Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80...
14:50 24.10.2026
0
0
0
NAXÇIVAN :
24 Oktyabr 2026, Şənbə
(monoloq)
Kim var orada?.. Yox, heç kim yox imiş. Sadəcə, külək məni oyatdı. Çoxdan yatmışam, lap çoxdan... Neçə ildir? Bilmirəm. Ölülərin təqvimi olmur, bala. Amma bu gecənin havasında bir tanışlıq var. Hiss edirəm ki, bu gün adi gün deyil. Oktyabrın iyirmi dördüdür. Mənim doğum günümdür. Min səkkiz yüz səksən ikinci il, Naxçıvan… İlk nəfəsimi bu torpağın havasını udaraq almışam. Heç ağlıma gəlməzdi ki, ömrümün sonunda yenə bu torpaq məni qucağına alacaq. Amma aldı. İndi buradayam. Bəlkə də, taleyin mənə göstərdiyi yeganə mərhəmət budur. Mən yoxsul bir ailədə böyüdüm. Bu dünyada mənə qapılar asanlıqla açılmadı. Naxçıvanda ilk dərslərimi aldım, sonra Təbrizə, oradan da İstanbula getdim. Darülfünunda oxuyanda anladım ki, bir millətin ən böyük sərvəti nə puldur, nə də bahalı daş-qaşlar. Ən böyük sərvət oxuyan, düşünən, sual verən insandır, insan.
Bilirsiniz, bizim xalqın böyük bir dərdi vardı: bir tərəfdən, cəhalət, o biri tərəfdə qorxu. Cəhalət insanı qaranlıqda saxlayır, qorxu isə o qaranlıqdan çıxmağa qoymur. Qələm adamı dilənçi də edə bilər, şah da. Mən isə insan kimi yaşamağı seçdim... Nə qədər azaldım, nə qədər tapdandım, amma insan qalmağa çalışdım. “Maral”ı yazdım, “Ana”nı, “Şeyda”nı... Sonra “Şeyx Sənan” gəldi... Bu əsərlərin hər biri həyatımın bir parçası idi. Bir şeyx, bir xristian qızı... Dinlər ayrı, mühit ayrı, dünya ayrı, fərqli, hər şey ayrı, amma ürək eyni. O vaxt mənə dedilər: “Cavid, bu nə cəsarətdir? Bu nə sözdür?” Mən isə dedim ki, cəsarət deyil bu, həqiqətdir, həqiqət! Əgər sevgi insanı yüksəldirsə, onu hansı sərhəd saxlaya bilər?
“İblis”i yazanda elə bildilər ki, mən şeytanı müdafiə edirəm. Xeyr! Mən onu anlamağa çalışırdım. İnsan anladığı şeydən qorxmaz. Sonra “Peyğəmbər” gəldi, “Uçurum”, “Topal Teymur”, “Afət”, “Səyavuş”, “Knyaz”, “Xəyyam”... Hər biri bir sual idi. Güc nədir? Haqq nədir? Hakimiyyət insanı dəyişir, yoxsa, insan hakimiyyəti? Ən əsası isə budur: tarix öz ağır yükünü insanın çiyinlərinə qoyanda o, vicdanını necə qoruya bilər?
Bu suallar bu gün də yaşayır. Çünki zaman dəyişir, insan dəyişir, amma bəzi suallar var ki, əsrlər keçsə də, cavabını tapmır. Onlar insanın qarşısında dayanıb öz sükutunu qoruyur. Bir ad var ki, onu çəkəndə səsim yenə titrəyir. Elə deyilmi, Mişkinaz? Mənim ömür-gün yoldaşım, dualarımın ən doğma ünvanı… Sən olmasaydın, bəlkə də, mən o yolları gedə bilməzdim. Mən yazan insan idim, sən isə yazdıqlarımın arxasındakı ağrını dinləyən. Həyat bəzən insanın əlindən hər şeyi alır, amma yanında bir nəfər qalırsa, deməli, hələ hər şey bitməyib.
