIX əsrdən başlayaraq Mirzə Fətəli Axundov başda olmaqla dövrün  tərəqqipərvər  ziyalılarının diqqət mərkəzində dayanmışdır. Həmin dövrdən etibarən Azərbaycan mədəniyyətinin  inkişafını müəyyənləşdirən Avropa yönümlü maarifçilik  hərəkatının  nümayəndələri latın qrafikası əsasında tərtib olunmuş əlifba ideyası uğrunda mübarizə aparmışlar. Məhz buna görə belə mütərəqqi hərəkatın  önündə gedən Azərbaycanın əlifba islahatlarının həyata keçirilməsində də qabaqcıl mövqe tutması təbii hal kimi qarşılanmalıdır. Hələ 1922-ci ildə Azərbaycan hökumətinin  qərarı ilə yaradılmış “Yeni türk əlifba komitəsi”nin səyləri nəticəsində 1923-cü ildən etibarən  latın əsaslı əlifbaya keçmə prosesi sürətlənmiş, bu isə yeni əlifbaya keçidlə bağlı tərəddüd edən türk xalqlarının daha mütəşəkkil fəaliyyətinə təkan vermişdir. Bu baxımdan, I Türkoloji Qurultayın  artıq  dünya türkologiyasının mərkəzinə çevrilən  Bakıda  keçirilməsini qanunauyğun hal hesab etmək lazımdır.

Qurultay öz işinə 26 fevral 1926-cı il tarixdə axşam saat 1900-da İsmailiyyə binasında (indiki AMEA prezidium binası) başladı. 131 nəfər nümayəndənin iştirak etdiyi, 17 iclası keçirilən, 38 məruzənin oxunub müzakirə edildiyi, türk xalqlarının tarixinə, etnogenezinə, etnoqrafiyasına, dil, ədəbiyyat və mədəniyyətinə həsr olunmuş bu beynəlxalq məclisə dünyanın N.Marr, V.V.Bartold, V.Tomsen, V.Banq kimi görkəmli alimləri də dəvət olunmuşdu.

İlk iclası giriş sözü ilə təşkilat komitəsinin sədri, Azərbaycan MİK sədri Səmədağa Ağamalıoğlu açmışdır. Sonra Zaqfederasiya MİK sədri Qəzənfər Musabəyov hökumət adından qurultay iştirakçılarını salamladı. Hər məruzə üçün 30 dəqiqə vaxt ayrılmışdı. 6 mart 1926-cı il tarixədək davam edən qurultayda iyirmiyədək bölmə fəaliyyət göstərmişdir. Bu bölmələrin bir qismi aşağıdakılardır:

1. Tarix.

2. Etnoqrafiya.

3. Ədəbiyyat tarixi.

4. Ölkəşünaslıq.

5. Mədəni inkişaf.

Bu bölmələrdə tanınmış şərqşünas alim V.V.Bartold “Türk xalqlarının tarixinin öyrənilməsinin müasir vəziyyəti və vəzifələr”, S.F.Oldendurq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, Mesaros “Anadolu Türkləri etnoqrafiya araştırmalarının bu günkü durumu” və sair mövzularda maraqlı məruzələrlə çıxış etmişlər.     

Qurultayın mərkəzi məsələsi əlifba islahatı idi. Bununla SSRİ-nin türk xalqlarının yazı sistemini, guya onların gələcək inkişafının qayğısına qalaraq təkidlə islah etmək istəyən sovet rəhbərlərinin başlıca məqsədi isə ittifaqın türk xalqlarını Türkiyə təsirindən kənar etmək, uzaq tutmaq, müsəlman dünyası ilə mənəvi-mədəni əlaqəni qırmaq, Şimali Azərbaycan türkləri ilə Cənubi Azərbaycan türkləri arasında uçurum yaratmaq idi. Sovet rəhbərlərinin bu ziyanlı planlarına baxmayaraq, 1926-cı il fevral ayının 26-da o dövrdə Qafqazın ən böyük şəhəri sayılan neft Bakısında işə başlayan bu Türkoloji Qurultayın türk xalqlarının taleyindəki tarixi rolu sovet rəhbərlərinin siyasi məqsədlərindən daha üstün oldu. Qeyd etmək lazımdır ki, ən mühüm hadisə 1906-cı ilin Nijninovqorod, 1917-ci ilin Moskva qurultayından sonra Rusiyadakı 24 milyonluq türk xalqlarını təmsil edən nümayəndələrin Bakıda toplaşması idi. Bundan əvvəl keçirilmiş iki qurultay rəsmi olaraq Rusiya müsəlmanları qurultayı adı altında keçirilmişdisə, Bakı məclisi ilk beynəlxalq türk qurultayı idi. Qurultayın bu adla keçirilməsi türk millətçiliyinin islam ümmətçiliyi üzərində tarixi qələbəsi, əsrin əvvəllərindən başlanan siyasi və milli özünüdərk proseslərinin məntiqi nəticəsi idi.

