NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

“Sudan səmərəli istifadənin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 25 aprel 2025-ci il tarixdən etibarən sudan səmərəli istifadənin təbliği məqsədilə genişmiqyaslı aksiyaya start verilib.
Bu məqsədlə aprelin 29-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında “Sudan səmərəli istifadənin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölməsinin əməkdaşları və torpaq mülkiyyətçiləri iştirak edib.
 Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ənvər Abbasov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb. 
Daha sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölmənin mühəndisləri Səmra Mehralıyevanın və Əli Talıblın çıxışları dinlənilib.
Qeyd edilib ki, muxtar respublikada su ehtiyatlarının tükənmə ehtimalının qarşısının alınması məqsədilə sudan səmərəli istifadə etməklə torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi hər zaman aktual məsələdir. Bu istiqamətdə aparılan bir sıra tədbirlər nəticəsində  şoranlaşma və bataqlaşmanın qarşısı alınır və yaşıllıqların sahəsi daha da artırılır. 
Həmçinin suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətlərinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsiylə bağlı zəruri olan tədbirlərin görülməsi, suvarılan torpaqların genişləndirilməsi, əkilən sahələrdə su itkisinə yol verilməməsi və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə nail oluna bilər.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 29.04.2025 19:25