1937-ci il... Bu tarixi deməyə dilim hələ də ağır gəlir. Həmin il Azərbaycan özünün ən işıqlı beyinlərini, dostlarım məni, mən isə onları itirdim. Yazıçıları, alimləri, müəllimləri, rəssamları, şairləri, mühəndisləri. Bir-bir götürüb apardılar. Adlarını çəkib “xalq düşməni” dedilər. Bəs mən kimə düşmən idim? Kitaba? Dilə? Sevgiyə? İnsanın özünə inanmasına? Məni də apardılar. Sibirə… O ağ, donmuş, səssiz torpağa. İnsan üçün bundan ağır cəza nə ola bilərdi? Doğma torpaqdan ana, dilindən, ailəndən, kitablarından ayrı düşmək… Amma bir şeyi unutdular: fikri Sibirə sürgün etmək olmur. Amma bilirsinizmi, məni ən çox qorxudan ölüm deyildi. Məni qorxudan, insanlığın öz taleyi idi. Əsərlərimin yandırılması, adımın yaddaşlardan silinməsi, haqqımda susulması... Çünki bir xalqın ən böyük faciəsi onun yazıçısının ölməsi deyil, yazıçısını unutmasıdır.
Sonra nə oldu? Sonra illər keçdi. Zaman ən böyük ədalət hakimdir bala. Hökmlər dəyişdi, təhqirlər silindi, məni müdafiə edən səslər yüksəldi. Və bir gün... Bir gün məni geri gətirdilər. Doğma Naxçıvana. Bilirsinizmi, mən həmin gün gördüm ki, xalq insanları unutmaq istəmir. Bəzən qorxudan susur, bəzən dövrün sərtliyindən, bəzən də laqeydlikdən... Amma yaddaş ölmür. Yaddaş torpaq kimidir. Üstünü nə qədər örtsən də, dərinlikdə kök atmış həqiqət bir gün yenidən cücərir. İndi isə mən sizə, bu günün insanlarına müraciət etmək istəyirəm. Bəlkə, sözlərim ağır olacaq. Amma bəzən həqiqəti söyləmək üçün insanın nə vəzifəyə, nə də uzun ömrə ehtiyacı var. Bəlkə də, ölülərin yaşayanlara söz deməyə haqqı elə bundadır.
Dilinizi qoruyun! Dil yalnız söz toplusu deyil. Dil xalqın yaddaşı, düşüncəsi, ruhudur.
Dilinizi sevin, öyrənin, inkişaf etdirin. Sadə danışın, amma sadəliyi bayağılıqla qarışdırmayın. Sözün qədrini bilin. Çünki söz insanın həm ən böyük sərvəti, həm də ən ağır məsuliyyətdir.
Ziyalı olmağın məsuliyyətini anlayın! Ziyalı həqiqəti axtaran, doğru bildiyini deməyə cəsarət edən, cəmiyyətin ağrılarına biganə qalmayan insandır. Susmaq bəzən müdriklikdir, bəzən də qorxaqlıq. Bu ikisinin fərqini ayırd etməyi bacarın. Sevməkdən utanmayın! Bu gün elə bilirlər ki, sevgi zəiflikdir. Mən isə deyirəm: sevgi gücdür. Sevmək üçün cəsarət lazımdır. Nifrət etmək asandır, bala, bunu hər kəs bacarır. Sevmək isə insanın öz içindəki qaranlığa qalib gəlmək imtahanıdır.
Mən “Şeyx Sənan”ı da elə buna görə yazdım. İnsanlar arasında sədlər qırıla bilər, amma ürəkləri bir-birindən ayırmaq həmişə mümkün deyil.
Bu gün mənim doğum günümdür. Sağ olun ki, hələ də xatırlanıram. Adım hələ də çəkilir, şeirlərim hələ də oxunur. Bilirsiniz, ölmək elə də ağır deyil. Ağır olan unudulmaqdır. Mən unudulmadım. Bu, məni sevindirir. Amma sizdən bir xahişim var: məni yalnız məzarıma gül qoyaraq xatırlamayın. Məni oxuyaraq xatırlayın əsərlərimdəki suallara cavab axtarın. Düşünün, sorğulayın yaşadın. Mən gözləyirəm. Gözləyirəm ki, sözüm bir gün daha bir ürəyə yol tapsın, daha bir insanı düşündürsün, daha bir gənci kitaba yaxınlaşdırsın. Sağ olun, bala. Sağ ol, mənim torpağım. Sağ ol, mənim xalqım!
Rafiq TƏHMƏZ
Digər xəbərlər