Yuxarıda qeyd etdiyimiz kimi, bu qurultayın əsas mövzusu dil, əlifba məsələsi idi. Ona görə də 7 bölmədə sırf dil problemləri müzakirə edilmişdir. Bu bölmələr aşağıdakılardır:

1. Əlifba məsələsi.

2. Orfoqrafiya məsələsi.

3.Termin məsələsi.

4. Tədris-metodika məsələsi.

5. Qohum dillər problemi.

6. Ədəbi dil və ortaq türk dili məsələsi.

7. Dil tarixi problemləri.

8.Türk dilləri bölməsi.

Əlifba bölməsində əsas mübahisə islahatçılarla (ərəb əlifbasının islahatı) latınçılar arasında gedirdi. Burada latın əlifbası haqqında Azərbaycanın müsbət mövqeyini açıqlayan Cəlal Məmmədzadə “Türk xalqlarının əlifba sistemlərinə dair” mövzusunda saat yarım məruzə etdi. Tatar alimi Alimcan Şərəf isə öz məruzəsində islah olunmuş ərəb əlifbasının işlədilməsinin daha çox məqsədəuyğun olacağını müxtəlif arqumentlər gətirərək sübut etməyə cəhd edirdi. Uzun mübahisələrdən sonra səsvermə keçirilmiş, lehinə 101, əleyhinə 16 səs verilmişdir. Beləliklə, latınçılar, Azərbaycan nümayəndələri başda olmaqla böyük səs çoxluğu ilə qalib gəldilər. Əlifba məsələsinin müzakirəsi zamanı 35 məruzə və çıxış olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, sovet rəhbər dairələrinin bu qurultayın keçirilməsində məkrli planları vardı. Belə ki, latın əlifbasını qəbul etməklə o zaman ərəb əlifbasını işlədən Türkiyədən ayrılmağı nəzərdə tutan sovet rəhbərliyinin bir fikri də dəyişmə, uzaqlaşma ənənəsinin əsasını qoymaq idi. Amma Türkiyə Cümhuriyyəti, Mustafa Kamal Atatürk başda olmaqla hadisələrin gedişini diqqətlə izləməkdə idi. Ona görə də Anadolu türkləri öz qan qardaşlarından mədəni ənənələr baxımından uzaq düşməmək üçün az sonra, yəni 1928-ci ilin noyabr ayında latın əlifbasına keçdilər. Halbuki, bu hadisə Azərbaycanda 1929-cu il 1 yanvarından tətbiq olundu. Bundan əlavə, çox təəssüf ki, qurultayda bütün türk xalqları üçün vahid yeni yazı, əlifba sistemi deyil, hər bir türk xalqı üçün ayrıca əlifba sistemi tərtib edilməsi qərara alındı. Qurultaydan sonra yenə Bakıda 3-6 iyun 1927-ci il tarixdə yeni türk əlifbası komitəsinin iclasında yazı məsələləri müzakirə olunmuşdu.

Orfoqrafiya bölməsinin iclaslarında görkəmli dilçi alim, fonetika üzrə mütəxəssis Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və bunların sosial əhəmiyyəti” və Azərbaycan alimi Fərhad Ağazədənin “Türk dillərində düzgün yazı” mövzusunda oxuduğu məruzələr nəzəri baxımdan çox diqqətəlayiq idi. Bu bölmədə maraqlı və faydalı əməli təkliflər də irəli sürüldü: orfoqrafiya lüğətləri yaradılsın; latın əlifbası əsasında  vahid fonetik-elmi transkripsiya hazırlansın.

