Qazaxıstan İƏT-də sədrliyi qəbul edəcək
21:28 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
Vətən müharibəsində şanlı Ordumuzun igidliyi ilə düşmənin döyüş meydanında diz çöküb kapitulyasiya aktına qol çəkdiyi günün dördüncü ildönümündə "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin iştirakı ilə "Əshabi-Kəhf Ziyarətgahı" Dini- Mədəni Abidə Kompleksinə gedən yolun kənarında Şəhidlər bağı salınıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. " Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxış edərək bildirib ki, bağda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid naxçıvanlı Vətən oğullarının adına meyvə tingləri əkiləcək. Gələcəkdə
Şəhidlər bağının meyvələri Vətənin keşikçiləri olan əsgərlərə göndəriləcək.
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış edərək bildirdi ki, Vətən müharibəsi xalqımızın igid oğullarının igidliyi sayəsində qələbə ilə bitdi. Vətəni üçün döyüşən hər kəs bu xalqın qəhrəmanıdır. Onların xatirəsi daim uca tutulur. Dövlətimiz hər bir şəhid ailəsinə qayğı ilə yanaşır. Şəhidlərə ümumxalq sevgisi böyükdür.
"Şərur Şəhid Ailələri" İctimai Birliyinin sədri, şəhid Zülal Mədətlinin atası Rəhim Mədətov diqqətə çatdırdı ki, Vətən oğullarının xatirəsini yaşatmaq hər bir vətəndaşın borcudur. Azərbaycan xalqı torpaq uğrunda canından keçən igid oğulları heç vaxt unutmur. Bu Vətən var olduqca onlar da var olacaq.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində güclənən ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq illərdir işğalda qalan torpaqlarımızı cəmi 44 gündə işğaldan azad etdi. 10 noyabr xalqımızın tarixində xüsusi günlərdən birinə çevrildi. Məhz bu gün Ordumuz 44 günlük zəfər yürüşünü qələbə ilə tamamladı. Düşmən diz çökdü və təslim aktına qol çəkdi. Azərbaycan əsgərinin döyüş meydanındakı igidliyi siyasi masada qələbə ilə tamamlandı. Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan azad edildi. Naxçıvanın igid oğulları Vətən savaşında qəhrəmanlıq göstərib öz müqəddəs yollarını Şuşada tamamlayıb " Dəmir yumruğ"un bir parçası olublar.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd etdi ki, Şərur rayonu Birinci və İkinci Qarabağ müharibəsində, ümumilikdə 103 şəhid verib. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident cənab İlham Əliyevin diqqəti nəticəsində şəhid ailələri və qazilər dövlətin qayğısı ilə əhatə edilir. Onların xatirəsi daim uca tutulur. Şərur rayonunda da igid Vətən oğullarının ailələri dövlət qayğısını hiss edir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, qədim Kəngərlilərin davamçıları olan igid oğullar Birinci və İkinci Qarabağ müharibəsində igidlik göstərib Vətənin qəhrəmanları adını aldılar. Vətən savaşında bir ovuc torpaq üçün canından keçib Vətəni bütövləşdirib 1990 - cı illərdə şəhid olan oğulların ruhunu şad etdilər.
Şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü öz çıxışında aksiyanın təşkilatçılarına təşəkkür etdi. Bildirdi ki, Naxçıvan qaziləri hər zaman öz şəhid qardaşlarının xatirəsini uca tutur. Daim onları anır. Bu günkü ağacəkmə də bu tədbirlərin davamıdır.
"Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Cehun Bayramov qeyd edib ki, muxtar respublikanın bütün rayonlarında şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyaları keçirilib. Bu gün burada Naxçıvanın 1990 - cı illərdən bu günə kimi şəhidlik zirvəsinə ucalan oğullarının hər birinin adına bir meyvə tingi əkilir. Bütün rayonlardan olan qəhrəmanların xatirəsi əbədiləşdirilir. Gələcəkdə bağın girişində şəhidlərin xatirəsinə bulaq -abidə kompleksi yaradılacaq.
Qeyd edək ki, aksiya çərçivəsində 500 - ə yaxın ərik və gilas tingi əkilib.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər