Türkiyə müdafiə sənayesinin ixrac həcmi bir il ərz...
12:50 24.10.2026
0
0
0
NAXÇIVAN :
24 Oktyabr 2026, Şənbə
Aylardır, şəraitsiz, soyuq, qaranlıq və üfunət qoxusu verən kamerada saxlanılan məhbus kiçik nəfəsliyin önünə yaxınlaşıb təcridxananın həyətinə boylandı. Hər dəfə həyətə baxanda qalın şüşəli eynəyindən süzülən Günəş şüaları zəifləmiş gözlərini qamaşdırırdı. İlk anlarda nə baş verdiyini tam anlamadı. Gözlərini qıyaraq ətrafı diqqətlə süzdü. Bundan sonra vəziyyətin nə yerdə olduğunu aydınlaşdıra bildi. Əslində, görmə qabiliyyəti çoxdan zəifləmiş, nurunu itirmiş gözləri bu mənzərələrə artıq alışmışdı. O, yaxşı bilirdi ki, təcridxananın həyətindən yüksələn səs-küy, dəhlizin o başından eşidilən hayqırtılar təsadüfi deyil. Bu səslərin arxasında nə olduğunu illər ərzində dəfələrlə görmüşdü. Bütün bu dəhşətləri görə-görə alışmış, yaşadıqlarına dözə-dözə öyrəşmişdi...
Hər dəfə kameranın iri, ağır qapısı yavaş-yavaş açılanda gözlərini məchul bir nöqtəyə dikirdi. Onun üçün qapını kimin açdığının, bu dəfə kimin işgəncə üçün gəldiyinin fərqi yox idi. Uzun-uzadı davam edən sorğulara da, bədəninin müxtəlif nahiyələrinə dəyən zərbələrə də, hətta aylardır, eşitdiyi böhtanlara və təhqirlərə də çoxdan öyrəşmişdi. Onunla eyni taleyi bölüşən yoldaşları ona “Çeşməkli məhbus” deyirdi. Hətta bu soyuq dörd divarın arasında sanki o da öz adını unutmuşdu. “Çeşməkli məhbus” kəlməsini hər dəfə eşidəndə bulanıq yaddaşı onu illər əvvələ – doğmaları ilə xoşbəxt olduğu çağlara aparırdı. Rəngarəng xatirələrin arasında atalı-analı günlərini yada salır, övladları ilə birgə keçirdiyi xoş günləri xatırlayırdı. Bir zamanlar duruşundan, yerişindən alicənablıq süzülən şəxsiyyəti hər kəs Cavid əfəndi deyə çağırırdı. Çap olunan əsərlərində, məqalələrində ədəbiyyatsevərlərin Hüseyn Cavid kimi tanıdığı, Gülçin təxəllüsü ilə sevdiyi, sevgi, məhəbbət şairi bir neçə ayın içində “Çeşməkli məhbus” kimi tanınmağa başladı.
Təmiz sevgini, saf məhəbbəti Tanrı dərgahından qoparıb Yer üzünə gətirərək onu sözə, sənətə çevirib böyük bir məktəb yaratmışdı Hüseyn Cavid. O, hər şeyin qayəsini ilahi eşqdə görürdü, insanı saflaşdıran, mənəvi cəhətdən ucaldan sevgini yaradılışın mayası, qayəsi adlandırırdı. “Mənim Tanrım gözəllikdir, sevgidir” yazanda da yalnız bu amala xidmət edirdi. Şeirlərində bunu təbliğ edir, müharibəsiz, sülh və əmin-amanlığın hakim olduğu bir dünya arzulayırdı. O dünya ki içində zərrə qədər ayrılıq və ölüm yox idi. O dünya ki orada hər şeydən əvvəl saf sevgi, təmiz məhəbbət, munis duyğular və ülvi arzular vardı. O dünyanın hər qatı Tanrının qəlbimizə bəxş etdiyi sevgi ilə yoğrulmuşdu.
Həyat təzadlarla doludur deyirlər. Nə qədər çalışırsan çalış, qələmini, ürəyini, ağlını hansı duyğulara kökləyirsən köklə, bəzən tale yolunu ən hazırlıqsız anında kəsir. Sorğulamadan, maraqlanmadan, fürsət vermədən... 59 illik ömrünün böyük bir hissəsini insanın daxili azadlığına, sevgi dolu gözəl dünyanın mövcudluğuna həsr edən Cavid əfəndinin həyatı, çox əfsuslar olsun ki, nakam sonluqla bitdi...
Bir yay gecəsi döyüldü Cavidlərin qapısı... Qapını açanda gördüyü bu yad simanı tanıya bilmədi. Ancaq qarşısındakı insanın əynindəki formadan, üzündəki ifadədən, deyəsən, nə baş verdiyini yavaş-yavaş anlamağa başladı. Bildi ki, aylardır, dostlarının qapısını döyən lənət bu gün onların mənzilinin yolunu tapmışdı...