Terminologiya bölməsində türk dillərindəki terminoloji problemlər müzakirə obyektinə çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, qurultay terminologiya məsələlərinə böyük əhəmiyyət vermişdir. Maraqlı cəhətdir ki, bu bölmədə oxunmuş beş məruzədən ikisi Azərbaycan alimlərinə məxsus idi. Professor Bəkir Çobanzadə “Elmi terminologiyanın sistemi haqqında”, Hənəfi Zeynallı isə “Türk dillərində elmi terminologiyanın problemləri” mövzusunda məruzə etmişlər. Termin məsələsində türk xalqlarının ziyalıları arasında 4 mövqe var idi: avropaçılar, türkçülər, xalqçılar və islamçıların mövqeyi. Qurultayda bütün bu meyillərin tərəfdarları bir-bir çıxış etdilər, bütün mövqelər müzakirə olundu. Çıxışlar əsasında katiblik terminologiya ilə bağlı qərar və tövsiyələr hazırladı. Qurultayın bu qərar və tövsiyələri, bütövlükdə, elmi və obyektivdir və bu gün üçün də böyük əhəmiyyət daşıyır. Bu qərar və tövsiyyələrin əsas prinsipləri aşağıdakılardan ibarətdir:

– termin yaradıcılığı hər üç mənbəyə – ümumtürk, ərəb-fars və rus-Avropa qaynaqlarına üz tutmalıdır;

– termin yaradıcılığında əsas mənbə türk dillərinin öz daxili potensialı olmalıdır və yeri gəldikcə beynəlmiləl fonda və arxaik qaynaqlara da müraciət edilməlidir;

– alınan kök sözlərə üstünlük verilməlidir, onlar fonetik tərcümə prinsipi ilə verilməlidir (ahəng qanunu, cingiltiləşmə və s.);

– alınma sözlərdə ortaqlıq prinsipinə əməl edilməlidir və beynəlmiləl fond əsas götürülməlidir;

– termin yaradıcılığında hərfi tərcümədən – kalka yolundan mümkün qədər qaçılmalıdır;

– mürəkkəb ixtisarlarda  türk dillərinin əsas qanunlarına istinad edilməlidir.

Tədris-metodika bölməsində türk dilinin tədrisi məsələləri müzakirə olunmuş, burada digər məruzəçilərlə yanaşı Azərbaycan alimi Əfəndizadənin türk dillərinin tədris metodları haqqında oxuduğu məruzə maraqla qarşılanmışdır. Tədris-metodika məsələlərində ana dilinin tədrisinin Avropa standartları ilə milli ənənədən qopmadan tədrisinə üstünlük verilməsindən bəhs olundu və milli dərsliklərin hazırlanmasının zəruriliyi vurğulandı.

Qohum dillər bölməsində qohum və qonşu dillərin müasir elmi metodlarla öyrənilməsindən bəhs edildi və bu sahənin altayşünaslıq, müqayisəli dilçilik sahəsindəki perspektivləri göstərildi. Bu bölmədə məşhur altayşünas Nikola Poppenin “Türk dillərinin  tunqus-monqol və fin-uqor dilləri ilə qohumluq münasibətlərinə dair” və Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı,  professor Bəkir Çobanzadənin “Türk dillərinin yaxın qohumluğu” mövzusunda məruzələri  elm adamlarının böyük marağına səbəb oldu. Eyni zamanda bu bölmədə  çıxış edən erməni dilçisi R.Acaryanın “Türk və erməni dillərinin qarşılıqlı əlaqəsi” mövzusundakı məruzəsi türk dilinin erməni dilinə tarix boyunca bütün səviyyələr üzrə təsirinin şərhi üzərində qurulmuşdu.

