NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına start verilib

...

Bu gündən Naxçıvan Muxtar Respublikasında  dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov imtahan mərkəzlərində imtahan prosesinin təşkili ilə yaxından  tanış olub, təhsilverənlərə uğurlar arzulayıb.
Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə  alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və Ədəbiyyatı, İnformatika fənləri üzrə tədris aparan təhsilverənlər cəlb olunacaq.
Test imtahanı Naxçıvan şəhər  4, 11 nömrəli tam orta məktəblərdə və Naxçıvan Dövlət Peşə Təhsil  Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub.  
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli Qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.

 ️

Nəşr edilib : 02.05.2026 13:50