NAXÇIVAN :

02 May 2026, Şənbə

COP29-dan WUF13-ə: qlobal təşəbbüslər, faydalı dialoqlar məkanı Azərbaycan

...

Azərbaycanın beynəlxalq miqyasda artan siyasi nüfuzu və zəngin təcrübəsi özünü respublikamızda təşkil olunan mötəbər tədbirlərin timsalında da açıq-aydın göstərir. Ölkəmizin elmi, mədəni, ictimai-siyasi həyatına mühüm nailiyyətlər kimi yazılan bu tədbirlər həm də Cənubi Qafqaz liderinin dünya düzəninin nizama salınmasında vacib əhəmiyyət kəsb edən qlobal təşəbbüslər, faydalı dialoqlar məkanına çevrilməsinə gətirib çıxarır. Bunun ən bariz nümunələri sırasında 2024-cü ilin noyabrında Bakıda 196 ölkədən 72 min iştirakçının, 80 ölkə liderlərinin təmsilçiliyi ilə keçirilən və mühüm qərarların qəbul olunduğu COP29-u göstərmək olar. Azərbaycanın xarici və daxili siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin, diplomatiyasının xüsusi imic qazanmasının daha bir göstəricisi onun 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi statusunu qazanmasıdır. WUF13 Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi zəngin təcrübənin geniş ictimaiyyətə tanıdılması, eləcə də qədimliklə müasirliyin vəhdətindən doğan unikal mədəniyyətin, memarlığın təbliği baxımından mühüm hadisə kimi yadda qalacaq. Forum, eyni zamanda respublikamızın ümumdünya urbanizasiya proseslərində iştirak imkanlarının gücləndiyini və bu sahədə etibarlı tərəfdaş kimi böyük etimad qazandığını göstərir.  Prezident İlham Əliyevin dediyi kimi: “2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə, qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir”.

Xatırlatmaq yerinə düşər ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən 2001-ci ildə təsis olunan Ümumdünya Şəhərsalma Forumu bu gün dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu qlobal platforması hesab edilir. Forumun əsas məqsədi sürətli urbanizasiyaya məruz qalan dünyada şəhərlərin sosial, iqtisadi və ekoloji baxımdan davamlı inkişafını müzakirə etmək, dövlətlər arasında təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. İndiyədək bu forum Nayrobi, Barselona, Rio-de-Janeyro, Kuala-Lumpur və Əbu-Dabi kimi şəhərlərdə keçirilib. Tədbir urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək, fikir mübadilələri aparmaq üçün əlverişli şərait yaradır. Bütün bu amilləri nəzərə alanda, demək olar ki, WUF13 müxtəlif istiqamətlərdə bir çox alt tədbirlər vasitəsilə yeni çağırışlara vəsilə olacaq, tərəfdaşlıqlar üçün münbit zəmin hazırlayacaq. Tədbir çərçivəsində ayrı-ayrı ölkələrdən dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektor nümayəndələri bir araya gələrək geniş fikir mübadiləsi əsasında yeni bilik və təcrübə əldə edəcəklər. Forum, təbii ki, şəhərsalma sahəsində innovativ ideyaları ortaya çıxarmaqla yanaşı, respublikamızda dinamik inkişaf mərhələsini yaşayan müxtəlif  iqtisadi sahələrə xarici sərmayədarların cəlbi, turizm sektorunun inkişafı üçün geniş perspektivlər açacaq.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı da keçiriləcək. Festival çərçivəsində keçiriləcək tədbirlər şəhərsalma sahəsində innovativ yanaşmaların müzakirəsi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və müxtəlif regionlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu təşəbbüs Azərbaycanın şəhərlərinin beynəlxalq səviyyədə tanıdılmasına, turizm potensialının artırılmasına geniş imkanlar açacaq.

WUF13-ün Azərbaycanda təşkilinin əsasında güclü strategiya və qazanılmış dərin təcrübə dayanır. Təşəbbüs göstərən tərəfi düşündürən ən vacib məqam, müxtəlif ölkələrdən təşrif buyuracaq qonaq sayının nəzərə alınması ilə, ilk növbədə, təbii ki, belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkili məsələsidir. Bu xüsusda onu qeyd etmək olar ki, Azərbaycan indiyə kimi Dünya İqtisadi Forumu, “IV İslam Həmrəyliyi Oyunları 2017”, “Avroviziya Mahnı Müsabiqəsi”, “Bakı-2015” birinci Avropa Oyunları”, “Beynəlxalq Astronavtika Konqresi”, “Formula 1”, III MDB Oyunları və COP29 kimi onlarla beynəlxalq səviyyəli tədbirlərin timsalında layiqli nümunə ortaya qoymağı bacarıb. Bundan başqa, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Tədbirlər Planının təsdiq olunması da bu sahədə fəaliyyətin konsepsiya əsasında qurulmasına və beləliklə də, WUF13-ün yüksək səviyyədə təşkilinə imkan verəcək mühüm faktordur. Bu qərar təkcə rəmzi xarakter daşımır, eyni zamanda ölkədə şəhərsalma siyasətinin sistemli şəkildə inkişafına, memarlıq irsinin qorunmasına, müasir urbanizasiya çağırışlarına uyğun yeni yanaşmaların tətbiqinə geniş imkanlar yaradır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın şəhərlərinin daha dayanıqlı, funksional və estetik baxımdan müasir standartlara uyğun inkişafını sürətləndirəcək, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün əlverişli platforma formalaşdıracaq. Bu həm də ölkəmizin şəhər planlaşdırılması sahəsində qazandığı təcrübənin sistemləşdirilməsi və qlobal urbanizasiya proseslərinə daha fəal inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

 WUF13 çərçivəsində beynəlxalq ictimaiyyətdə böyük maraq oyadacaq ən vacib nüanslardan biri isə, sözsüz ki, ölkəmizdə şəhərsalma sahəsində qazanılan təcrübə və şəhər quruculuğu prosesində tarixlə müasirliyin düzgün vəhdətinin yaradılmasıdır. Bunu illərdir, Azərbaycana səfər edən həm rəsmi şəxslər, həm də turistlər Bakı, Naxçıvan, Gəncə kimi şəhərlərimizin timsalında ən xoş sözlərlə dilə gətirirlər. Bu baxımdan, 30 il işğalçılıq siyasətinə, vandalizmə məruz qalan Qarabağ torpaqlarının müasir, ekoloji cəhətdən ən təmiz, sağlam, texnoloji baxımdan ən inkişaf etmiş üsullar, “yaşıl enerji”, “sıfır tullantı”, “ağıllı şəhər”, “ağıllı kənd” kimi ən yeni konsepsiyalar əsasında bərpası da tanınmış layihə institutları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının rəhbəri tərəfindən rəğbətlə qarşılanır. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə olan Zəngilan rayonunun Ağalı kəndi bu gün dünyanın ən müasir kəndləri sırasında bir nümunədir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi əsasında işğaldan azad olunan rayonlarımızda reallaşdırılan bərpa prosesində təqdirəlayiq hallardan biri də, qeyd etdiyimiz kimi, müasirləşdirilmə ilə yanaşı qədimliyin də qorunub yaşadılmasıdır. Belə ki, bütün şəhərlərin Baş planları əraziyə xas tarixi-memarlıq irsinin və çoxəsrlik mədəni dəyərlərin qorunub saxlanılması nəzərə alınmaqla tərtib edilir.  Bütün bunların timsalında WUF13 göstərir ki, Azərbaycan təkcə enerji ixracatçısı kimi deyil, həm də dayanıqlı inkişaf, “ağıllı şəhər” modeli və müasir şəhərsalma yanaşmalarını həyata keçirən ölkə olaraq da tanınır, rəğbət qazanır.

Onu da diqqətə çəkmək olar ki, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı əsasında artıq ölkəmizdə bənzər 3 forum keçirilib. Başqa sözlə, digər sahələr kimi, şəhərsalma sahəsində tədbirin təşkilatçılığı baxımından da kifayət qədər təcrübə artıq qazanılıb. Belə ki, 2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda və 2025-ci ildə Xankəndidə Azərbaycan Milli Şəhərsalma Forumu təşkil olunub ki, həmin tədbirlər şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından uğurlu platforma rolunu oynayıb. Dünyanın bir çox ölkələrinin tanınmış layihə rəhbərlərini, qonaqları öz ətrafına toplayan həmin tədbirlərin məhz işğaldan yenicə azad olunan ərazilərdə təşkili həm də uzun illər şəhərləri dağıdılan, viran edilən, ərazisində qanunsuz məskunlaşma siyasəti aparılan Azərbaycanın növbəti dəfə əyani şəkildə beynəlxalq ictimaiyyətə ünvanlanan ədalətə çağırış mesajı idi. Xankəndi forumu isə həm ev sahibliyi, həm də proseslərin gedişatı baxımından WUF13-ə gedən yolda mühüm mərhələ kimi tarixidir, əlamətdardır. Prezident İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətində də bu məqama xüsusi toxunaraq aparılan müzakirələrin mühüm nəticələr verəcəyinə əminlik ifadə edib: “Bugünkü forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Əminəm ki, burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcəkdir”.
Azərbaycanın qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə deməyə əsas verir ki, paytaxt şəhərimiz bu il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) uğurla ev sahibliyi edəcək. COP29 sübut etdi ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yaratdığı reallıqlar fonunda etibarlı tərəfdaş və məsuliyyətli ev sahibi kimi, məsələlərin həllində nəticəyönümlü fəaliyyət ortaya qoymağı bacarır. Bu baxımdan, WUF13-ü COP29-un məntiqi davamı kimi, beynəlxalq ictimaiyyətin respublikamıza artan etimadı və etibarı olaraq dəyərləndirə bilərik. Həm COP29, həm də WUF13 göstərir ki, ölkəmiz bu gün nəinki regional, o cümlədən də qlobal məsələlərin  həllində faydalı dialoq məkanına çevrilib və bu proses davamlılığını qoruyub saxlayır.

Əminliklə deyə bilərik ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə qədim şəhərsalma mədəniyyətinə malik ölkəmiz müasir dövrün tələblərinə uyğun ən yeni tikinti, bərpa layihələrinin ortaya çıxarılmasına vəsilə olmaqla bir çox əraziləri dağıdılan dünyaya əsl qurmaq, yaratmaq amalı aşılayacaq, şəhər quruculuğunda sülhə və əməkdaşlığa xidmət nümunəsi  formalaşdıracaq. 

Nail ƏSGƏROV

Nəşr edilib : 02.05.2026 13:00