Ədəbi dil bölməsində türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri üzərində dayanan türkoloqların ortaq ədəbi dil və onun təbii-elmi prinsipləri haqqında mühüm fikirləri səsləndi, Türkiyədən gəlmiş görkəmli elm adamı, dünya şərqşünaslığında özünəməxsus yer tutan Fuad Köprülüzadə “Türk xalqlarında ədəbi dilin inkişafı” mövzusunda məruzə etdi. O xüsusi vurğuladı ki, konkret ədəbi türk dilləri nə tarixi baxımdan, nə də müasir normativ qrammatika baxımından nəzəri və təcrübi aspektdə lazımi səviyyədə işlənməyibdir. Bundan sonra türk ədəbi dili, onun norma problemləri, tarixi inkişafı məsələləri geniş şəkildə müzakirə edildi. Müzakirələrdə Özbəkistandan gəlmiş Xalid Səid Xocayev, Türkmən Bekki Berdıyev, Peterburqdan gəlmiş Aleksandr Samoyloviç, tatar Nemət Həkim, qazax Nəzir Teryakulov, Azərbaycandan “Kommunist” qəzetinin baş redaktoru Həbib Cəbiyev və başqalarının maraqlı çıxışları oldu. Burada, eyni zamanda ümumtürk ədəbi dili haqqında qızğın mübahisələr getdi. Ümumi qənaət bundan ibarət oldu ki, ümumtürk ədəbi dili məfhumu əlçatmaz bir iş deyil, ancaq onu bürokratik yolla, əmrlə həll etmək olmaz, ona təbii yolla çatmaq olar və bu iş çox vaxt aparan mürəkkəb bir prosesdir. Qurultayda böyük özbək türk şairi Əlişir Nəvainin 500 illik yubileyini keçirmək üçün 10 nəfərlik komissiya yaradılmış və 4 mart 1926-cı il tarixində bu möhtəşəm məclisin iştirakçıları tam tərkibdə həmin təntənəli yubiley gecəsində iştirak etmişlər.

Təşkilat komitəsinin sədri Səmədağa Ağamalıoğlu 6 mart 1926-cı il tarixdə səhər saat 1000-da qurultayın son iclasında son dövrlərdə şərqdə iki böyük inqilabın baş verdiyini, bunlardan birinin Ankarada xilafətə son verilməsi, ikincisinin isə Bakıda latın əlifbasına keçilməsi olduğunu qeyd edib: “Yaşasın Səmərqənddəki II qurultay!” deyərək tarixi qurultayın öz işini başa çatdırdığını elan etdi (II qurultayın Səmərqənd şəhərində keçirilməsinə qərar verilmişdi, ancaq sovet rəhbərliyi artıq istədiyinə nail olduğundan Bakı Türkoloji Qurultayı bu sahədə ilk və son qurultay oldu).

Qurultayda rusca oxunmuş məruzə və çıxışlar az sonra rus dilində Bakıda stenoqrafik hesabat adı ilə irihəcmli kitab şəklində nəşr edildi.

Yuxarıda qeyd etdiyimiz kimi, qurultayda keçmiş SSRİ-nin müttəfiq və muxtar qurumları təmsil olunmuşdu. Qurultayda muxtar respublikamızı təmsil etmək üçün o zaman Naxçıvan MSSR xalq maarif komissarı işləmiş H.Musazadə Bakı şəhərinə ezam edilmişdi. H. Musazadə Naxçıvana qayıtdıqdan sonra qurultay təəssüratlarını “Şərq qapısı” qəzetinin 9 saylı 18 mart 1926-cı il tarixli nömrəsində çap etdirmişdi. O yazırdı: “İstər Azərbaycan, istərsə də şimal türkləri bu mühüm və əlzəm qurultayın çağırılmasını tam iki sənədir ki, gözləyirdilər. Bu tarixi vaqiə Azərbaycan Cümhuriyyətinin təşəbbüsü ilə olduğundan Bakıda çağırıldı. Buraya gəlmiş özbək, təsəkli (şapka) tatar, milli qiyafəli qazax, buryat, qırğız, yakut, qaraçaylı, çeçen, çuvaş və başqa türk millətinə mənsub qövmləri gördükdə otuz milyon Şuralar ittifaqında və on iki milyon Anadoluda yaşayan türklərin dil və ədəbiyyat yaratması daha əzəmətli görünürdü. Bunlardan başqa nümayəndələr arasında şura akademik və professorları ilə Avropanın məşhur müstəşriq və türkoloqları da iştirak edirdi. Məruzələr rus, tatar dilində olduğu kimi Azərbaycan, Anadolu, başqırt, Krım, özbək və türk ləhcələrində də oxunurdu. Böyük türk mədəniyyəti sarayının zalı (sabiq İsmailiyyə) qurultayın ibtidasından intəhasına qədər olduqca izdihamlı idi. Burada Azərbaycan ədəbiyyatının 50 sənəliyi münasibətilə açıq ədəbiyyat sərgisi, Azərbaycan maarifinin 5 sənədə əldə etdiyi müvəffəqiyyət şəbəkəsi, türk-tatar qövmlərinin ədəbiyyatı nümunələri sərgisi diqqəti cəlb ediyordu. Yeni türk (latın) əlifbasının başqa türk-tatar və əsgi əlifbalardan üstün olmasını elmi surətdə sübut etməkdən ötürü xüsusi əlifba sərgisi qurulmuşdur. Burada əsgi yunan, uyğur, orxon, kufi, ərəb, Mirzə Fətəli Axundov, Əfəndiyev, Məhəmməd ağa Şahtaxtinski və başqalarının əlifbalarını görərdiniz. Bir tərəfdən yeni əlifba ilə çap edilmiş ədəbiyyat, digər tərəfdən isə şəhəri və qurultay binasını təzyin edən müxtəlif şüarlar qurultayın ən əhəmiyyətli məsələsi olan (yeni əlifba) nümayəndə və qonaqların artıq diqqətini cəlb etdiyi, yeni əlifbanın əski ərəb və islah olunmuş əlifbalardan əlverişli və texniki cəhətdən üstün olduğunu göstərdiyi üçün bu məsələ səsə qoyulduqda 131 nümayəndədən yüz biri lehinə səs verdi. Azərbaycan, Yakutıstan, Qırğızıstan, İnquşıstan, Qaraçay, Çərkəz, Çeçen, Qabardin, Bolqar, Osetiya, Başqırdıstan, Türkmənistan və Özbəkistan Cümhuriyyət və əyalətlərində yeni əlifbanın tətbiq edilməsini və qayət böyük və müsbət nəticə verdiyini həqiqət olaraq qurultay qeyd etdi”.

Qurultayın tarixi əhəmiyyəti yalnız qeyd olunan dövlətlər və millətlər üçün deyil, bütün dünya siyasəti, ümumşərq taleyi baxımından çox ciddi əhəmiyyət kəsb etdiyi üçün tezliklə onun əks-sədası bütün dünyaya yayıldı. İllər keçdikcə bu əks-səda da böyüyüb artmağa başladı. XX əsrin 60-70-ci illərində SSRİ-də keçirilən böyük türkoloji simpozium və konfranslarda I Bakı Türkoloji Qurultayı, onun qərarları, orada söylənən elmi mülahizələr və sınanmış elmi mühakimələr dönə-dönə təkrarlandı. 1986-cı ildə Qazaxıstanın ozamankı paytaxtı Alma-Ata şəhərində bu qurultayın 60 illiyi münasibətilə mənim də dəvət olunduğum Ümumittifaq Türkoloji konfrans keçirildi. Hətta 1966-cı il sentyabrın 23-27-də mənim də iştirak etdiyim Ankarada keçirilən III Uluslararası Türk Dili Qurultayının xüsusi bir iclası I Bakı Türkoloji Qurultayına həsr olundu. Bu qurultayda qərara alındı ki, I Bakı Türkoloji Qurultayının bütün materialları çap olunsun. Bundan sonra yenə Ankarada I Türkoloji Qurultayın 75-ci ildönümü münasibətilə böyük bir simpozium keçirildi. Müstəqillik illərində Azərbaycanda dövlət səviyyəsində Türk dünyası ilə bağlı məsələlərə həmişə diqqət və qayğı göstərilmişdir. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Bakı Türkoloji Qurultayının 80 illik, 2016-cı ildə isə 90 illik yubiley tədbirləri yüksək səviyyədə qeyd edilmişdir.

37-ci il repressiyaları, latın əlifbasının zorla rus qrafikası ilə əvəz olunması xalqımızın mübarizə əzmini qıra bilmədi. XX əsrin 90-cı illərində latın əlifbasına qayıtmaq ideyası yenidən gündəmə gəldi və tarixi həqiqətlər öz yerini tapdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 2001-ci il 1 avqust tarixdə bütün ölkə miqyasında latın qrafikasına keçildi. Latın əlifbası zamanın tələbi idi.

Əbülfəz QULİYEV

                                                              AMEA-nın müxbir üzvü

Nəşr edilib : 26.02.2026 10:00