NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Səslərin arxasındakı qəhrəman

...

Musiqi insanın duyğularını daha dolğun ifadə etməyə imkan verən sənət növlərindən biridir. Bu sənətin təməlini təşkil edən musiqi alətlərinin isə düzgün işləməsi üçün ustalara ehtiyac duyur. Musiqi alətləri düzəldən və ya təmir edən  ustalar səslərin arxasında gizlənən sənətkarlardır. Ustalar, adətən, musiqiyə olan sevgisi ilə başlayırlar bu sənətə. Bir usta bu sahəyə marağını məhz musiqiyə olan sevgisi ilə kəşf edir. Bu sənət mütəxəssislik tələb edən incə bir sahədir. Biz də bu sahədə daha çox məlumat toplamaq üçün yollandıq illərdir ki, ömrünü bu sənətə bağlamış İxtiyar müəllimin yanına.

Qədim musiqi alətlərinin peşəkar təmirçisi və yaradıcısı olan İxtiyar müəllim gənc yaşlarından bu işlə məşğuldur. Demək olar ki, musiqi alətlərinin istehsalı və onların bənzərsiz səsini yaratmaq onun həyatının bir hissəsinə çevrilib. Sanki İxtiyar müəllimlə söhbət edərkən insan bir anlığa musiqi aləminin sirli qapılarından keçərək başqa bir dünyaya gedir...

Uşaqlıqdan musiqiyə ola marağı onu alət istehsalı sahəsinə yönəldib. Atası müəllim işləyən vaxtlarda müxtəlif jurnal və qəzetlər alardı.  Orada musiqi ilə bağlı yazılarda verilmiş alətlərin şəklini kəsər, divara salıb onun ölçüsün götürüb, sonra başlayardı yavaş-yavaş onu düzəltməyə. Uşaq vaxtlarında o, söyüd ağaclarından tütək düzəldərdi. Dekabrın soyuğunda quru qoz ağacından saz düzəldib, sonra soyuqdan donan əllərini təndirin istisində isidərdi... Sazdan sonra simli musiqi alətlərinə maraqgöstərən İxtiyar müəllim zaman keçdikcə tütək, təmbur və sair kimi alətlərin peşəkar sənətkarına çevrildi... Hər bir musiqi aləti həmin ustanın əlinin zəhmətinin və musiqi ruhunun daşıyıcısıdır, deyərlər...

Onun sözlərinə görə, 1990-cı ildə Kükü kəndində musiqi dərnəyi qurub gənclərə saz ifa etməyi öyrədərkən özü də çox şeylər öyrənib. Dərnəkdə cəmi bir saz var imiş, onu da İxtiyar müəllimin özü qoz ağacından düzəldibmiş. Deyir ki, kənddəki aşıq mədəniyyət evində saz çalırdı, mən də həmişə gizlincə qulaq asırdım, çünki məktəblilərin ora getməsinə icazə yox idi. Bir gün aşıq onu görüb əliylə yanına çağırıb, sazını İxtiyara verib. Həmin gün ilk dəfə əlinə  saz alan İxtiyar müəllim, bədəninin tir-tir əsdiyi günləri indiki kimi xatırladığını, deyir...  “Düşünürdüm, görəsən bu aləti kim yaradıb, necə belə əsrarəngiz səslər gəlir bu alətdən? Bunu axtara-axtara getdim çıxdım qədim musiqi alətlərinə”. Onu bu cür sənətkar edən isə məhz öz marağı olur...

 20 növdən çox musiqi aləti düzəltdiyini və filarmoniyada həmin alətlərdən qədim musiqi alətləri ansamblı yaratdığını söyləyən İxtiyar müəllim artıq 20 ildir ki, musiqi kollecində dərs deyir...

Müsahibimiz bu çətin və bir o qədər də maraqlı yolda dövlət tərəfindən verilən mükafatlarla emalatxana açdığın bildirib, dövlətin dəstəyinin əhəmiyyətindən böyük fəxrlə danışaraq, otaqdakı saysız hesabsız diplom və mükafatları əli ilə bizə göstərir... Aşıqlarla, şairlərlə olan fotolara baxarkən xatirələrindən danışır. İxtiyar müəllimin arzusu  bu sənəti və bu alətləri gələcək nəsillərə ötürməkdir.

Emalatxanada olan musiqi alətlərini bizə göstərir, xatirələrini danışır. Danışdıqca, gah kədərlənir, gah da gülümsünür... Bizim üçün bir neçə alətdə ifalar edən İxtiyar müəllim qəlbimizdə unudulmaz izlər buraxır... İxtiyar müəllim indiyə kimi saysız alətlər hazırlasa da, saz onun üçün tamam fərqlidir. Çünki alətlərdən ilk onunla tanış olub və ilk dəfə onu hazırlayıb. Onun yalnız özünəməxsus və dünyanın heç bir yerində olmayan alətləri də var.

 Bunlardan Buta səntur, Bəm rübab, Ovuc ney, Naxçıvan təmburu və sair qeyd etmək olar.

İxtiyar müəllim deyir ki, heç kitablarda şəkli belə olmayan alətlər var. Zaman keçdikcə hazırlayıb təqdim edəcək...  Onun üçün musiqi alətləri yalnız metal və ya ağacdan ibarət deyil, onlar hisslərin, duyğuların qovuşduğu bir dünyadır... bu dünyada insan ovqatına, ruhuna tamam fərqli hisslər bəxş edir.

İxtiyar müəllim yalnız musiqi alətləri ustası deyil, həm də musiqinin ruhunu anlamaq və onu ifadə etmək bacarığına sahib bir sənətkardır. Onun məqsədi gələcək nəsillərə ilham vermək və musiqi alətləri dünyasını zənginləşdirməkdir...

Musiqi alətləri düzəltmək, yalnız bir peşə deyil, həm də bir sənətdir.

          Günel MƏMMƏDOVA

Nəşr edilib : 14.10.2024 16:20