1939-cu ilin yayı... Müttəhim kürsüsündə əyləşən Cavid əfəndi gözlərini qarşısında əyləşib qəzəblə danışan NKVD cəlladına dikmişdi. Sözlərin mənasını başa düşsə də, onunla nə əlaqəsi olduğunu tam anlaya bilmirdi. Cəllad bir-birinin ardınca qurduğu dolaşıq cümlələrdə “xalq düşməni”, “pantürkist”, “əks-inqilabçı” və digər sözlərdən istifadə edir, Hüseyn Cavidi bu əməlləri törətməkdə ittiham edirdi. Ömrünün ahıllıq çağında o, yalnız heç bir günahın sahibi olmadığını, xalqı üçün heç bir zərərli işə qol qoymadığını, bir sözlə, “xalq düşməni” olmadığını dilə gətirir, ona qarşı qaldırılan əsassız ittihamlara son verməyi tələb edirdi. Ancaq onun sinəsindən qopan zəif və kübar səs cəlladların qətiyyətli hökmləri arasında itib-batır, istintaq otağının divarları arasında əks-səda verirdi. Qısa məhkəmənin ardından hökm oxundu. Hüseyn Abdulla oğlu Rasizadə 8 il müddətinə İrkutsk vilayəti, Tayşet rayonuna sürgün edildi...
Hüseyn Cavidin “vətən və millət xaini” elan edilməsindən sonra ailəsinin də güzəranı pozuldu. Oğlu Ərtoğrol Cavid “vətən xaininin oğlu” kimi cəbhəyə deyil, Gürcüstanda fəhlə batalyonunda işləməyə göndərildi. Gənc yaşında, soyuq və şəraitsiz mühitdə xidmət edən Ərtoğrolun zəifləmiş, gücsüz düşmüş vücudu bu əziyyətə tab gətirə bilmədi. O, 1943-cü il noyabrın 14-də, 24 yaşında vərəm xəstəliyindən dünyasını dəyişdi.
Maddi çətinliklər və ehtiyac səbəbindən Cavidin həyat yoldaşı Mişkinaz xanım bir ailənin, iki övladının yükünü çiyinlərində daşımağa məcbur oldu. Bütün qapılar üzünə bağlandıqdan sonra o, gözlərinin nurunu əridərək dərzilik etdi, səhərləri övladlarının qayğısına qaldı, gecələri tikiş maşınının başına keçib çörək pulunu qazandı. Bu çətin günlərdə onların qapısını döyən, bu ailəyə həmdəm olan bir bəni-insan belə tapılmadı.
Şairin qızı Turan xanım xatirələrində yazır: “1941-ci il dekabrın 5-də atam rəhmətə gedib. Biz ondan 41-ci ilin may ayının 27-də sonuncu məktubu aldıq. Bir aydan sonra müharibə başladı. Bütün yazışmalar, bütün əlaqələr kəsildi. Olduğu həbs düşərgəsinə, lazım olan yerlərə müraciət etdik. Cavab ala bilmədik. 1956-cı ildə atama bəraət veriləndə anam mənə 1948-ci ildə aldığı ölüm şəhadətnaməsini göstərdi. Anam bu şəhadətnaməni 8 il məndən gizli saxlamışdı ki, bəlkə söhbət yalan oldu, mənim ümidim vaxtsız-vədəsiz qırılmasın...”
Ümummilli Liderin təşəbbüsü və göstərişi ilə 1982-ci ildə Cavidin nəşi Sibirdən doğulduğu Naxçıvana gətirildi; bununla da Turan xanımın da qəlbi şəfa tapdı. Cavid əfəndinin ardınca həyat yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrol da atasının yanında dəfn olundu. Və nəhayət, 2003-cü ildə Turan xanım da canından çox sevdiyi ata-anasına, qardaşına qovuşdu.
Hüseyn Cavidin son günlərini keçirdiyi islah-əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi. Tədqiqatlarda qeyd olunur ki, bu ermənilər hər gün onu təhqir edir, alçaldır, ən dözülməz tapşırıqları verirdilər. Hüseyn Cavidi qışın günü qarın içində saxlayan erməni zabitlər bəzən gecə belə onu çağırıb, qarın içində ayaqyalın gəzməsini istəyir, onu onlarla belə işgəncə ilə məhv etməyə çalışırdılar. Məhz bu cür təzyiqlərə görə Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də Sibirdə dünyasını dəyişdi. Ailəsinə yazdığı sonuncu məktublarının birində deyirdi:“Əzizim Mişkinaz! Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi, hər ay teleqrafla 50 ya 60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burada hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi”.
...Və o azadlıq növbəsi heç bir zaman Cavid əfəndiyə çata bilmədi...
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər